Rusiya və ABŞ arasında “Venesuela müharibəsi” başlanır

Zərdüşt Əlizadə: “Strateji maraqlarına görə ABŞ və Rusiyanın Çavesin ölümünə münasibətləri tamamilə fərqlidir”

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Venesuela Prezidenti Uqo Çavesin ölümünü "faciə" adlandlırdığı halda ABŞ Prezidenti Barak Obama Çavesin vəfatını "Venesuela tarixində yeni demokratiya səhifəsi"nin açılması kimi xarakterizə edib. Hər halda hər iki dövlətin bu açıqlaması birmənalı qəbul edilmir. Siyasi analitiklər hesab edirlər ki, Çavesin vəfatından sonra Venesuelaya olan maraqlara görə Rusiya və ABŞ arasında münasibətlər korlana bilər. Politoloq Zərdüşt Əlizadə "OLAYLAR"a açıqlamasında bildirdi ki, Uqo Çaves hələ sağlığında ABŞ-ı "Şeytan yuvası", Latın Amerikası dövlətlərinin düşməni, istismarçı, qənimi, diktatorların dostu adlandırıb. Z.Əlizadənin sözlərinə görə Rusiyanın isə Venesuela ilə əlaqələri kifayət qədər normal idi: "Ona görə də Rusiya və ABŞ-ın Çavesə olan münasibəti fərqlidir. Uqo Çaves ABŞ-ın geosiyasi, istisadi, strateji maraqlarına qarşı düşmən mövqeyində dayanırdı. Rusiya isə Venesuelaya Çavesin dövründə 30 milyard dollarlıq investisiya qoyub. Silah satır, iqtisadi, mədəni və s. əməkdaşlıq edir. Strateji maraqlarına görə ABŞ və Rusiyanın Çavesin ölümünə münasibətləri tamamilə fərqlidir" ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00