"Ağ kağız"dan böyük və şərəfli salnamə yazan lider
10 May 2019 13:27 SiyasətMilli iqtisadiyyatın formalaşmasında Heydər Əliyevin rolu
Azərbaycan günü-gündən daha da inkişaf edir, dünya ölkələri sırasında öz layiqli yerini tutur. Etiraf edilməlidir ki, müasir Azərbaycanın hazırki səviyyəyə yüksəlməsində, eləcə də dünya ölkələri arasında layiqli yer tutmasında Ulu öndər Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyaslı dövlət xadimi və dahi siyasət korifeyi Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində ölkəmiz tərəqqi yoluna qədəm qoydu, suverenliyimiz əbədi və sarsılmaz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi ruhu yüksəldi, Azərbaycanda ümumbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideya əsasları və strateji inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin liderlik keyfiyyətləri, fədakar və yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirdi. Müstəqil Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırdı. Dövlət suverenliyinin əldə edilməsini Azərbaycan üçün müstəsna dərəcədə önəmli hesab edən və xalqın yüksəlişi, dünyəvi, demokratik dəyərlərə yiyələnməsi yolunda əsas amil sayan ümummilli lider bu tarixi nailiyyəti yüksək qiymətləndirirdi: "Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir".
Ulu öndər Heydər Əliyev müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatlara böyük önəm verirdi. Azad bazar iqtisadiyyatının formalaşdırılması, istehsalın artırılması, sənayenin inkişafı, mülkiyyətin özəlləşdirilməsi, torpaq islahatının həyata keçirilməsi, sahibkarlığın formalaşması bu baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Ümummilli lider iqtisadiyyatın inkişafını dövlət siyasətinin prioritetlərindən hesab edirdi: "İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı formalarını tətbiq etməkdən ibarətdir". Qeyd edək ki, islahatlar vasitəsilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ 1969-cu ildə Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanan şərəfli və mühüm missiyanın əsas istiqamətlərindən idi. Məhz həmin dövrdən etibarən ölkəmizin milli iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialın və təbii sərvətlərin ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi üçün ciddi addımlar atıldı. Milli inkişaf ideyasından doğan və Azərbaycan iqtisadiyyatını bütün parametrlər baxımından Sovet İttifaqında ən öncül yerlərdən birinə çıxarmağı hədəfləyən bu islahatlar ümummilli liderin yüksək dövlət idarəçiliyi bacarıqları və liderlik keyfiyyətləri sayəsində o dövrdə Azərbaycanda tarixi dönüş yaratdı, köklü müsbət dəyişikliklərə səbəb oldu. Ulu öndərin səyi, əzmkarlığı və ittifaq miqyasında güclü nüfuzu sayəsində siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində Azərbaycanın inkişafını təmin edəcək əlverişli qərarlar qəbul edildi, bütün sahələrdə uzunmüddətli və sistemli proqramların icrasına, iqtisadiyyata dövrün yeni və mütərəqqi texnologiyalarının uğurla tətbiqinə başlandı. Nəticədə Azərbaycan xammal ölkəsi və aqrar respublikadan qabaqcıl sənaye ölkəsinə çevrildi, kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, ölkəmiz ittifaq respublikaları arasında iqtisadi uğurları və əldə etdiyi konkret nəticələri ilə önə çıxmaq imkanı əldə etdi. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sahələr, 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı. Həmin illər neft-kimya sənayesinin yeni dövrün tələblərinə uyğun inkişafı baxımından da önəmlidir. Ümummilli liderin böyük diqqəti sayəsində tam modernləşdirilmiş neft-kimya sənayesi ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadı, Azərbaycan neft məhsulları və avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal sahələri üzrə Sovet İttifaqında aparıcı respublikalardan birinə çevrildi.Əvvəllər kənd təsərrüfatının inkişafı baxımından da geridə qalan Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə səmərəli idarəçilik və mütərəqqi texnologiyaların uğurlu tətbiqi sayəsində sovetlərin qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük, ümumilikdə aqrar-sənaye üzrə əsas respublikalardan biri oldu. O dövrdə Azərbaycanda istehsal edilən müxtəlif sahələr üzrə 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başladı.Ulu öndərin Azərbaycanın hərtərəfli inkişaf strategiyası həm də infrastrukturun yenilənməsini, arxitekturaya yiyələnməsini şərtləndirirdi. Bunun nəticəsidir ki, paytaxta və regionlara gözəllik verən yüzlərlə müasir yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, su anbarları, müasir yollar tikildi, yaşıllıq zonaları, istirahət ocaqları yaradıldı. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən quruculuq siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri, formalaşmış böyük potensial Azərbaycanın gələcək inkişafı üçün önəmli amillər oldu. Sovet İttifaqında müasir istehsal və sənaye üsullarının və texnologiyaların burada cəmləşməsi, ulu öndərin müdrik idarəetmə və uzaqgörən strategiyası nəticəsində ölkədə baş verən sosial-iqtisadi inkişaf bumu məqsədli şəkildə milli inkişafa yönəldilmişdi və ölkənin gələcək müstəqilliyinin davamlı olması baxımından mühüm tarixi əhəmiyyət kəsb edirdi. Ümummilli liderin dövlət quruculuğu strategiyası qabaqcıl iqtisadiyyat və infrastruktura, sosial-iqtisadi inkişafa nail olmaqla yanaşı, həm də milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi istiqamətində həyata keçirilən siyasətlə tamamlanırdı ki, bu da Azərbaycan xalqının müstəqil dövlətçilik ideyalarının reallaşmasında və xalqın milli-azadlıq mübarizəsinin uğurla nəticələnməsində həlledici rol oynadı. Ulu öndər Heydər Əliyev bu məqamı çox dəqiq ifadə etmişdir: "1970-ci illərdə görülən işlər, yaranan bu böyük iqtisadi, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Əgər onlar olmasaydı, biz bu gün dövlət müstəqilliyini əlimizdə bu qədər möhkəm saxlaya bilməzdik".
Yap Siyasi Şurasının üzvü Vaqif Abdullayev bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə gələrək "ağ kağız"dan böyük və şərəfli salnamə yazdı. Ulu öndər Azərbaycan Konstitusiyasına və müqəddəs kitabımız olan "Qurani-Kərim"ə and içərək bütün azərbaycanlıların Prezidenti olacağına söz verdi. Onun üçün ən dəyərli və müqəddəs olan bu kitablara əl basıb and içmək böyük şərəf idi. Bu, Onun ali müqəddəs dəyərlərə olan ehtiramının, andına sədaqətinin nünunəsi idi. İçdiyi anda sadiq qalan, əməli ilə verdiyi sözləri yerinə yetirən Ulu öndərimizin xalq qarşısında dərin məhəbbətinin fəlsəfəsi də, məhz bundandır: "Tarix üçün dialektikaya çevrilmiş, tarixçilər üçün geniş təhlil obyekti ola bilən bir həqiqət var, müstəqil dövlətin qurucusu olmağın, milli liderə çevrilməyin əsas başlıca mənbəyi xalqın dəstəyini qazanmaq, Qanunlara əməl olunmasıdır. Heydər Əliyev bu iki faktora böyük önəm verərək vicdanla, sədaqətlə xalqa, dövlətə xidmət etdi. Sözünə və vədinə əməl etmək, bütövlük hər şəxsiyyətə aid ola bilmir, bu, Heydər Əliyev kimi dühalara xas olan fövqəladə şəxsiyyətlərə xarakterik cəhətdir. Ümummilli liderin güclü idarəçilik instititutu formalaşdırması və vahid peşəkar komandanı formalaşması müstəqil Azərbaycanın sonrakı illər ərzində inkişafnda böyük rol oynadı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi, sosial-humanitar bölmələri ilə bağlı bütün təfərrüatları özündə əks etdirdirdi, iqtisadi inkişafın təmin olunması, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlara geniş zəmin yaratdı. Qəbul olunan qanunlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaratdı".
Zəka