“Azərbaycanın Avropaya inteqrasiyası olduqca müsbət haldır” – Şərh
“Azərbaycanın Avropaya inteqrasiyası olduqca müsbət haldır” – Şərh
14 May 2019 16:01 Siyasət"Azərbaycan nümayəndə heyyətinin üzvləri Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünün 10 illiyinə həsr edilmiş toplantısında iştirak edirlər. Ölkə başçısı İlham Əliyev Brüsseldə kral Fliplə görüşüb. Qarşılıqlı münasibətlər haqqında da danışılıb. Bildiyiniz kimi Azərbaycan və Avropa İttifaqı arasında müqavilə imzalanacağı gündəmdə olarkən Rəsmi Bakı "Dağlıq Qarabağ" ın Azərbaycanın tərkib hissəsi kimi göstərilməməsi müddəasını dəyişdirməyi tələb edirdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Rusif Məmmədsoy deyib.
O bildirib ki, Azərbaycanın Avropaya inteqrasiyası olduqca müsbət haldır: "Bizim üçün vacib qərardır. Lakin, görünən odur ki, Avropa İttifaqı hələ "Dağlıq Qarabağ" məsələsində tam ciddi addımlar atmır. Belə ki, Brüsseldə xarici işlər nazirləri yekun bəyannamə imzalanmalı idi. Amma bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb. Nümayəndə heyyətimiz etiraz edərək düzəliş edilməsini istəsə də bu bəyannamədə öz əksini tapmayıb və sənədi imzalamaqdan imtina edilib.
Avropa İttifaqının hegemon dövlətləri Almaniya və Fransadır. Almaniya bu məsələdə Azərbaycana dəstək göstərmir. Çünki, Almaniyanın Rusiya ilə geniş iqtisadi əlaqələri mövcuddur. Rusiya Almaniyanı qazla təmin edir. Hətta Almaniya kansleri Angela Merkel but məsələdə ABŞ-a belə məhəl qoymamışdı və əlaqələri davam etdirmişdi. Bu mənada Rusiya ilə münasibətlərə xələl gəlməsini istəmir".
Ekspert qeyd edib ki, Fransanın mövqeyi bəllidir. Fransa hökuməti "Dağlıq Qarabağ" münaqişəsində birmənalı olaraq Ermənistan tərəfindədir: "Təsadüfi deyil ki, Fransada qondarma "erməni soyqırımı" matəm günü kimi qeyd edilir. Heç şübhəsiz bu məsələdə Fransada yaşayan çoxsaylı erməni vətəndaşların da təsiri danılmazdır. Lakin, istənilən halda yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinin qeyd olunmaması gözlənilməz hesab edilməməlidir.
Toplantıda narazı qalan tərəf yalnız biz deyil, eyni zamanda da Gürcüstan və Ukrayna tərəfi olub. Belə ki, yekun bəyannaməyə əsasən Brüssel tərəfindən "Şərq tərəfaşlığı"ına daxil olan "ayrı-ayrı ölkələrin" Avropa İttifaqına üzvlük səyləri tanınmır. Təbii ki, Avropaya inteqrasiya prosesi zamanı Ukrayna və Gürcüstan böyük bədəllər verib. Bununla belə yekun sənəddə bunun qeyd edilməməsi onları narahat etməyə bilməz.
R. Məmmədsoy əlavə edib ki, istənilən halda "Dağlıq Qarabağ" münaqişəsinin həlli istiqamətində alternativ yollar axtarmalıyıq. Düşünürəm ki, artıq hərb yolunu tutmalıyıq. Bununla belə Avropa İttifaqı və Avropa Şurası ilə də əməkdaşlığımız davam etdirilməlidir".