Azərbaycan bu təşkilatdan çıxmalı və Ermənistana... - Qarabağ TƏKLİFİ

Azərbaycan bu təşkilatdan çıxmalı və Ermənistana... - Qarabağ TƏKLİFİ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə "Ermənistanın regional təhdidi" mövzusunda beynəlxalq forum keçirildi.

Forumda xarici ölkə səfirləri, millət vəkilləri, KİV və QHT rəhbərləri, tanınmış ziyalılar, habelə beynəlxalq ekspertlər iştirak edirlər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzər fəlsəfə doktoru Rufiz Qonaqov Ermənistanın bu gün də davam etrməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə yaratdığını bildirib. O, bu cür forumların Gəncədə və digər şəhərlərdə də keçiriləcəyini bildirib.

Daha sonra məruzələr dinlənilib.

İlk məruzə ilə çıxış edən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov diqqəti beş əsas məqama yönəldib: "Birincisi, ilk dəfədir ki, Ermənistan tarixində ilk rəhbər şəxsdir ki, Dağlıq Qarabağ probleminin yaratdığı problemlər fonunda hakimiyyətə gəlib. Qarabağ münaqişəsinin Ermənistan üçün yaratdığı bütün bu problemlər imkan yaratdı ki, Nikol Paşinyan hakimiyyətə gəlsin. İkincisi, ilk dəfə Ermənistanda hakimiyyətə gəlmiş insan Dağlıq Qarabağ klanına qarşı mübarizə apararaq hakimiyyətə gəlib. Üçüncüsü, ilk dəfə hakimiyyətə gəlmiş insan Ermənistanda Dağlıq Qarabağla bağlı məsuliyyətdən qaçır, onu boynuna götürmək istəmir. Danışıqların formatının dəyişdilməsi istiqamətində atdığı addımlar bunun sübutudur. Buna görə də bizə qarşı hibrid müharibəyə - informasiya müharibəsinə ciddi önəm verməyə başlayıblar. Bu istiqamətdə fəaliyyəti daha çox beynəlxalq aləmdə aparırlar. Dördüncüsü, ilk dəfə Paşinyan çalşır ki, münaqişədən öz rəqiblərinə qarşı istifadə etsin. Beşinci məqam ondan ibarətdir ki, ilk dəfə Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar fonunda hakimiyyətə gəldiyini göstərir. Ancaq bu xüsusiyyətlərin heç biri onların işinə yaramır. Onlar məğlubiyyəti bütün istiqamətlərdə görərək başqa müharibəyə əl atırlar. Bu, hibdir müharibədir - informasiya müharibəsidir".

Mill Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın müstəqil dövlət olmadığı hər kəsə bəllidir: "Hələ 2004-cü ildə Rusiyanın Ermənistanın forpostu olduğu bəyan edilib. Ermənistan rəhbərliyi özü də qəbul edir ki, o, müstəqil dövlət deyil, forpostdur. Ermənistan özü nədir ki, regionda təhdid yaratsın. Onlar siyasi mövcudluqlarını qorumaq, simalarını itirməmək üçün Azərbaycanla danışıqlarda iştirak edirlər. Ona görə bir daha qeyd edirəm, Ermənistan region üçün heç bir təhdid yaratmır. Buna görə də Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır. Azərbaycan Qoşulmama Hərəkatından çxımalıdır.Özünə müttəfiqlər tapmalı və mövcud müttəfiqləri ilə əlaqələri gücləndirməlidir. Ermənistana danışıqlarla bağlı konkret vaxt verilməlidir. Əgər belə bir vaxt verilməsə, danışıqlar sonsuzadək uzanacaq".

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistanda siyasi böhranın növbəti mərhələsi başlayıb. O qeyd edib ki, artıq eyforiya mərhələsi başa çatıb və erməni xalqı real nəticələr gözləyir.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, hələ 1992-ci il ATƏT-in Helsinki Nazirlər Şurasının iclasında qəbul olunan bəyanata əsasən, Dağlıq Qarabağın hər iki icması münaqişədə yalnız maraqlı tərəfdir: "Münaqişənin birbaşa tərəfləri isə Ermənistan və Azərbaycandır. 1995-ci ildən 3 həmsədr ölkəyə mandat verilib. Danışıqların hazırkı mərhələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, artıq bir neçə görüş baş tutub. Yüksək səviyyəli ilk formal görüş martın 29-da Vyanada Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilib. Nazirlər səviyyəsində qəbul edilmiş birgə bəyanatlarda nəticəyə yönəlik danışıqların əldə olunması, substantiv danışıqların aparılmasına dair çağırışlar açıq şəkildə öz əksini tapıb. Xüsusilə Moskva görüşünün bəyanatında humanitar istiqamətdə addımların atılması öz əksini tapıb. Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi prinsipialdır: Azərbaycanın beynəlxlaq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb. Azərbaycanın bu haqlı mövqeyi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə öz əksini tapıb".

"Teleqraf Holdinq"in rəhbəri, Əməkdar jurnalist, politoloq Aynur Camalqızı bildirib ki, Qarabağ münaqişəsnin həlli hər bir azərbaycanlının arzusudur: "Çox təəssüf ki, bu istiqamətdə həmsədrlərin səfərləri turistik səfər xarakteri daşımağa başlayıb. İnsanlar uzun illərdir ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Biz böyük dövlətlər tərəfindən bu prosesə ədalətli yanaşılmasını istəyirik. Ancaq təəssüf ki, haqq-ədalət təsəvvürü dəyişilib. Təbii ki, hər birimizi münaqişənin həlli yolları çox maraqlandırır. Forumun adından da göründüyü kimi Ermənistan artıq təhdid rolunu oynayır. Düşünürəm ki, biz bu təhdidin qarşısını yalnız təhdidlə ala bilərik. Artıq bunun nümunələri var: üç il əvvəlki Lələtəpə döyüşü, Naxçıvanda aparılan uğurlu hərbi əməliyyat".

A.Camalqızı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin bircə əmri kifayətdir ki, xalqımız səfərbər olsun və torpaqlarımızı işğaldan azad etsin: "Ancaq bizim düşmənimiz təkcə Ermənistan deyil. Mayın 27-də keçirilən rəsmi qəbulda Prezident İlham Əliyevin də bildirdiyi kimi, daxildəki bəzi qüvvələrin ermənipərəst qüvvələrə necə dəstək olmasının şahidi oluruq. UEFA Avropa Liqasının final oyunu ərəfəsində Azərbaycan informasiya müharibəsində öz sözünü dedi. Bizə qarşı atılan addımlar, atılan bütün daşlar nəticəsiz qaldı. Eyni zamanda, bizə də çox gözəl dərs oldu ki, istənilən hücumlara hazır olmalıyıq. Biz bilməliyik ki, Azərbaycana qarşı bu cür hücumlar gələcəkdə də olacaq. Biz də bu dəfə olduğu kimi, o qədər güclü olmalıyıq ki, hər zaman informasiya müharibəsində qalib gələk".

Forum müzakirələrlə davam etdirilib.

Daha sonra forumun bəyanatı səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31