Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub

Ziyafət Əsgərov: "Bunlar açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik"

Milli Məclisin mayın 17-də keçirilən iclasında millət vəkillərinə cari məslələr üçün vaxt ayrılmasa da deputatlar qanun lahiyələrinin müzakirələri zamanı müxtəlif məsələlərdən danışıblar. Millət vəkili Siyavuş Novruzov deyib ki, hazırda bəzi maraqlı dairələr idman oyununu siyasətə qatırlar: "Böyük Britaniyanın ən böyük şirkətləri on illərdir, Azərbaycanda işləyirlər. Nədənsə, o vaxt yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir. Azərbaycandan neft çıxarılanda təhlükəli deyildi, "Arsenal"ın 3 oyunçusu gələndə, ölkəmiz təhlükəli zona olur və turistlərin gəlməsi ilə bağlı fikirlər söylənilir. Biz bu məsələlərə münasibətimizi bildirməliyik". Deputat qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsidir: "Belə olan halda, Azərbaycan haqqında ədalətsiz fikirlər səsləndirilir. Deyirlər ki, Azərbaycanın hava uçuş məkanında problemlər var. Əfqanıstana yük daşıyanda problemlər yox idi. İndi iki futbol klubu ölkəmizə gələndə təhlükəli olur? Belə olanda, nə olur, hava tutulur, yoxsa açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən 5 manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar". Deputat həmkarını dəstəkləyən Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub: "Azərbaycana qarşı kampaniya birinci dəfə deyil ki, aparılır. 2012-ci ildə Avroviziya Mahnı yarışması keçiriləndə, 2015-cil də Avropa Oyunları keçiriləndə bu cür qarayaxma kampaniyalar aparılıb. İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır". Onun sözlərinə görə, Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr çoxdur: "Onlar hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar. Sözsüz ki, bunun cavabı verilməlidir. Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar. Burada narahatlığa əsas yoxdur. Böyük Britaniya Xarici İşlər Nazirliyi bir söz deyir, Azərbaycandakı səfirlik isə başqa söz... Bu necə ola bilər? Belə olan halda nə deyəsən... Bütün bunların səbəblərindən biri də odur ki, beynəlxalq hüquq işləmir, işləsəydi, hamı yerində oturdurlsaydı, bu biabırçılıqlar baş verməzdi. Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı 4 qətnamə qəbul olunub. Amma icra olunmur. Buna baxmayaraq istədikləri məsələni bir saatın içində həll edirlər, mürəkkəbi qurumamış məsələ həll edilir. Bunlar açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik, müsəlmansan, inkişaf edə bilməzsən. Hər bir kəs çəkici bir yerə vurmalıdır".

Təhsil müəssisələri üçün dövlət rüsumu müəyyən edən qanun layihəsi isə etirazla qarşılanıb. Xatırladaq ki, "Təhsil haqqında" qanuna dəyişikliklərdə Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib. Bu dəyişikliklərə əsasən, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumu tutulacaq. Dövlət rüsumunun məbləğləri təhsil müəssisələrinin statusundan və səviyyələrindən asılı olaraq fərqləndirilib.Məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilib. Deputat Musa Quliyev qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu ili sosial müdafə, rifah ili elan etdiyi halda rüsumlar artırılır. Bu, cənab Prezidentin siyasətinə ziddir. Təhsil və səhiyyə dövlətin vətəndaş qarşısında konstitusion öhdəliyidir. Təhsil dövlətin xüsusi sosial layihəsidir. Bunun özəl və ya dövlət təhsil müəssisəsi olması fərq etməz. Onların hər ikisinə dövlətin dəstəyi olmalıdır. Qanunvericiliyə təkilif olunan dəyişikliyə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir. Bu rüsum elə bilirsiniz sahibkardan alınacaq? Həmin rüsum sahibkardan alınmayacaq, öz övladını orada oxutdurmaq isyətən valideyndən alınacaq". M.Quliyev daha sonra etirazını belə ifadə edib: "Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər? Bu, araşdırılmalıdır. Akkreditasiyanın dövlət öz vəsaiti hesabına ödəyib, deyə bilməz ki, ay vətəndaş, sənin özəl təhsil müəssisəsində oxuyan uşağına da dəstək verirəm. Bu, vətəndaş üçün böyük vəsaitdir. Prezident İlham Əliyev bu ili sosial rifah ili elan edibsə, biz də buna əməl edək, dəstək verək. Bu maddə gündəlikdən çıxarılsın və geri qaytarılsın".  Komitə sədri Ziyad Səmədzadə isə çıxışında qeyd edib ki, bu, birinci oxunuşdur və deputatların fikirləri müzakirə olunacaq, nəticə çıxarılacaq.  Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə qeyd edib ki, ikinci oxunuşa qədər Təhsil Nazirliyi ilə məsələni yenidən müzakirə edəcəklər.

Milli Məclisinin plenar iclasında "Keşikçidağ"la məsələ də qaldırılıb. Deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu daim davam etməlidir. O, qeyd edib ki, bu dostluq tarixi ənənəyə söykənir: "Bu, bizim üçün də önəmlidir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində gürcülərə imkan verdik, bir sıra gürcü xalqının nümayəndələri "pasxa" bayramını keçirirlər. Onlar isə "Keşikçidağ"da aksiya keçirərək Azərbaycanın dövlət müstəqliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Biz gürcü siyasi xadimlərinə izah etməliyik ki, bu nə məsələdir. Həmin abidə VI əsrdə tikilib, alman abidəsidir. XI, XII əsrdə qurucu Davidin və Tamaranın dövründə gürcü provaslav dininə aid olub, bu gün də gürcü ortodoksal kilsəsinə aiddir. Olsun, amma bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora bizim torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir. Biz tarixən torpaqlarımızı Rusiyanın istəyi ilə Gürcüstana və Ermənistana paylamışıq, indi də "Keşikçidağ"da güzəştə getməməliyik. Dünyada 210-dan dövlət var, Azərbaycan dünyada yeganə dövlətdir ki, bütün sərhədləri keçmiş torpaqları ilə sərhəddir". Deputat Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan üçün də Tiflisidəki, Borçalıdakı tarixi abidələr əzizdir. Deputat bildirib ki, Azərbaycan həmişə həssas davranır: "Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub, ərazimizdə yerləşib. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi əmədniyyət abidəsi deməlidir, David Qareci kilsəsi deyil. İnanırıq ki, bu məsələ Azərbaycanın maraqları çərçivəsində həll ediləcək". Millət vəkili Nəsib Məhməliyev Keşikçidağla bağlı səslənən iddiaları qəbuledilməz sayıb: "Bu polemikalar səngiməli, komissiyalar intensiv fəaliyyət göstərməlidir". Deputat Fərəc Quliyev də bu gərginliyin aradan qaldırılmasının zəruriliyini qeyd edib. O deyib ki, "Keşikçidağ" Azərbaycan ərazisidir.

Milli Məclisin deputatı Fazil Mustafa Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd edib. F.Mustafa Milli Məclisin bildirib ki, Bakı Beynəlxalq Hava Limanına və Bakı Beynəlxalq Avtovağzalına 10 dəqiqəlik daxil olanda mütləq pul ödənilir: "Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil". Fazil Mustafa Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun xatirəsinin əbədiləşdirilməsinin vacibliyinə diqqət yönəldib. O, eyni zamanda hərbi diktor Şəmistan Əlizamanlının Vətən qarşısında xidmətlərinin qiymətləndirilməsinin zəruriliyini vurğulayıb. Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənarda danışılmasını düzgün saymayıb: "Facebook" səhifələrinizdə belə məsələləri yaza bilərsiniz". Deputat əlavə edib ki, bir sıra səfirliklər Azərbaycan vətəndaşlarının Şengen vizası almaq üçün ödədiyi pulu mənimsəyirlər. F. Mustafa qeyd edib ki, Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün səfirliklərə müraciət edirlər, ancaq miqrasiya məsələləri ilə bağlı Avropa ölkələri vizanı müraciət edən kimi vermirlər: "Vətəndaşın ödədiyi pulu səfirliklər mənimsəyir. Çalışmalıyıq ki, bütün sahələrdə boşluqları dolduraq". Ardınca millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31