Prezident qarşıdakı hədəfləri müəyyənləşdirdi- ŞƏRH
13 May 2019 13:03 Siyasətİlham Əliyev: "Əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır"
Azərbaycan artıq 20 ilə yaxındır ki, öz uğurlu inkişaf yolunu keçir. Bu yolda qətiyyətlə, inamla irəliləyən ölkəmiz ildən-ilə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarla regional və beynəlxalq aləmdə mövqelərini möhkləmləndirir, sürətli inkişafına əlavə imkan yaradır, stimul verir.
Əslində Azərbaycanın inkişafının təməli hələ 1993-cü ildən, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra qoyulmuşdu. Nə qədər çətin və ağır olsa da, o dövrdə Heydər Əliyev ölkəmizin müxtəlif istiqamətlərdə inkişafına yönəlik məqsədyönlü addımlar atdı, bu inkişafı təmin etdi. 2003-cü ildən etibarən isə Azərbaycanın inkişafının yeni mərhələsi başladı. Bu Cənab Prezident, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin xalqın mütlıq əksəriyyətinin səsini qazanması nəticəsində mümkün oldu. Heydər Əliyev yolunu uğurla davam etdirən İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində ölkənin sürətli inkişafının təməlini qoydu, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirdi. Məhz həyata keçirilən uğurlu, məqsədyönlü və düşünülmüş siyasət nəticəsində Azərbaycan mühüm enerji, nəqliyyat xətlərinin birləşdiyi məkana çevrildi, Qərblə Şərq, Avropa ilə Asiya arasında körpü rolunu oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft. Bakı-Tbilisi-Ərzurum qaz, "Şahdəniz", Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars kimi strateji əhəmiyyətli dəmir yolu layihəsi, eləcə də qarşıdakı müddətdə nəzərdə tutulan digər mühüm əhəmiyyətli layihələr Azərbaycanın sürətli inkişafına təkan verməklə yanaşı, həm də onu etibarlı tərəfdaşa, strateji müttəfiqə çevirdi.
Ən əsası və diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, bütün bu uğur və nailiyyətləri ölkəmiz sabit, ictimai-siyasi mühitin sağlam, normal olması fonunda əldə etdi. Bu baxımdan hazırkı şəraitdə, dünyada gərginlik, bir sıra ölkələrdə daxili qarşıdurmaların olması fonunda Azərbaycanda davamlı siyasi sabitliyin hökm sürməsi dövlətimizin ən böyük uğuru sayıla bilər. Bu uğur özünü dünyanın mühüm beynəlxalq təşkilat və qurumlarının toplantı və konfranslarının, forumlarının Bakıda keçirilməsinə qərar vermələri fonunda da göstərir. Elə bu günlərdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Forumunun keçirilməsi də bunun əyani sübutudur. Qeyd etdiyimiz kimi bütün bunlar Azərbaycanın uğurlu inkişaf yolu keçməsi, regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi fonunda baş verir. Təsadüfi deyil ki, bu günlərdə Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi ilə bağlı keçirilən təntənəli mərasimdə çıxışı zamanı Cənab Prezident də bu məsələyə toxunaraq qeyd edib ki, o vaxtdan bu günə qədər Azərbaycan böyük vəuğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır: "Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur".
Hər bir dövlətin sürətli inkişafı ilə yanaşı, onun üzləşdiyi problem, çətinlik də var ki, Azərbaycan da bu mənada istisna deyil. Günümüzdə ölkəmiz üçün xas olan ən əsas problem Dağlıq Qarabaq münaqişəsidir. Hər nə qədər problemin həlli istiqamətində diplomatik səylər gücləndirilsə, danışıqlar keçirilsə də, lakin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi bu münaqişənin həllini mümkünsüz edir. Nəticə etibarilə, münaqişənin həllinin mümkünsüzlüyü Azərbaycanı müharibə şəraitini nəzərə alaraq öz hərbi qüdrətini artırmaq məcburiyyətində qoyur. Son illərdə hərbi potensialımızın güclənsdirilməsi məqsədilə yeni silahların alınması bunun əyani sübutudur. Və müharibə riski davam etdikcə, torpaqlarımız işğaldan azad edilməyincə Azərbaycan öz hərbi qüdrətini artırmaq istiqamətində addımlarını davamlı olaraq atacaq. Elə Ali Baş Komandan, Cənab Prezident də sözügedən tədbirdə çıxışı zamanı Qarabağ probleminə toxunaraq hərbi potensialımızın artırılması istiqamətində işlərin sistemli və davamlı xarakter daşıyacağını diqqətə çatdırıb: "Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik.Eyni zamanda, ordunun gücünü artırırıq. Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır".
Azərbaycan müharibə şəraitində yaşamasına, ciddi humanitar böhranla üzləşməsinə, 1 milyona yaxın vətəndaşı qaçqın vəı məcburi köçkünə çevrilməsinə baxmayaraq öz inkişaf yolunu davam etdirir. Xüsusilə iqtisadi sahədə əldə edilən uğurlar Azərbaycanın hərtəfli inkişafına zəmin yaradır. Bu da öz növbəsində əhalinin sosial rifah halının yüksəldilməsinə şərait yaradır. Son ilərdə sosial sahədə bir-birinin ardınca qəbul edilən mühüm qərarlar, həyata keçirilən tədbirlər bütün bunların əyani sübutudur. Burada diqqət çəkən başlıca məqam ondan ibarətdir ki, dövlətin həyata keçirdiyi sosial siyasət davamlı xarakter daşıyır və sistemli şəkildə bu istiqamətdə iş aparılır. Və əldə edilən nəticələr də ürəkaçandır. Elə Prezident İlham Əliyev də sosial sahədə həyata keçirilən tədbirlər, islahatlara diqqət çəkərək deyib ki, sosial sahədə layihələri uğurla icra etmişik: " Son 15 il ərzində əməkhaqqının, pensiyanın 10 dəfəyə yaxın artırılması bizim sosial siyasətimizi göstərir. Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı. Əgər biz buraya texnoloji inkişafı əlavə etsək, deyə bilərik ki, bu gün Azərbaycanın 3 peyki var, Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir. Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır. Azərbaycana daxil olacaq vəsait, sadəcə, coğrafi vəziyyətdən və tranzit imkanlardan asılı olacaqdır".
Azərbaycan əldə etdiyi uğurlar, qazandığı nailiyyətlərlə heç də kifayətlənmir, daha çox uğurlara imza atmaq istiqamtində əzmlə çalışır. Çünki bunun üçün potensialımız kifayət qədərdir. Sadəcə qarşıya yeni-yeni hədəflər, məqsədlər qoymaq lazımdır. Təsadüfi deyil ki, elə dövlət başçısı da çıxışı zamanı həmin hədəfləri, məqsəd və vəzifələri açıq şəkildə göstərib və gələcək üçün planları açıqlayıb. Prezident İlham Əliyev bildirib ki, bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır: "Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik? Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq. Bu, asan məsələ deyil. Çünki hər birimiz yaxşı bilirik ki, dünyada gərginlik çoxalır, beynəlxalq hüququn normaları pozulur, bu normalara məhəl qoyulmur və ölkələr arasında gərginlik artmaqdadır. Ona görə bizim əsas məqsədimiz uğurlu xarici siyasətdən istifadə edərək ölkəmiz üçün mövcud olan və gələcək mümkün riskləri azaltmaqdır. Biz bu istiqamətdə fəal işləyirik. Ancaq deyə bilərəm ki, bu, asan məsələ deyil".
Bu bir danılmaz faktdır ki, sürətli inkişafı şərtləndirən başlıca amil sabitlikdir. Azərbaycanın isə bu mənada bəxti gətirib desək yanılmarıq. Uzun illədir ki, ölkədə sabit siyasi mühit hökm sürür ki, bu da bütün sahələrdə inkişafımıza öz müsbət təsirini göstərir. Baxmayaraq ki, bir çox ölkələr günümüzdə bundan ciddi əziyyət çəkir, lakin Azərbaycan hakimiyyətinin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət ölkəmizi dünyada sabitlik adası kimi tanıdır. Buna isə səbəb olan əsas amil iqtidar-xalq birliyidir. Elə dövlət başçısı İlham Əliyev də çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirərək qeyd edib ki, uzun illərdir Azərbaycanda sabitlik təmin edilir. Prezident bildirib ki, sabitliyin təminatçısı Azərbaycan xalqıdır: "Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək. Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq. Mən o vaxt seçkiqabağı söz vermişdim ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni, sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik".
Süleyman