Qərbin Türkiyə ilə bağlı yeni planı- Siyasət

Qərbin Türkiyə ilə bağlı yeni planı

Yaxud Türkiyənin siyasi səhnəsində yeni partiya quruculuğu nəyə hesablanıb?

Türkiyədə bir müddət əvvəl keçirilən bələdiyyə seçkiləri bir sıra nüansları ortaya çıxardı. Düzdür, seçkilərdən hakim partiya olan Ədalət və İnkişaf Partiyası qələbə ilə ayrılsa da, lakin AKP-nin bu qələbəsi heç də partiya rəhbərliyi üçün uğurlu oldu deyə bilmərik. Çünki İstanbul kimi şəhərdə AKP-nin namizədi Cümhuriyyət Xalq Partiyasının namizədinə uduzmuş oldu. Eləcə də bir sıra mühüm şəhərlərdə hakim partiya əvvəlki uğurlarını təkrarlaya bilmədi ki, bu da istər-istəməz qardaş ölkədə yeni bir ab-hava yaratmış oldu.

AKP-nin nisbətən zəifləməsindən istifadə edən bəzi siyasilər-hansı ki, həmin siyasilər də məhz hakim partiyanın şinelindən çıxıblar-yeni bir partiya yaratmaq eşqinə düşdülər. Bunların sırasında vaxtı ilə AKP-nin ağır artileriyaları sayılan sabiq xarici işlər nazirləri Əhməd Davudoğlu, Əli Babacan və digərlərinin adları sadalanır. Əslində sabiqlərin yeni partiya yaratmaq istəyi hələ bələdiyyə seçkilərindən əvvəl ortaya çıxsa da, lakin bu istiqamətdə təşkilatlanma o qədər də nəzərə çarpmırdı. Belə demək olar ki, yeni partiya qurucuları seçkilərinin nəticələri və AKP-nin bu seçkilərdən necə çıxacağını gözləyirdilər. Eyni zamanda Türkiyə cəmiyyətinin nəbzini yoxlayırdılar. Artıq demək olar ki, qardaş ölkədə yeni siyasi partiyanın təşkilatlanması prosesinə start verilib. Nəzərə alsaq ki, AKP-dən sonra yeni yaradılan siyasi partiyalar o qədər də perspektivli olmayıb, o zaman Davudoğlu və Babacanın da partiya quruculuğunun ciddi effekt verəcəyini düşünmək bir qədər çətindir. Yaxın tarixdə yaranmış İYİ Partiyanın timsalında bunu aydın görmək mümkündür. Baxmayaraq ki, sözügedən partiyanın yaradıcılarının da bir çoxu məhz AKP-nin şinelindən çıxmışdı, ancaq mövcud reallıq göz qabağındadır. Ona görə də qardaş ölkədə partiya quruculuğu prosesinin müsbət nəticə verəcəyinə elə Türkiyə cəmiyyətinin özündə o qədər də inamla yanaşmırlar. Bəs görəsən bu barədə ekspertlər nə düşünür?

Müstəqil ekspert Kamran Sultanlı deyir ki, bu gün qardaşTürkiyədə, müzakirə edilən ən əsas məsələ yeni yaradılacaq sağyönümlü partiyadır. Onun sözlərinə görə, partiyada keçmiş AKP-çilər Əhməd Davudoğlu, Suat Kılıç, Əli Babacan, Selcuq Özdağ və Haşım Kılıçın olacağı güman edilir: "Sabiq prezident Abdullah Gül partiyanın içində olmasa da, yeni yaradılacaq partiyanı arxa fondan dəstəkləyəcək. Gülün nüfuzu, Davudoğludan daha çoxdur. Davudoğlu isə şəhərləri gəzməklə məşğuldur. Ankarada olan Davudoğlu bir-neçə mühüm şəxslərlə görüş keçirib. Partiyanın yaradılması ilə bağlı işləri isə keçmiş nazir Bəşir Atalay həyata keçirir. Yeni partiyada sədrlik postundan Babacan və Gül imtina edib. Lakin bəzi gülcülər özləri ayrıca partiya yaratmaq iddiasında olublar. Xüsusilə bu işdə, keçmiş funksionerlərdən olan Murad Ayaz aktiv çıxış edib. Bir-çox gülcülər Abdullah Gülün yeni yaradılan partiyada lider olmalı olduğunu qeyd ediblər. Lakin Gül bununla razılaşmayıb".
Kamran Sultanlı deyib ki, yeni yaradılacaq partiya sağ yönümdə,  AKP-yə alternativ olaraq yaradılır: "Buna qədər sağ yönümdə böyük ümidlə yaradılan İYİ parti lazım olan nəticəni vermədi və uyğunsuz olaraq sol CHP-lə koalisiyaya getdi. Əvəzində isə milliyətçi müxalifət sayılan MHP iqtidar ilə ittifaqa getdi və son parlament seçkilərində 11 faizlik səs qazanan MHP hələ də bitmədiyini sübut etdi.
Abdullah Gül, Əhməd Davudoğlu və Əli Babacan arasında, üçüncünün keçmişi daha təmiz, nüfuzu isə daha çoxdur. Əhməd Davudoğlu və Abdulla  Gül başda olmaqla digər bütün AKP-çilərin əsas keçmişlərində ləkə FETO ilə əməkdaşlıqdır. Bu baxımdan Davudoğlu insanları inandırmalıdır. Buna görə keçmiş xarici işlər naziri və baş nazir ölkəni gəzməklə məşğuldur. Həmçinin o son olaraq bəyanat yayaraq, AKP-yə özünün ismarıcını göndərdi". 
Ekspert onu da deyib ki, Davudoğlu-Babacan tandeminin Qərbdə böyük nüfuzları var, onlar tez-tez Avropanın müxtəlif ölkələrində tədbirlərə dəvət alırlar: "Davudoğlu Türkiyənin Avroatlantik inteqrasiyasına və Avropa Birliyi ilə yaxınlaşmasına tərafdar siyasətçilərdəndir. Nəzəri bilikləri olduqca güclüdür. Üstəlik Türkiyədə siyasi islamın fundamental bazası ciddi şəkildə zədələndi və son seçkidə xalq iqtisadi amilə səs verdi. Bu baxımdan bu şəxslərin heç birinin siyasi islamdan istifadə edəcəyi inandırıcı deyil. Daha çox liberal-demokrat düşüncəli olan Davudoğlu, Babacan və Gül, Qərbin də diqqət mərkəzində olacaq. Qərb Türkiyədə Rəcəb Tayyib Ərdoğanın zəifləməsinə, siyasi islamın əvəzinə daha sekulyar bir partiyanın gəlməsinə maraqlıdır. Çoxları CHP-ni Qərbpərəst partiya hesab etsə də, Qərb CHP-ilə o qədərdə maraqlanmır.Bu baxımdan yeni yaradılacaq sağ partiya sağ yönümlü səslərin bir qismini qopara bilər. Eyni zamanda AKP-nin bir qism funksioneri yeni partiyaya yönələ bilər. Hətta bu cür proseslər seçkilərin daha erkən keçirilməsinə şərait yarada bilər. Təbii ki, Rəcəb Tayyib Ərdoğan yeni yaradılacaq partiyaya qarşı mübarizə aparacaq, lakin daha ənənəvi mübarizə üsulları əvvəlki kimi, effekt vermiyə bilər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31