Fuad Axundov: “Qondarma soyqırımı təbliğatı böyük bir yalandır”
Fuad Axundov: “Qondarma soyqırımı təbliğatı böyük bir yalandır”
29 May 2019 15:43 Siyasət"Mənim babam, atam, anam, nənəm hamısı Azərbaycanda doğulub, mən də bu ölkədə anadan olmuşam və bu ölkədə tolerantlığın necə olduğunu bilirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında" adlı konfransda deputat, Azərbaycan-Rus İcmasının rəhbəri Mixail Zabelin bildirib. Zabelin deyib ki, Azərbaycanda ukraynalılar və digər xalqlar da çox rahat şəkildə yaşayır. O, eyni zamanda, azərbaycanlıların ermənilər və Ermənistan tərəfindən soyqırımına məruz qaldığını xatırladıb: "Burada soyqırımından söhbət gedərkən Türkiyənin də adını çəkdilər. Bura Azərbaycandır, Azərbaycandan, azərbaycanlıların soyqırımına məruz qalmasından söhbət gedir. Mən başa düşmədim ki, Türkiyəni niyə bu məsələyə daxil edirlər?! Bunun heç yeri deyildi". Deputat sonra Donbasa görə Avropa İttifaqının Rusiyaya sanksiya etməsi fonunda Avropa İttifaqının Ermənistana sanksiya tətbiq etməməsinin səbəbi ilə maraqlanıb.
Polşanın Demokratiya və İnsan Hüquqları üzrə Avropa Şurasının prezidenti Yanuş Nedzvetskiy bildirib ki, Avropada çoxları Ermənistanın işğal etdiyi ərazilərdə tarixi abidələri dağıtdığını bilmir: "Münaqişənin həllinə daha kiçik addımlarla başlamaq olar. Məsələn, mədəni irsin qorunması, qəbul edilən qətnamələrin dəstəklənməsi bu sırada ola bilər. Azərbaycan mədəni irsin dağıdılması məsələsini qaldıra bilər. Etnik təmizləmə, əmlakın məhvinə görə kompensasiyanın tələb edilməsi də gündəmdə olmalıdır. Xırda məsələlər həllini tapsa, böyük addım atmaq olar".
Prezident Administrasiyasının (PA) Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov qeyd edib ki, Türkiyədə minlərlə erməni yaşayır, amma Ermənistanda bir nəfər türk yaşamır: "Hansı ölkədə soyqırımı törədilib? Qondarma soyqırımı təbliğatı böyük bir yalandır". F. Axundov Ermənistanın monoetnik ölkə olduğunu bir daha vurğulayıb: "Ermənistanda 2000 mindən çox toponim adı dəyişdirilib. Məsələn, Stepanakert Xankəndi, Yerevan İrəvan olub".