Azərbaycan Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Səfər zamanı Prezident İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşündə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə də ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir: "Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir". Deputat qeyd edib ki, Donald Tusk görüş zamanı ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edib və Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Səfər zamanı Prezident İlham Əliyev də Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biri olduğunu vurğulayıb. Dövlətimizin başçısı keçirilən bütün görüşlərdə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir.Çox təəssüf ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Bunu onların mənasız açıqlamalarında, eyni zamanda, ölkəmizdən kənarda yaşayan bəzi ünsürlərin davranışlarında da hiss etmək olur. Azərbaycanla bağlı "qara piar" kampaniyası ölkəmizin nüfuzuna kölgə salmağa hesablanmış, sifarişlər hesabına atılan addımlardır. Həmin qərəzli dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmini işə salmağa çalışırlar. Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu cür addımların sonu fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq mümkün deyil".

Milli Məclisin deputatı  Dilarə Cəbrayılova qeyd edib ki, Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur.  D.Cəbrayılova bildirib ki, Prezident İlham Əliyevin Brüsselə səfəri və bir sıra rəsmilərlə görüşü artıq dərəcədə uğurlu və səmərəli olub. Onun sözlərinə görə, Prezidenti İlham Əliyev Brüsselə  səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşüb: "Hər iki görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirilib. Hesab edirəm ki, bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir". Millət vəkili qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər inkişaf edir: "Əlaqələrin yüksəlməsi Azərbaycanın Avropa ilə daha yaxın olmağa, Aİ-yə inteqrasiya yolunun daha da qısalmasına təsir edən amildir. Münasibətlərin inkişafı təkcə Azərbaycanın deyil, həm də Aİ-nin marağına cavab verən addımdır. Bildiyiniz kimi Azərbaycanla Aİ arasında sazişin imzalanması nəzərdə tutulur ki, bu sənədin imzalanması hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır". Deputat deyib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasını, dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələr ölkəmizdə mötəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşırlar: "Brüsseldə 3-4 antimilli qüvvələrin etiraz təşkil etmək cəhdi onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinin əyani sübutdur. Hesab edirəm ki, onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Brüsseldə aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir. Xaricdəki Azərbaycanı istəməyən havadarların, düşmənlərimizin puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlərin mövcudluğu təəssüf doğurur. Azərbaycan dövləti öz uğurlu siyasəti ilə dünya dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir. Bu gün Azərbaycan dövləti Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində güclənir və bütün dünyanın beynəlxalq səviyyəli tədbirləri Azərbaycanda keçirilir. Bütün bunlar sübut edir ki, xalq öz Prezidentinin yanındadır və birmənalı tərzdə onu dəstəkləyir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31