Nikol Paşinyan üçün siyasi gərginlik dövrü başlanır
20 May 2019 12:49 SiyasətQarabağ klanı əks-inqilab hazırlayır
Ermənistanda bir-birindən maraqlı siyasi proseslər gedir. Bir tərəfdən Köçəryan-Sərkisyan-Saakyan üçlüyünün yaratmış oduğu ittifaq Nikol Paşinyan hökumətinə qarşı ciddi təhlükə yaratdığı halda, digər tərəfdən Paşinyanın özünün zərərsizləşdirdiyi sabiq prezident Robert Köçəryan həbsdən azad edilir. İndiki situasiyada, xüsusilə də hakimiyyətinə qarşı ciddi təhlükənin yarandığı bir ərəfədə Nikol Paşinyanın sabiq prezident Robert Köçəryanın azad edilməsinə hansı zərurətdən yaşıl işıq yandırdığı barədə müxtəlif mülahizələr səslənməkdədir. Çoxları bunu Rusiya amili ilə əlaqələndirirlər. Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan çarəsizlikdən sələfləri kimi Rusiyadan asılı olmağı qərarlaşdırıb və Kremldən öz hakimiyyətinə dəstək alıb. Bu dəstəyin qarşılığında isə Moskva Paşinyan yaxın adamı Robert Köçəryanın həbsdən azad edilməsini istəyib. Baxmayaraq ki, Köçəryan-Sərkisyan-Saakyan üçlüyünün İrəvanda hətta hakimiyyət çevrilişinə hazırlaşdıqları bildirilirdi.
Ermənistanda cərəyan edən prosesləri şərh edən ekspertlər də hesab edirlər ki, sabiq prezident Robert Köçəryanın həbsdən azad edilməsinin arxasında Rusiya amili dayanır. Elə müstəqil ekspert Kamran Sultanlı da dolayısıyla bunu təsdiq edib. O, bildirib ki, Ermənistanın yüksək instansiya məhkəməsi Robert Köçəryanın azadlığı buraxılması haqqında qərar qəbul edib. Onun sözlərinə görə, Robert Koçaryanın azadlığına Qarabağ klanı başda Arkadi Qukasyan, Bako Saakyan zamin durublar: "Uzun müddətdir, Nikol Paşinyana Robert Koçaryanla bağlı təzyiqlər artmışdı. Hətta Qarabağda keçirilən 9 may tədbirinə Qarabağ separatçıları Robert Koçaryanın da iştirak etməsini tələb edirdilər. Lakin Nikol Paşinyan bu qərarla razılaşmadı. Robert Koçaryanın uzun müddətdən sonra azadlığıa buraxılması, Nikol Paşinyan üçün mənfi dividentdi. Nikol Paşinyan xalqa 1 mart hadisələrinin qurbanlarını məsuliyyətə cəlb edəcəyini vəd vermişdi. Lakin uzun müddət keçsə də, Nikol Paşinyan vədlərini yerinə yetirə bilmədi. Buna qədər keçmiş müdafiə naziri Seyran Ohanyan azadlıqdadır. Sabiq prezident Serj Sarkisyan istədiyi an Qarabağdadır. Hətta Serjin Qarabağ klanına təsir imkanları qalmaqdadır. Xaçaturovu həbs edə bilmədi. Üstəlik, aprel müharibəsində baş qərargah rəisi olan və İrəvan ermənləri arasında nüfuzu aşağı olan şəxsi yenidən özünə baş qərargah rəisi təyin etməyə məcbur oldu".
Kamran Sultanlı deyir ki, Nikol Paşinyan üçün Robert Koçaryanın həbsdə qalması olduqca vacib idi. Lakin görünən odur ki, Qarabağ klanı təzyiqləri maksimum sürətdə artırır: "Qarabağ klanının isə bəllidir ki, birbaşa Kremlə yaxınlığı var. Moskva Qarabağ separatçılarından Paşinyana qarşı təzyiq olaraq istifadə edir.Paşinyanın Qarabağın danışıqlarda iştirakını təkidlə qeyd etməsi, həmçinin oğlunu Qarabağda xidmətə göndərməsi, son çıxışında isə "Əgər Qarabağ danışıqlarda iştirak etmirsə deməli onu Ermənistan ərazisi sayırsız, o zaman sənədlərdə qeyd edək" kimi çıxışı birbaşa daxili auditoriya üçün hesablanıb. Son dövrlər daxildə Nikol Paşinyana qarşı yeni siyasi partiyanın yaradılacağı da qeyd edilir. Parlament tərkibində Mənim Addımım Bloku ilə Çarukyan bloku arasında müxtəlif gərginliklər var. Nikol Paşinyan ciddi təzyiqlər altındadır. Onun tez-tez Rusiyaya səfər etməsinin ən əsas səbəbi, şimal qonşumuzla münasibətləri nizama salmaq və gələn təhdidləri önləmək üçündür. Lakin görünən odur ki, Moskva yenidən Qarabağ kartından daxildə Paşinyana qarşı istifadə etməyə çalışır".
Kamran Sultanlı bildirib ki, 2020-ci ildə Qarabağ separatçıları prezident seçkiləri keçirəcək. İndiki prezident Bako Saakyan prezidentliyə namizəd olmayacağını açıqlayıb: "Ola bilər ki, ya Qukasyan, ya da Koçaryanın özü prezidentliyə namizədi kimi seçkilərə qatılsın. Bu zaman Nikol Paşinyana qarşı Qarabağ klanı özünün keçmiş lideri ilə yenidən geri qayıda bilər. 1997-ci ildə Koçaryan məhz Qondarma Qarabağ prezidenti kimi Ter-Petrosyanı devirdi, Ermənistan konsitutsiyasını pozaraq prezident seçildi. Qarabağ klanı prezidentləri devirmək mövzusunda böyük təcrübəyə malikdir. Bu zaman Nikol Paşinyan üçün də bu ssenari keçərlidir. Bu ssenarinin arxasında isə Dağlıq Qarabağ ətrafında siyasi strategiyasını quran daşnakların, Qarabağ klanının və onların əsas dəstəkçisi Rusiyanın olduğunu düşünürəm. Təbii ki, Nikol Paşinyanın müdafiə qalxanı olan xalqın onun arxasında qalıb-qalmayacağı onun gələcəyini müəyyən edəcək. Robert Koçaryanın azadlığı onun üçün mənfi dividentə çevrilə bilər. Bu həmçinin gələcəkdə Dağlıq Qarabağ üzrə danışıqlara da maneçilik törədə bilər".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan ikinci inqilab anonsu verməklə, ona qarşı əks-inqilabın hazırlanmasını önləməyi planlayır. Politoloqun sözlərinə görə, həbsdən azad edilən Robert Köçəryan Moskvanın təlimatı ilə Qarabağ klanını ətrafında sıx birləşdirib Nikol Paşinyana qarşı hərəkətə keçəcək: "Robert Köçəryanın Rusiyaya getməməsi, həbsdən əvvəl və sonra Ermənistanda qalması əsasən, siyasi proseslərdə aktiv fəaliyyətə keçməsi üçün idi. Proseslər Nikol Paşinyanın əleyhinə işləyir və ona qarşı Qarabağ klanı əks-inqilab hazırlayır. Qarabağ klanının qalib gəlmək şansı yoxdur. Çünki, Ermənistan vətəndaşları aktiv şəkildə Nikol Paşinyanı müdafiə edəcək. Qarabağ klanı ordu vasitəsi ilə yalnız hakimiyyətə əl qoya bilər. Bu da Ermənistanda qanlı vətəndaş qarşıdurmasına gətirə bilər.
Göründüyü kimi Nikol Paşinyanın Qarabağ klanının qarşısında zəifliyi ortadadır. Onun nümayişlərə start verməsi hüquq sistemində, məhkəmə sahəsində dəyişikliklərə gətirəcək. Nikol Paşinyanın səhv siyasəti bu gün onun devrilməsini gündəmə gətirib".
Məhəmməd Əsədullazadə hesab edir ki, Robert Köçəryanın həbsdən azadlığı çıxması Ermənistanda yeni siyasi proseslərə strart vermiş oldu: "Gələn il qondarma rejimdə keçirilən seçkilərdə Köçəryan orada rejimin başına gətirilə bilər. Baş verən ssenarilər Kremldən idarə olunur və Nikol Paşinyan üçün siyasi gərginlik dövrü başlayır. Ermənistanda baş verənlər Qarabağ danışıqlrında Nikol Paşinyanın daha da sərt mövqe tutmasına gətirəcək. Ümumiyyətlə, Nikol Paşinyan danışıqlarda Qarabağ klanından çəkindiyi üçün heç bir kompromis varinatla razılaşmayacaq2.
Süleyman