Siyasət gəncləşməlidir

Sabiq məmurlar isə ya ixtisasları üzrə işləməli, ya da bizneslə məşğul olmalıdır

Çünki günahları çox böyükdür

Azərbaycanda qəribə bir tendensiya var. Bəlkə də dünyanın heç bir yerində belə mənfi tendensiya yoxdur ki, tutduğu vəzifədən sui-istifadə edən, səriştəsizliyi, yarıtmazlığı, etimadı doğrultmadığına görə postundan uzaqlaşdırılan məmur dərhal hakimiyyətin bir nömrəli tənqidçisinə çevrilsin. Qısa müddətli davam edən bu tənqid isə bir qədər sonra təhqirə, qeyri-sağlam yanaşmaya keçsin. Ən sonunda kin-küdurət hissi dövlətə, dövlətçiliyə qarşı çevrilsin. Yaxın tariximizdə çox şahidi olmuşuq. Xüsusilə də, Milli Azadlıq Hərəkatından üzü bu yana, müstəqillik əldə etdikdən sonra cərəyan edən hadiisələr fonunda tez-tez yuxarıda qeyd etdiyimiz arzuedilməz situasiya ilə rastlaşmışıq. Burada haşiyədən kənara çıxaraq qeyd etmək yerinə düşər ki, elə bu mənfi tendensiyanın təməli AXC-Müsavat hakimiyyəti dövründən qoyulub. Sabiq müdafiə naziri Rəhim Qazıyevin vəzifədən azad edilməsindən sonra dövlətçilyə qarşı necə barışmaz mövqedə dayanması, Rusiyanın Azərbaycanda hakimiyyət çevrilişi etmək planına dəstək verməsi, eləcə də vaxtı ilə AXC-nin vuran əli sayılan Sürət Hüseynovun sonradan elə AXC-Müsavat hakimiyyəti vuraraq devirməsi, eləcə də digər bu kimi faktlar yaxın tariximizdə bizə miras qalan mənfi proseslərdir. Bir sözlə hər zaman əsas üzləşdiyimiz problem sabiq məmurların dövlətə, dövlətçilıiyə qarşı barışmaz mövqedə dayanması olub. Xalqın adından istifadə edərək cəmiyyətdə nüfuz qazanmaq, hakimiyyəti ələ keçirmək kimi absurd fəaliyyətlər təəssüflər olsun ki, bu gün davam edir. Təbii ki, hər bir şəxsin, siyasi təşkilatın hakimiyyətə gəlmək iddiası başa düşülən olmalıdır və hər kəs hətta iqtidar belə həmin mövqeyə hörmətlə yanaşır. Lakin şəxsi qərəzçilik, dövlətə qarşı düşmən münasibətdə dayanma, qeyri-sağlam mübarizə üsulu ilə bunu etmək doğru deyil. İqtisadçı ekspert Qadir İbrahimli də sabiq məmurların hakimiyyət, vəzifə iddiasını normal qarşılamır. O, hesab edir ki,  sabiq məmurlar ya ixtisasları üzrə işləməli, ya da bizneslə məşğul olmalıdır. Qadir İbrahimli deyib ki,1988-ci ildən başlayan oyanış hərəkatı dövründə də ölkədə korrupsiya-rüşvət ocaqları var idi. Ali məktəblərdən tutmuş iri dövlət müssisələrinə qədər: "Onda da universitetlərin çoxunda imtahanı pulla yazırdılar. Ancaq hərəkatın önündə korrupsiya və rüşvətə bulaşmamış ziyalılar gedirdi. Yəni siysətdə mənəvi baxımdan təmiz insanların öndə olması və yeni proses başlatması həmişə olub və olacaq. Faciə korrupsiya-rüşvətə bulaşmış şəxsləri siyasi iddialarını ortaya qoyanda başlayır". 
Ekspert onu da diqqətə çatdırıb ki, yeni siyasi partiya və yaxud hərəkat yaratmaq, siyasi iddia ortaya qoymaq hər bir vətəndaşın müstəsna hüququdur. Ancaq bir şərtlə ki, insanın keçmişi şəffaf olsun, hökuməti tənqid etməyə, insanları arxasınca aparmağa mənəvi haqqı olsun: "Bu bütün dünyada belədir. Və siyasətin fundamental şərtlərindən biri də uduzduğunu etiraf edib siyasi mühitdən uzaqlaşmaqdır. AXC hakimiyyətinin bir neçə naziri indi guya yeni hərəkat yardıb. Özü də söhbət AXC hakimiyyətinin süqutunda önəmli rol oynamış nazirlərdən gedir. Əslində onlar 1993-cü ildə - AXC hakimiyyətdən gedəndə siyasi meydanı tərk etməliydilər. Ancaq etmədilər və 27 il sonra yenidən guya hərəkat yaradırlar. Təbii ki, xalq onların arxasınca getməyəcək və düz də edəcək. Ümumiyyətlə, döyüşü uduzan sərkərdəni yenidən döyüşə göndərmir, ona etimad göstərmirlər. Bu hərb və siyasət aləminin qızıl qanundur. Eyni sözlər sabiq sabiq nazirlərin hamısına aiddir. Onlar normalda gedib, elmlə, pedaqoji fəaliyyətlə, həkimliklə məşğul olmalıdır. Sabiq nazir kimi yüksək pensiya alacaqlar. Pensiya azlıq edərsə, biznes fəaliyyəti ilə məşğul ola bilərlər. Biznes üçün ilkin kapitalları da yetərincədir - korrupsiya yolu ilə kifayət qədər vəsait əldə ediblər.
Siyasətlə isə keçmişi təmiz olan, heç bir korrupsiya rüşvət qalmaqalında adı hallanmayan şəxslər məşğul olmalıdırlar. O adamın 70, hətta 80 yaşı da ola bilər, yetər ki, təmiz keçmişi olsun. Məsələn, Ziya Bünyadov 1988-ci ildə 65 yaşı vardı. Ancaq təmiz keçmişi ona hərəkatın önündə getməyə mane olmadı. Hökuməti tənqid etmək üstün dəyər sayıla bilməz. İsa peygəmbərin sözü olmasın, qoy ilk daşı günahı olmayanlar atsın. Siyasət gəncləşməlidir. Sabiq məmurlar isə ya ixtisasları üzrə işləməli, ya da bizneslə məşğul olmalıdır. Çünki günahları çox böyükdür".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31