Ermənistan rəhbərliyi heç bir razılaşmaya əməl etmək istəmir- PROBLEM

Ermənistan rəhbərliyi heç bir razılaşmaya əməl etmək istəmir

Nikol Paşinyanın Qarabağa səfəri təxribat xarakteri daşıyır

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında təxribatçı əməllərini davam etdirməkdədir. Məsələ orasındadır ki, belə təxribatçı əməllər işğalçı ölkənin dövlət başçısı səviyyəsində həyata keçirilir. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Şuşaya səfəri, Azərbaycanın tarixi və əzəli torpağında konyak içərək yallı getməsi və bunun görüntülərini həyasızcasına tirajlaması heç şübhəsiz ki, qarşı tərəfi təxribata sürükləməyə hesablanıb. Əslində isə Paşinyanın bu addımı beynəlxalq hüquq normalarının pozulmasıdır və münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu məsələyə hüquqi qiymət verməlidir. Millət vəkili Rauf Əliyev də hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etməsi, Xankəndində və Şuşada olması beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu, eyni zamanda mövcud danışıqlar prosesinin prinsiplərinə də ziddir. R.Əliyev bildirib ki, hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır, indiki hakimiyyətlə keçmiş rəhbərlik arasında çəkişmələr davam edir: "Paşinyan siyasi opponentlərinin çoxunu həbsə atdırıb. Ermənistanın indiki bu acınacaqlı vəziyyətinə baxmayaraq, müxalifət hakimiyyətlə ümummilli məsələlərdə, xüsusilə Qarabağ məsələsində bir olduğunu dünyaya nümayiş etdirir. Onlar Qarabağın rəmzi sayılan Şuşanın işğal gününü şənlik tədbirləri ilə qeyd etdilər. Ermənilərin işğal etdikləri torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Hazırda erməni əsirliyində olan yüzlərlə Azərbaycan övladını necə yaddan çıxarmaq olar? Bu hadisələri kənardan sadəcə olaraq seyr etmək olmaz. Hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməlidir". R. Əliyev qeyd edib ki, Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib: "Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. İndiki zamanda cənab Prezidentin ətrafında daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə problem olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Bu vəzifə dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir". Millət vəkili Flora Qasımova da hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında olan Şuşaya və digər ərazilərimizə səfəri təxribat xarakteri daşıyır. F.Qasımova bildirib ki, xarici işlər nazirlərinin Moskva görüşündən sonra qarşı tərəf müəyyən razılaşmalara əməl etməli idi. Amma Ermənistan bunun tam əksini edir: "Bu isə qeyri-konstruktivlik deməkdir. Bütün bunlar onu göstərir ki, Ermənistan rəhbərliyi heç bir razılaşmaya əməl etmək istəmir. Məqsəd isə status-kvonu qoruyub saxlamaqdır. Hesab edirəm ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar işğalçı tərəfindən əməllərinə reaksiya bildirməlidir". Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan Azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir. Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT TŞ-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-kvo dayanıqlı deyil və qəbuledilməzdir. 25 ildir atəşkəs rejimi davam edir. Bu, həmçinin münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tutur. Aydındır ki, atəşkəs münaqişənin həlli deyil, o münaqişənin həllinə aparan yolda müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır. Lakin bütün bu illər ərzində Ermənisan münaqişənin həlli üzrə nəticəyə yönəlik substantiv danışıqların aparılmasından və beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbindən davamlı imtina edir: "Ermənistan öz əhalisini və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərindən əl çəkərək, təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, öz beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin ən qısa zamanda həlli üzrə aparılan danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməlidir. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunması, etnik təmizləməyə məruz qalan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşayışının təşviq olunması Ermənistan və Azərbaycan arasında normal qonşuluq münasibətlərinin bərpa olunmasının və bölgədə davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunmasının əsasını təşkil edir".

Nurlan

Erməni general: Biz Qarabağ məsələsini həll etdik, indi isə...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31