Azərbaycan-Avropa İttifaqı əlaqələri qarşılıqlı hörmət prinsiplərinə əsaslanır

Məlum olduğu kimi Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə (TƏS)  əsaslanır. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. TƏS-ə əsasən, AR ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir. Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasəti çərçivəsində də əməkdaşlığı mövcuddur. Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yüksəksəviyyəli əməkdaşlıq davam etdirilməkdədir. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Belçikanın paytaxtı Brüsselə səfəri olduqca zəngin və yaddaqaln oldu. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk və Aİ-nin digər yüksək vəzifəli şəxsləri ilə görüşü mühüm ictimai-siyasi, iqtisadi əhəmiyyət kəsb etdi. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoyan səfər zamanı müzakirə olunan məsələlər hər iki tərəf üçün olduqca strateji əhəmiyyət daşıdı: "Donald Tuskun vurğuladığı kimi Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tətəfdaşdır. Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın Ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdir. Respublikamız Avropa İttifaqının irəli sürdüyü təşəbbüsləri dəstəkləyir və gerçəkləşdirirsə, qarşı tərəfdən də siyasi iradə nümayiş etdirməsini gözləyir. Aİ ilə imzalanması nəzərdə tutulqan yeni saziş tərəfdaş ölkələrdə təhlükəsizliyin möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələləri də şərtləndirir. Azərbaycanla strateji müttəfiqliq quran bir qurum digər məsələlərdə çevik və fəal olduğu kimi regional problemlərin, münaqişələrin həllində də təsir imkanlarını artırmalıdır".

Onun bildirdiyinə görə, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Reallıq bundan ibarətdir ki, Avropa İttifaqı Dağlıq Qarabağ probleminin həllində respublikamızın gözlədiyi prinsipal və qətiyyətli addımları gerçəkləşdirməyib: "Azərbaycan hələ 2012-ci ildə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Azərbaycan birmənalı şəkildə Aİ qarşısında Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında dəstəyini artırmağı irəli sürür. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə beynəlxalq tribunadan bir daha beynəlxalq ictimaiyyət, Aİ-nin yüksək rütbəli şəxsləri qarşısında və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarına qətiyyətlə Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd etdi. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirdi ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd etdi ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Etibarlı və yaxın tərəfdaş olan təşkilat Dağlıq Qarabağ problemi məsələsində konkret addımlar atmalıdır. ATƏT-in Minsk qrupu ərazi bütövlüyünün həllində sönük və təsirsiz olan fəaliyyətini dəyişməli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında iştirakı fəallaşdırılmalıdır".

Millət vəkili Aydın Mirzəzadə deyib ki, bəzi maraqlı dairələr, o cümlədən müxalifət Azərbaycanda hakimiyyət və onun apardığı siyasət barəsində cəmiyyətdə yanlış rəy formalaşdırmağa çalışır, onlar Azərbaycanla Aİ arasında imzalanması gözlənilən Strateji Tərəfdaşlıq Haqqında saziş barəsində yalan məlumatlar yayırlar.  Deputat bildirib ki, Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması əvvəlcədən nəzərdə tutulmayıb: "Kimlərinsə Azərbaycanın guya orada sazişə imza atmaması barədə ortaya Azərbaycan Aİ arasında imzalanacaq saziş üzərində işlərin getdiyini deyən deputat söyləyib ki, sənəddə əks olunan məsələlərlə bağlı tərəflər ortaq məxrəcə gəlmək üçün səy göstərirlər: "Bu baxımdan da kiminsə hansısa fikir söyləməsi yalnız o şəxsin subyektiv düşüncəsi kimi qəbul edilə bilər. Qeyd olunan sənəd həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına, eləcə də beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib edilməlidir. Ona görə də hazırda bu sənəd üzərində iş gedir. Zamanı gələndə hər iki tərəfin razılaşdırdığı sazişin özü və imzalanacağı tarix cəmiyyətə təqdim olunacaq". A.Mirzəzadə qeyd edib ki, imzalanacaq saziş təkcə Azərbaycana lazım deyil: "Həmin sənəd Azərbaycana nə qədər lazımdırsa, Avropaya da bir o qədər lazımdır. Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələr arasında Azərbaycan yeganə ölkədir ki, konkret olaraq Avropadan ona heç nə lazım deyil. Azərbaycan öz potensialına, səylərinə arxalanaraq problemlərini həll etmək iqtidarındadır". Deputat əlavə edib ki, Azərbaycanda daha demokratik, daha sivil dövlət quruculuğu istiqamətində də addımlar atılır, islahatçılıq gündəlik atmosferə çevrilir, insanların sosial-rifah halının daim yaxşılaşdırılması üçün işlər görülür: "Müstəqilliyimizin qorunması bizim üçün vacib məsələdir. Ərazi bütövlüyümüzün təmin olunması Azərbaycan dövlətinin strateji xəttidir. Ona görə də Azərbaycanı Avropa İttifaqı ilə imzalanacaq sazişdən asılı bir dövlət kimi təsəvvür etmək öz ölkəsinə hörmətsizlik etməkdən başqa bir şey deyil. Bir qədər əvvəl qeyd etdiyim kimi, hələlik saziş üzərində iş gedir. Bu saziş imzalanan zaman orada Azərbaycanın ərazi bütövlüyü, hər iki tərəfin əməkdaşlıq əlaqələrinə və maraqlarına cavab verəcək şərtlər mütləq şəkildə öz əksini tapacaq, təsdiq olunacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31