Pekində Azərbaycan səfirliyinin təməli qoyulub
Pekində Azərbaycan səfirliyinin təməli qoyulub
30 May 2019 10:53 SiyasətAzərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi üçün paytaxt Pekində ayrılmış torpaq sahəsində inşa olunacaq binanın təməlqoyma mərasimi keçirilib. "Olaylar"ın məlumatına görə, Pekinin ən yaxşı və işgüzar hissələrindən birində, ABŞ, Fransa, İsrail, Yaponiya və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi "Lianmaçiao" diplomatik zonasında inşa ediləcək bina Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biri olacaq. Binanın layihəsini hazırlayan memarlar əvvəlcədən Bakıya səfər edərək, Azərbaycanın tarixi və müasir memarlıq nümunələri ilə tanış olublar. Layihə tərtib edilərkən binanın dizayn və interyerində Azərbaycan memarlıq elementləri əksini tapıb. Müasir tələblərə cavab verəcək binada səfirlik əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılacaq.
Təməlqoyma mərasimində çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov iki xalq arasında böyük tarixi olan dostluq münasibətlərinin müasir dövrdə dövlət başçılarının siyasi iradəsi ilə bütün sahələrdə inkişaf etdiyini deyib. Möhkəm özül üzərində qurulan münasibətlərimizin inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri və bu çərçivədə əldə edilmiş razılaşmalar böyük rol oynayıb. Bu xüsusda Azərbaycan Prezidentinin ötən ay Pekində keçirilmiş 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakı xüsusi qeyd olunmalıdır. Səfər zamanı iki ölkənin dövlət başçıları arasında dostluq və səmimiyyət şəraitində keçirilmiş görüşdə əldə edilmiş razılaşmalar "Bir kəmər, bir yol" çərçivəsində ölkələrimiz arasında gələcək əməkdaşlığımız üçün yeni hədəfləri müəyyən edib.
Münasibətlərimizin inkişaf dinamikasının Azərbaycanın Pekindəki səfirliyinin yeni binasının tikilməsi zərurətini yaratdığını bildirən R.Həsənov, bu binanın öz müasir memarlığı, milli çalarları və əzəməti ilə ölkəmizin Çin ilə münasibətlərinə verdiyi önəmi və əlaqalərimizin hazırkı yüksək səviyyəsini göstərəcəyini deyib. Yeni bina daha böyük nailiyyətlər əldə edilməsi üçün Azərbaycan səfirliyinin iş şəraitini və təmsilçilik imkanlarını artıracaq, eləcə də Azərbaycan-Çin dostluğunun rəmzlərindən birinə çevriləcək.