İran-Qərb gərginliyi pik həddə- Ekspert
İslam Respublikasına qarşı sanksiyaları sərtləşdirməsinə cavab olaraq İranın əldə edilən nüvə razılaşmasına əməl edilməyəcəyi barədə açıqlaması regionda ciddi gərginliyə yol açıb
10 May 2019 15:16 SiyasətRegionda müharibə təhlükəsi yaranır
Tehranla Qərb, Birləşmiş Ştatlar arasında gərginlik özünün pik həddinə qədəm qoyur desək yanılmarıq. Qərbin İslam Respublikasına qarşı sanksiyaları sərtləşdirməsinə cavab olaraq İranın əldə edilən nüvə razılaşmasına əməl edilməyəcəyi barədə açıqlaması regionda ciddi gərginliyə yol açıb. İndi, yaxın vaxtlarda bu münasibətlərin necə olacağı və hansı fəsadlara gətirib çıxaracağı barədə müxtəlif proqnozlar səsləndirilir. Ekspert Kamran Sultanlı da hesab edir ki, münasibətlərdə meydana çıxan anlaşılmazlıq hətta bölgədə müharibə riskini belə artırır: "İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə müqaviləsinin bir-neçə maddəsini bundan sonra yerinə yetirmiyəcəklərini açıqlayıb. İran avropalı müttəfiqlərinə 60 gün vaxt verib. Əgər bu 60 gün ərzində Avropa nəhəngləri İrana iqtisadi sahədə, xüsusilə neft sahəsində lazımı təminatı verməsələr, İran nüvə müqaviləsindən çıxacaq. İranın XİN müavini Abbas Araqçi isə rəsmi Tehranın mərhələli şəkildə nüvə müqaviləsini tərk edəcəyini açıqlayıb. Tehranın məlum qərarına okeanın o tayından ilk reaksiya gəlib.Vaşinqton "B52" strateji bombardmançılarını Qətərdəki "Əl-Ubeyd" bazasına göndərib. Xatırladım ki, bu bombardmançılar taktiki döyüş başlıqları olan "Tormahavkları" daşıya bilir. Vaşinqton bir-neçə gün öncə isə özünün aviadaşıyan gəmisi olan Abraham Linkolnu Körfəzə göndərib. Hazırda bu gəmi Aralıq dənizindədir". Ekspertin szlərinə görə, ABŞ dövlət Katibi Pompeo İranın nüvə silahına yiyələnməsinə əsla imkan vermiyəcəklərini deyib və bütün avropalı müttəfiqlərini İrana qarşı sanksiyalara qoşulmağa çağırıb: "Avropadan İranın məlum qərarına ilk reaksiya gəlib. Fransa, Almaniya XİN və Britaniya baş Naziri Tereza May öz mətbuat nümayəndəsi ilə İranla müqavilənin qorunmasına tərafdar olduqlarını və müqavilənin pozulacağı halda, Tehranın nəticələrə qatlanmalı olacağını açıqlayıblar.Daha sonra üçlü bəyanatda Avropa nəhəngləri ABŞ-ın sanksiyalarını qınayıblar. 2015-ci ildə İranla altılıq ölkələri arasında imzalanan "Əhatəli Ortaq Fəaliyyət Planına" əsasən İran yalnız 300 kq urana sahib ola bilər, qalan zənginləşdirilmiş hissəni isə İran müttəfiqlərinə satmalıdır. Onun əvəzində isə təbii uran əldə edə bilər. Nüvə silahının əldə edilməsi üçün lazım olan ağ suyun miqdarı isə 130 tonu keçməməlidir.Rəsmi Tehran yalnız 3,67 kq həcmində Uranı zənginləşdirə bilər. Lakin indi Tehran bir-sıra öhdəliklərdən imtina edir və uranın ilk mərhələdə zənginləşdirilməsinə başlayır. İran artıq uranı və ağır suyu satmayacaq".
Kamran Sultanblı hesab edir ki, Tehranın nüvə anlaşmasından çıxmaq qərarının arxasında əsasən ABŞ-ın sanksiyaları və Avropa dövlətlərinin İranla nüvə müqaviləsini davam etdirmələrinə baxmayaraq bu ölkəyə iqtisadi divident verə bilməmələrindən irəli gəlir: "ABŞ prezidenti Trampın 2018-ci ilin may ayının 12-də İranla nüvə müqaviləsindən çıxması, avqustun 7-si və noyabrın 5-i İrana qarşı mərhələli sanksiyalar bu ölkədə vəziyyəti kritikləşdirib. Vaşinqton tərəfindən avqustun 7-si İranın avtomobil sektoruna, borc kağızlarına, qızıl və qiymətli metal, polad, alüminium, kömür, qrafit ticarətinə, ABŞ dolları ilə əməliyyatlarına, sərnişin təyyarələri satın almasına, sənaye proseslərinin idarə olunması üçün proqram təminatı əldə etməsinə qadağa qoyulub. Noyabrın 5-dən qüvvəyə minən ikinci mərhələdə isə daha sərt sanksiyalar tətbiq olunub. Burada İranın bank, gəmiçilik sektoru, həmçinin neft ixracına ciddi qadağalar qoyulub.Tramp administrasiyası İrana 12 maddəlik şərtlər irəli sürüb. Bu şərtlər İranın Suriyadan çıxması, İsrailə qarşı sərt ritorikadan əl çəkməsi, qruplaşmalara dəstəyi dayandırması və s. Təbii ki, bu tələblər İranın maraqlarına zidd olan tələblərdir. İrandan neft idxal edən 8 dövlətə mayın 2-dən qoyulan qadağa İranın neft ixracını 1 milyon barrelə qədər endirir. Bu amil də İran iqtisadiyyatının onurğasını sındırmaq deməkdir. İran həmçinin beynəlxalq ödəmə və mübadilə sistemi olan "SWIFT" -dən də çıxarılıb. Bir sözlə cənub qonşumuzun iqtisadi durumu olduqca kritik durumdadır". Ekspert hesab edir ki, İranın neft ixacı 3,3 milyon bareldən 2,2 milyon barelə,mayın 2-si qərarından sonra isə daha da azalacaq: "Təbii ki, hələlik Çin,Türkiyə və Hindistan qərara qarşı dirənir. Lakin bu dövlətlər də vəziyyət kritikləşsə, Vaşinqtonla konfrantasiyadan çəkinəcəklər. Xüsusilə ABŞ, Venesuallada məsələni həll etsə, bazara daha çox neft təklif edə biləcək ki, bu da İranın təklifini, tələb qarşısında konpensiya etməyə imkan verəcək. Bununla Tramp həm daxildə benzinin qiymətinin sabit qalmasını təmin edəcək, həm də İranın neft ixracına ciddi zərbə endirə bilər. Təbii ki,Tehran da qara bazara güvənir və bir-neçə əsas tərafdaşının onunla əlaqələrini qoruyacağına ümid edir. İranda inflyasiya 40 faizə çatmaqdadır. ABŞ dolları 14,7 minə qədər qalxıb. Ölkənin əsas pul vahidi 2018-2019 ci ildə 50 faiz civarında ucuzlaşıb. Ölkə ÜDM-ü 3-4 faiz intervalında geriləyib. Faktorial index 39 faiz geriləyib. Ölkənin səhmləri 27 faizə qədər ucuzlaşıb. İran bir-çox məhsulların ixracını qadağa qoyub. Ölkənin avtomobil parkı, hava parkı köhnəlib.Rəsmi Tehran ehtiyyat hissələri, dərman preparatlarını idxal edə bilmir. Son olaraq Fransaya məxsus "Airbus" təyyarəsi İranda nasazlıq səbəbindən eniş etmişdi. Lakin ABŞ sanksiyaları ilə əlaqədar təyyarə uzun zaman təmir edilə bilmədi, ehtiyyat hissələrini əldə edə bilmədi. İran Rusiyadan "Superjet" təyyarələrini almaq istəsə də, bu təyyarələrin 20 faiz ehtiyyat hissələrini ABŞ ixrac edir. Buna görə Vaşinqton təyyarələrin İrana ixracına icazə vermədi". Kamran Sultanlı deyib ki, İranın xalçaçılıq sektoruna ciddi ziyan dəyib. Bu sektorun gəlirləri 400 milyondan 250 milyona qədər geriləyib: "Xüsusilə İran ABŞ bazarını itirib. Cənub qonşumuzu bu sektorda Türkiyə əvəz etməyə başlayıb. Avropa şirkətləri ABŞ sanksiyaları ilə əlaqədar İranla əməkdaşlıqdan çəkilib.Almaniya nəhəngi "Daixmler" , Fransa avtomobil nəhəngi "Renault" ,aviasiya nəhəngi "AİRBUS" ,enerji nəhəngi "TOTAL" kimi şirkətlər həmçinin Türkiyənin "Daroğlu" qrup kimi enerji idxalatçıları İran bazarından çəkilib. İran ABŞ-ı Hörmüz boğazı ilə təhdid edir. Artıq Vaşinqton bununla bağlı özünün submines və esminesslərini Hörmüz boğazına göndərib. Soyuq müharibə dövründə də,İran və ABŞ arasında boğaz qarşıdurması olmuşdu. İran Hörmüz boğazını bağlamış, lakin ABŞ esmineslərinin təhdidi nəticəsində geri çəkilmişdi. Təbii ki,indi də İran bunu edə bilər. Lakin indiki durumda bütün geosiyasi vəziyyət İranın əleyhinədir. Bu ABŞ və onun körfəzli müttəfiqlərinə İrana müdaxilə üçün əsas var. Dünya enerji ehtiyyatlarının böyük hissəsi məhz bu boğazdan keçir. İrana qarşı sanksiyalara əgər Avropa da qoşularsa, bu Tehran üçün çox çətin duruma çevrilə bilər. Lakin ABŞ-ın indi İrana müdaxilə edəcəyini düşünmürəm. İran,İraq və Suriyadan fərqli olaraq güclü dövlətçilik ənənələrinə malik dövlətdir, İrana qarşı hərbi müdaxilə çox təhlükəli ssenari ola bilər. Lakin əgər İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoysa, bu zaman Vaşinqton,İranın nüvə obyektlərini vurmağı nəzərdən keçirə bilər. Təbii ki, o zaman Tehran da ABŞ-ın regiondakı bazalarını hədəfə almağa çalışacaq. Bu regionda gərginliyi daha da artırar. Azərbaycanın İranla qonşu olduğunu, 30 milyondan çox soydaşımızın burada yaşadığını və ABŞ-la tərafdaş olduğumuzu nəzərə alsaq bu bizim üçün müəyyən təhlükələr yarada bilər.Xüsusilə böyük demoqrafik hərəkətlənmə formalaşa bilər. Həmçinin Bakı çətin seçim qarşısında qalar. İstənilən halda İranın bu qərarı,küncə sıxışdırılmağa çalışan Tehranın sağ qalmaq üçün manevrləridir".
Məhəmməd