Düzgün idarəçilik və uğurlu islahatlar

Ölkəmizin inkişafını şərtləndirən başlıca amillər sırasındadır

Hər bir dövlətin inkişafını, tərəqqisini şərtləndirən başlıca amillərdən biri, daha dəqiq desək birincisi həmin dövlətin, ölkənin düzgün idarə edilməsidir. Bu birmənalıdır ki, düzgün idarəetmə sistemi olmayan ölkədə inkişafdan danışmaq yersizdir. Hətta müəyyən mənada inkişaf olsa belə, o müvəqqəti xarakter daşıyır, qısa müddət sonra dərin iqtisadi və sosial problemlər fonunda həmin ölkədə narazılıqlar baş qaldırır. Günümüzdə dünyanın əksər ölkələrində bu kimi mənfi tendensiyalarta rastlaşırıq. Ərəb dünyasından tutmuş, Afrikaya, Amerikadan qoca qitə Avropaya qədər addımbaşı iqtisadi və sosial problemlərdən dolayı meydana çıxan xalq etirazları, hakimiyyətə qarşı çıxışlar məhz düzgün idarəetmənin təşkil edilməməsindən qaynaqlanır. Azərbaycanda isə bu istisna təşkil edir. Ölkəmizin əldə etdiyi uğurlar, iqtisadi inkişafın təməlində, kökündə məhz düzgün idarəçilik, həyata keçirilən məqsədyönlü siyasət dayanır. Bu siyasətin əsası 1993-cü ilin iyun ayından qoyulsa da, 2003-cü ildən etibarən isə forma və mahiyyətcə yeni bir mərhələyə qədəm qoyub desək yanılmarıq. Düzdür, 2003-cü ildən etibarən həyata keçirilən bu siyasət də 1993-cü ildən başlanan siyasətin məntiqi davamıdır və təsadüfi deyil ki, məhz həmin siyasətin uğurla icra edilməsi nəticəsində bu gün Azərbaycan regionun və dünyanın lider dövlətləri sırasında qərarlaşıb.

2003-cü ildən Cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin mahiyyəti, əsas formulları nədən ibarətdir? Yeni çağırışlar, yeni inkişaf tendensiaysına uyğun addımlar atmaq, idarəetməni təkmilləşdirmək, sosialyönümlü layihələrin miqyası və əhatə dairəsini genişləndirmək. Ən əsası neft sektoru ilə paralel olaraq qeyri-neft sektorunu da inkişaf etdirmək. Etiraf edək ki, ötən 15 ildən artıq müddədə qeyd etdiyimiz istiqamətdə çox ciddi nailiyyətlərə əldə edilib. Neftdən əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldiməsi nəticəsində bu sektora aid olan bütün istiqamətlərdə demək olar ki, inkişaf, tərəqqi qeydə alınıb. İstər aqrar sahə, istər sənaye, istər iqtisadi və digər sahələrdə əldə edilən nailiyyətlərin, uğurların başlıca məqamı məhz neftdən əldə edilən gəlirlərin qeyri-neft sektoruna ypnəldilməsidir. Burada diqqət çəkən başlıca məqam ondan ibarətdir ki, təkcə neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltməklə hər şey bitmiş hesab olunmur. Əsas odur ki, ondan səmərəli istifadə edilsin. Bu mənada Azərbaycan dövlətinin neftdən gələn gəlirlərdən qeyri-neft sektorunda səmərəli istifadə etməsi diqqət çəkən başlıca məqamlardandır. Ötən 15 ildən artıq müddət ərzində regionlarda yeni istehsal və emal müəssisələrinin açılması, həyata keçirilən infrastruktur layihələri, əhalinin işsizlik probleminin aradan qaldırılması məhz qeyri-neft sektoruna olan diqqətin nəticəsidir. Bu nəticəni, nailiyyətləri biz hər gün öz gündəlik həyatımızda aydın  şəkildə hiss edir, görürürk. Elə hər ilin statikstik göstəriciləri və hər bir sahədə qeydə alınan artım tempi, eləcə də müsbət tendensiya da bunu deməyə əsas verir. Ən son 2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunları və açıqlanan statistik göstəricilər fonunda bunu aydın görmək mümkündür.

Belə ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Bu isə son bir neçə il ərzində ən yüksək göstərici hesab olunur. Eləcə də sənaye istehsalında artıqm qeydə alınıb və bu  4,4 faiz həcmində qeydə alınıb. Paralel olaraq kənd təsərrüfatı sahəsində qeydə alınan artım da qaneedici sayıla bilər. Belə ki, hesabat dövründə bu sahədə artım  3,6 faiz hıcmində olub. Əhalinin gəlirləri isə 5,5 faiz artıb. Qeyd etdiyimiz kimi qeyri-neft sektorunun inkişafı artıq uzun illərdir ki, Azərbaycanda prioritet hesab edilir. Hər il bu sektora yönəldilən sərmayələrin artması fonunda biz bunu görə bilirik. Belə ki, cari ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub ki, həmin sərmayənin də 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.

Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar beynəlxalq təşkilat və qurumlar tərəfindən də maraqla izlənilir, təhlil olunur və dəyərləndirilir. Xüsusilə, qeyd etmək lazımdır ki, həmin dəyərləndirmələr bir qayda olaraq Azərbaycanın xeyrinə olur və həmin təşkilatların, qurumların hesabatlarında Azərbaycan ildən-ilə öz mövqelərini daha da möhkəmləndirir, ön sıralara keçir. Məsələn, ən son Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb. Təhlillər göstərir ki, ondan əvvəlki hesabatdan fərqli olaraq Azərbaycan il ərzində 32 pillə irəliləyib. ən islahatçı 10 ölkə sırasında yer alıb.

Maraqlı və diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, iqtisadi sahədə əldə edilən uğurlar, nailiyyətlər sosial sahədə də özünü göstərir. Daha dəqiq desək iqtisadiyyatımızın inkişaf etməsi nəticəsində əldə edilən gəlirlər sosialyönümlü layihələrin reallaşdırılması, tədbirlərin həyata keçirilməsi ilə nəticələnir. Çünki hər bir sahə kimi sosial sahə də dövlətin, dövlət başçısının bilavasitə diqqəti, nəzarəti altındadır. Cənab Prezidentin əsas qayəsi, məqsədi, qarşısına qoyduğu hədəf ondan ibarətdir ki, Azərbaycan vətəndaşının bütün sosial problemləri öz həllini tapmalı və ən yüksək səviyyədə yaşamalıdır. Xüsusilə, əhalinin daha həssas, xüsusi qayğıya ehtiyacı olan təbəqəsinə diqqət və qayğının yönəldilməsi dövlət başçısının əsas diqqət yetirdiyi istiqamətdir. Təsadüfi deyil ki, Cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da məhz şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Kifayət qədər zamanında verilən və geniş bir kütləni əhatə edən həmin fərmanın icrası 12 mindən çox şəhid ailəsini əhatə edirdi. Fərmana əsasən,  həmin şəhid ailələrinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ayrıldı və mərhələli şəkildə həmin vəsaitlər şəhid ailələrinə çatdırılır.

Paralel olaraq ötən illər ərzində minimum əmək haqqı, pensiya və müavinətlərin artırılması istiqamətində də dövlət başçısı tərəfindən sistemli və davamlı olaraq addımlar atılıb. Nəticə etibarilə, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb. Eyni zamanda tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə də artım qeydə alınıb. 

Sosial sahədə əldə edilən uğurları, nailiyyətləri şərtləndirən əsas amillərdən biri də 2004-cü ildən etibarən ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarıdır. Məlumat üçün qeyd edək ki,  bu günə qədər, yəni ötən 15 il ərzində artıq 3 Dövlət Proqramı uğurla icra edilib və hər üç proqramın da nəticələri müsbət, ürəkaçan olub. Hazırda sayca dördüncü Dövlət Proqramı icra edilməkdədir. Ümumiyyətlə, bu günə qədər icra edilən 3 Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına zəmin yaradıb. Regionlarda yeni iş yerlərinin açılmasından tutmuş məşğulluğun artırılması, infrastruktur layihələrin icra edilməsi, turizmin inkişaf etdirilməsi, əhalinin kommunal problemlərinin həlli, təhsil, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, bütün bunlar məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində görülən işlərdir. Hazırda da qeyd etdiyimiz kimi sayca dprdüncü Dövlət Proqramı icra edilir. Bildiyimiz kimi Cənab İlham Əliyev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı sənəd imzalayıb və cari ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilib. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Eləcə də məktəb binalarınınb böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub.

Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının sosial sahəyə olan diqqəti, bu sahədə həyata keçirilən tədbirlərin nəzarətə götürülməsi hər bir istiqamətdə müsbət dinamika ilə seçilir. Məsələn, Dövlət Proqramları icra edilənə qədər əhalinin kommunal problemləri də əsas sosial problemlər sırasında yer alırdı. Lakin bu günə qədər icra edilən hər üç Dövlət Proqramında məhz bu məsələnin əksini tapması əhalinin kommunal problemlərinin həlli məsələsini sürətləndirmiş oldu. İstər elektrik enerjisi, istər təbii qaz, istərsə də əhalinin içməli su ilə təminatında bu gün çox ciddi işlər görülüb və müsbət nəticələr əldə edilib. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir. Belə ki. ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb.  Nəinki, rayon mərkəzləri, qəsəbələr, rayon kəndləri, hətta ən ucqar dağ kəndlərinə belə bu gün qaz xətləri çəkilib, əhali təbii qazla təmin olunub.

Yaxud elektrik enerjisi ilə təminatında da eyni müsbət fikirləri və oxşar rəqəmləri qeyd edə bilərik. Hazırda ölkədə elektrik enerjisi ilə təminat ən yüksək səviyyədədir. İçməli su ilə təminat məsələsində də müsbət dinamika qeydə alınır və ildən-ilə bu istiqamətdə təqdirəlayiq tədbirlər həyata keçirilir.

Göründüyü kimi, Azərbaycanda həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasət ölkəmizin inkişafı ilə yanaşı, xalqın rifah halının yüksəldilməsinə də öz müsbət təsirini göstərir. Hər halda ildəın-ilə əhalinin yaşayış səviyyəsinin artması, minimum əmək haqqı və pensiyaların məbləğinin müntəzəm olaraq artırılması belə deməyə əsas verir. Bütün bunlar isə yuxarıda qeyd etdiyimiz kimi düzgün idarəetmədən qaynaqlanır.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31