Azərbaycan Türkiyə ordusunun döyüş təcrübəsini öyrənir- EKSPERT
6 May 2019 13:26 SiyasətBakının Ankaradan alacağı hərbi texnikadan gələcəkdə istifadə oluna bilər
Ötən həftə ərzində həm ölkəmizdə, həm də yerləşdiyimiz regionda kifayət qədər maraqlı proseslər, hadisələr baş verdi. Bakıda sayca beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bütün bu tədbirlər və toplatıların, regionda baş verən proseslərin demək olar ki, ən diqqətçəkicisi idi. Paralel olaraq Azərbaycan və Türkiyənin birgə hərbi təlimlər keçirməsi də həm regionumuz, xüsusilə də ölkəmiz üçün əhəmiyyətli hadisələrdən sayıla bilərdi. Cərəyan edən hadisələrə nəzər yetirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əsas diqqəti Nazirlər Kabinetinin iclasına çəkib. Bildirib ki, Prezident İlham Əliyevin aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışının əsas ana maddələri var idi. Politoloq hesab edir ki, dövlət başçısının çıxışının əsas ana maddələri ondan ibarət idi ki, islahatlar bir neçə istiqamətdə aparılır, yeni sosial-iqtisadi model hazırlanır: "Buna baxmayaraq, prezident hər iclasda olduğu kimi yerli icra hakimiyyəti başçılarını yenidən bu sözlərlə xəbərdar etdi: "Yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar". Prezident ictimai nəzarətin güclü olması fikrini də təkrarladı". Gürcüstan-Azərbaycan sərhəddindəki son olaylar və gürcü rəsmilərin sərhədlə bağlı çoxsaylı açıqlamalarına diqqət çəkən politoloq deyib ki, bu həftənin digər yadda qalan hadisəsi idi: "Başda Gürcüstan prezident olmaqla gürcü rəsmiərinin tamamı həftə ərzində verdikləri açıqlamalarda sərhəddin yerdə qalan 34 faizinin qısa zamanda müəyyənləşməsi vacibliyini bildirdilər. Gürcü rəsmiləri bunu o şəkildə səsləndirdilər ki, sanki Gürcüstanın strateji tərəfdaşı Azərbaycanla sərhəddi tələsik müəyyənləşməsindən başqa dərdi yoxdur". Politoloq onu da qeyd edib ki, rəsmi Bakı Tbilisi ilə münasibətlərin gərginləşməsində maraqlı deyil: "Elə buna görə də prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Halbuki, Xələf Xələfov 5 ay öncəsinə qədər elə bu vəzifədə idi. Görünür, Azərbaycan prezidenti də Gürcüstanla sərhəd mövzusundakı danışıqları gecikdirmək istəmir. Sərhəd mövzusunda peşəkar diplomat olan Xələf Xələfov Gürcüstanla danışıqlarda Azərbaycanı təmsil edəcək".
Elxan Şahinoğlu Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə də toxunaraq qeyd edib ki, iki ölkə arasında birgə hərbi təlimlər tez-tez keçirilir. Onun sözlərinə görə, eyni günlərdə Türkiyədə beynəlxalq hərbi sərgi keçirilirdi: "Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədəki sərgidə iştirak etdi. Azərbaycan Türkiyənin istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Bu o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan Türkiyədən daha çox hərbi texnika ala bilər. Ermənistan və Dağlıq Qarabağ separatçıları Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından narahatdırlar. Onlar Azərbaycan-Türkiyə hərbi təlimlərini özləri üçün təhlükə kimi görürlər. Erməni separatçıları hesab edirlər ki, hərbi təlimlər zamanı Azərbaycan ordusu təmas xəttində hansısa hücum əməliyyatları həyata keçirə bilər. Separatçılar onu da deyirlər ki, Türkiyə ordusu Azərbaycan ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edir, təcrübəsini bölüşür və s. Separatçılar haqlıdırlar. Azərbaycan Türkiyə ordusunun döyüş təcrübəsini öyrənir. Azərbaycanın Türkiyədən alacağı hərbi texnikadan gələcəkdə istifadə oluna bilər. Türkiyə Azərbaycanda hərbi bazalar yerləşdirərsə, bu Azərbaycan torpaqlarını işğal edən Ermənistanı daha çox qorxudacaq". Elxan Şahinoğlu İrəvanda Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin baş nazirlərinin toplantısına da diqqət çəkərək qeyd edib ki, bu toplantı bir daha Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə strateji müttəfiqliyi davam etdirmək istəyidiyini göstərdi: "Halbuki, Nikol Paşinyan hakimiyyətə yeni gələndə balanslı xarici siyasətə üstünlük verəcəyini deyirdi. Nikol Paşinyan Avropa və Birləşmiş Ştatlardan ümid etdiyi maliyyə dəstəyini ala bilmədiyinə görə Rusiya ilə strateji müttəfiqliyin davamına üstünlük verdi".
Elxan Şahinoğlu onu da deyib ki, keçən həftə NATO ilə Azərbaycan arasındakı əməkdaşlğın 25 ili tamam oldu: "Bu əməkdaşlığın bünövrəsi 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin NATO-nun mənzil qərargahına səfər edərək NATO və Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan "Sülh Naminə Tərəfdaşlıq" çərçivə sənədini imzalamasıyla başladı. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edir, NATO Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir, Azərbaycan hərbçiləri NATO-nun müxtəlif təhsil proqramlarında iştirak edirlər və bu Azərbaycan ordusunun bütün istiqamətlərdə NATO standartlarına yaxınlaşmağa imkan verir, NATO Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Ötən həftə hımçinin Birləşmiş Ştatların İrandan neft alan ölkələrə qarşı da sanskiyaların tətbiqinə başlanıldı. Sanksiya mexanizmi hələ işə düşməyib. Ancaq bəllidir ki, hədəfdə Türkiyə də var. Türkiyənin İran neftindən tamamən imtina etməsi problematikdir. İrana qarşı neft embarqosunun neftin qiymətlərinə və ümumilikdə regional proseslərə mənfi təsirləri olacaq".
Məhəmməd