Sosial sahədə bundan sonra da tam qətiyyətli addımlar atılacaq- Təhlil
Sosial sahədə bundan sonra da tam qətiyyətli addımlar atılacaq
29 May 2019 13:14 Siyasətİlham Əliyev: "Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir"
Artıq bir neçə ildir ki, Azərbaycan dövlətinin, dövlət başçısının sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edən addımlar atması, islahatlar həyata keçirməsi ölkəmizi təkcə regionda deyil, ümumilikdə dünyada sistemli sosial açılımlar edən, bu sahədə kordinal dəyişikliklər həyata keçirən dövlət kimi tanıdıb. Əvvəlki illərdə də sosial sahədə davamlı addımlar atıldığı hər birimizə bəllidir. Ancaq son bir neçə ildə müşahidə etdiyimiz mənzərə tamamilə fərqlidir. Tam əminliklə deyə bilərik ki, son bir neçə ildə dövlət başçısının qeyd etdiyimiz sahədə həyata keçirdiyi tədbirlər, islahatlara dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil. Bir növ Azərbaycan bir çox sahələrdə dünya dövlətlərinə örnək olduğu kimi, sosial sahədə kordinal addımlar atması ilə eyni göstəricini sübuta yetirib. Əksər ölkələrin ölkəmizdə həyata keçirilən sosial islahatlar, bu sahədə atılan addımları diqqətlə nəzərdən keçirməsi, Azərbaycanın təcrübəsini öyrənməsi də məhz yuxarıda qeyd etdiyimiz müsbət tendensiya ilə bağlıdır. Əslində Azərbaycan dövlətinin sosial sahədə açılımlar etməsi, islahatlar həyata keçirib, tədbirlər görməsi o qədər də yeni bir şey deyil. Və bu kimi tədbirlər 2003-cü ildən etibarən sistemli xarakter daşımağa başlayıb. Belə ki, hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə Cənab İlham Əliyev bəyan etmişdi ki, prezidentliyi dövründə sosial sahəyə diqqət əsas prioritet olacaq bə bu sahədə məqsədyönlü tədbirlər həyata keçiriləcək. Cənab İlham Əliyevin 2004-cü ildə ilk dəfə Regionların sosal-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq etməsi bu sahədə atılan ilkin addımlardan idi. Sözügedən Dövlət Proqramında əyalətlərdə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu ki, həmin tədbirlərin də icrası məhz yerlərdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edirdi. Beləliklə, elə Dövlət Proqramının birinci mərhələsində prezidentin vəd etdiyi 600 min iş yerinin açılması deyilənləri təsdiq edirdi. Sonrakı illərdə əhalinin minimum əməkhaqqı və pensiyalarının məbləğinin bir neçə dəfə artırılması da sosial sahədə həyata keçirilən islahatların məntiqi davamı idi. Məhz qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi idi ki, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən Azırbaycan iqtisadiyyatı o qədər də çətinlik çəkmədi. Eyni zamanda əhali sosial sahədə ciddi çətinliklərlə üzləşmədi. Bir çox inkişaf etmiş ölkələrin tanınmış şirkətləri fəaliyyətlərini dayandırıb minlərlə insanı işsiz qoysalar, başladıqları layihələri dayandırsalar da, lakin Azərbaycan istisna təşkil etdi. Böhran həmçinin inkişaf etmiş Avropa ölkələrini həyata keçirməyi nəzərdə tutduğu sosial layihələri ertələsə, bəzilərində isə tamamilə dayandırsa da, lakin Azərbaycan sosial sahədə nəzərdə tutduğu heç bir addımı, tədbiri axsatmadı, ertələmədi. Əksinə böhran dövründə belə yeni-yeni sosial layihələr gündəmə gəldi, reallaşdırıldı. Həmin ərəfədə Avropa maaş və pensiyaların məbləğini aşağı salmağı düşündüyü və bu istiqamətdə addım atdığı halda, Azərbaycanda bunun əksi baş verdi. Minimum əməkhaqqı və müavinətlərdə, pensiyalarda artım qeydə alındı. Bütün bunlar bir tərəfdən ölkədə həyata keçirilən uğurlu sosial, iqtisadi siyasətin göstəricisi idisə, digər tərəfdən dövlətin. Şəxsən dövlət başçısının sosial sahəyə nə dərəcədə diqqətli yanaşdığının əyani sübutu idi. Qeyd etdiyimiz kimi əhalinin sosial problemlərinin həlli, bu sahədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatların, tədbirlərin həyata keçirilməsi dövlətin, dövlət başçısının əsas prioritetidir. Günümüzdə də biz bunu əyani şəkildə müşahdiə edirik. Keçən ilin sonlarından etibarən atılan inqilabi addımlar fonunda bunu aydın görürük. Şəhid ailələri və onlara bərabər tutulan şəxslərə, onların vərəsələrinə 11 min manat məbləğində yardımın göstərilməsi, problemli kreditlərlə bağlı atılan addım, demək olar ki, bütün kateqoriyalardan olan vətəndaşların maaş və digər müavinətlərinin, eyni zamanda pensiyaların artırılması, sənədsiz evlərlə bağlı verilən qərar, eləcə də digər bu kimi addımlar deyilənlərin təsdiqidir. Diqqət etsək görərik ki, dövlət başçısının sosial sahədə atdığı addımlar, imzaladığı fərman və sərəncamların icrası əhalinin sosial rifah halının yaxşılaşdırılmasına əsaslı dərəcədə müsbət təsir göstərir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də 28 may-Respublika Günü ilə bağlı keçirilən tədbirdə bu məqama xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, sosial sahə ilə bağlı çox ciddi addımlar atılır və insanların rifah halı böyük dərəcədə yaxşılaşıb: "Məcburi köçkünlərin problemləri öz həllini tapır. Yüzdən çox şəhərcik salınıb və bu məsələ ilə bağlı bundan sonra da addımlar atılacaq. Azərbaycanda çox müasir infrastruktur yaradılıb və bu sahəyə çox böyük vəsait qoyulub. Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı çox böyük işlər görülüb, məktəblər, xəstəxanalar tikilib. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq. Əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yol keçib".
Və xüsusi olaraq qeyd edilməli məqam ondan ibarətdir ki, bu proses davamlı xarakter alır və dövlət başçısı bundan sonra da sosial sahədə radikal addımlar, daha dəqiq desək vətəndaşın mənafeyinə xidmət edən qərarlar qəbul etmək niyyətindədir. Elə Cənab Prezident İlham Əliyev 28 may-Respublika Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı da bunu açıq şəkildı ifadə etdi: "Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün. Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır". Prezident çıxışı zamanı sosial sahədə həyata keçiriləcək yeni layihələr, islahatların da demək olar ki, anonsunu vermiş olub. İlham Əliyev bildirib ki, bundan sonra da bu istiqamətdə tam qətiyyətlə addımlar atacağıq. Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir: "Ancaq təbii ki, bu, iqtisadi inkişafa bağlıdır. Çünki iqtisadi inkişaf, maddi imkanlar olmasa sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin".
Məlum olduğu kimi sosial sahədə mövcud olan ən ciddi problemlərdən biri işsizliklə bağlıdır ki, dövlət başçısının 2003-cü ildən etibarən həyata keçrdiyi islahatlar, atdığı addımlar ölkədə işsizlik probleminin də tədricən aradan qaldırılmasına imkan yaradıb. Cənab İlham Əliyevin prezidentliyinin birinci dönəmində ölkədə 600 minə yaxın yeni iş yerinin açılması bunun əyani sübutu idi. Ancaq nəzər alsaq ki, əhalinin sayının çoxalması, məşğul əhalinin səviyyəsinin yüksəlməsi istər-istəməz yeni iş yerlərinin açılması, yaradılması zərurəti yaradır. Təsadüfi deyil ki, dövlət başçısı sözügedən məsələni də hər zaman diqqətdə saxlayır və bu istiqamətdə ardıcıl addımlar atır. Elə Cənab Prezident sözügedən mərasimdə çıxışı zamanı bu məsələyə də diqqət çəkib. Dövlət başçısı bildirib ki, işsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir. Çünki 2003-cü ildən bu günə qədər 2 milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var: "Düzdür, başqa ölkələrə nisbətən Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır, ancaq biz hesab edirik ki, bundan sonra da bu istiqamətdə addımlar atılmalıdır. Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılıb. Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək onları da bu işə sövq edirik". Prezident bildirib ki, işsizlik hər bir ölkə üçün xas olan problemdir: "Bu məsələnin həlli böyük səylər tələb edir. Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son 15 il ərzində Azərbaycan əhalisi 1,7 milyon artıb. İşsizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır. Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq".
Süleyman