Uzun illər səhiyyə sistemini kəfənə bürüyən İnsanovun kəfən sevgisi- Təhlil
Uzun illər səhiyyə sistemini kəfənə bürüyən İnsanovun kəfən sevgisi
6 May 2019 12:13 SiyasətYaxud korrupsionerin korrupsiyaya qarşı mübarizədən danışması qədər rəzillik
Sabiq səhiyyə naziri həbsxana həyatından vidalaşıb azadlığa qovuşan kimi verdiyi bəyanatlar, açıqlamaları bir neçə gün gündəm oldu desək yanılmarıq. Amma heç də müsbət mənada deyil, ənənəvi olaraq mənfi mövqeyi, proseslərə qərəzli, ədalətsiz yanaşması ilə. Həbsxanadan çıxar-çıxmaz ənənəvi müdrik görkəm yaratmaq istəyi ilə kameralar qarşısına çıxan sabiq səhiyyə naziri onu əfv edən Cənab Prezident İlham Əliyevə deyil, Birləşmiş Ştatlara təşəkkürünü ifadə etdi. Sanki, sözügedən əfv sərəncamını Ağ Ev rəhbəri Donald Tramp imzalayıbmış. Qısa və mənasız açıqlamalarının ardınca İnsanovun aktiv siyasi fəaliyyətə qoşulacağına ümid edənlər bir müddət məyusluq keçirməli oldular. Çünki İnsanovun məlum açıqlaması bir atımlıq barıt effekti daşıdı və sabiq nazir tam bir aydan artıq susqunluq nümayiş etdirdi. Sabiq nazirin bu susqunluğunun səbəbini axtaran onun məhdud sayda yaxın ətrafı uğursuzluq sindromundan çıxa bilmirdilər. Ancaq bu susqunluğun səbəbi bəlli idi. Çünki İnsanov xaricdəki antiAzərbaycan şəbəkə, minnətdar olduğu Vaşinqton danışmamağı, gözləmə mövqeyində dayanmağı tövsiyə etmişdi. Zaman lazım idi, situasiya yetişməliydi danışmaq, öz kin-küdurəti, nifrətini ortaya qoymaq üçün. Və həmin zaman da yetişdi. Sabiq nazir ötən həftə xaricdən aldığı təlimat əsasında səsssizliyini pozdu. Ancaq kaş heç pozmayaydı, kaş Əli İnsanov elə susqunluq nümayiş etdirərdi. Nədən? Çünki adam verdiyi son müsahibəsi ilə bir daha özünü biabır etmiş oldu. Bir daha cılız hisslərə qapıldığını, hələ də islah olunmadığını, ən əsası və təssüfü qisasçılıq hissi ilə yaşadığını ortaya qoydu.
Əvvəla, sabiq səhiyyə nazirinin hara müsahibə verdiyinə diqqət edək. "Amerikanın səsi" radiosuna. Maraqlıdır deyilmi? Sabiq nazirin Azərbaycan dövlətinə, hətta xalqına belə qənim kəsildiyi, düşmən mövqedə dayandığı aydındır və bu səbəbdən onun Azərbaycanın nəinki dövlət, hətta hansısa özəl televiziya kanalına müsahibə vermək istəyinə düşəcəyi də qətiyyən inandırıcı görünmürdü. Həmçinin müstəqil kütləvi informasiya vasitələri, elektron KİV-lər də İnsanov üçün arzuedilən deyil. Bunları başa düşdük. Bəs nə üçün sabiq nazir ikidə bir onu siyasi məhbus kimi qələmə verən, azadlığını tələb edən radikal siyasi düşərgənin əsas təbliğatçısı sayılan "Meydan TV"-ni seçmədi, "Amerikanın səsi"nə üstnülük verdi. Əslində bu sualın cavabı bəllidir və cavabın nə olduğunu bilmək üçün sabiq nazirin həbsxanadan çıxdığı gün kimə təşəkkür etdiyinə nəzər salmaq lazımdır. Əgər İnsanov azadlığa çıxdığına görə Amerikaya minnətdardırsa, deməli danışmaq haqqını da məhz oradan almalıdır və sabiq nazirin ilk müsahibəsini "Amerikanın səsinə" verməsi də bu mənada başa düşüləndir. Əminliklə deyə bilərik ki, sabiq nazirin müsahibə zamanı söylədiyi bütün fikirlər məhz okeanın o tayında hazırlanıb, korrektə edilib. Bundan sonra atacağı addımlar da məhz həmin dairə tərəfindən müəyyənləşdiriləcək.
Gələk, Əli İnsanovun bundan sonra atacağı addımlara. Sabiq nazir iddia edir ki, Azərbaycan korrupsiya içərisində boğulur, rüşvətxorluq baş alıb gedir. Burada deyiblər ki, utanmasan oynamağa nə var ki?. Adam həbsxanadan çıxandan sonra ya beynini, yaddaşını, ümumilikdə keçmişini format etdirib, ya da xalqı, cəmiyyəti axmaq hesab edir. Bütün Azərbaycan cəmiyyətinə İnsanovun necə korrupsioner. rüşvətxor biri olduğu gün kimi aydındır. 2005-ci ildə hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat, araşdırma tədbirləri zamanı sabiq nazirin onlarla dəyəri milyonlarala ölçülən mülklərinin oılduğu üzə çıxdı. Hər bir mənzildən qızıl külçələr, digər zinət əşyaları, külli miqdarda pul aşkar edildi. İnsanovun təkcə bir mülkünə sərf edilən milyonlarla onun nazir olduğu dövrdə baxımsız vəziyyətdə olan, dəhlizlərində siçanlar dolaşan onlarla xəstəxananı təmir etdimək olardı. Ancaq, İnsanov nə edirdi? Hər il dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaiti mənimsiyir, gələcək təminatı üçün mal-mülk toplayırdı. İndi, Əli İnsanov xalqın gözünün içinə baxa-baxa korrupsiya və rüşvətxorluqdan, ona qarşı mübarizə aparmağın vacibliyindən danışır. Bu gün hakim komandanın üzvləri də Əli İnsanovun zamanında necə bir korrupsioner məmur olduğunu etiraf edirlər. Ona görə də sabiq səhiyyə nazirinin korrupsiya və rüşvətxorluqdan danışması, ona qarşı mübarizə aparacağını söyləməsi absurddur, gülüncdür. Axı boğaza qədər korrupsiya çirkabında olan birisinin belə bir mənfi tendensiyaya qarşı mübarizə aparması nə dərəcədə səmimidir?
Əli İnsanov deyir ki, bu yola boynuna kəfən salaraq çıxıb və başladığı mübarizədən də geri çəkilmək fikrində deyil. Əvvəla onu qeyd edək ki, İnsanovda kəfən sevgisi hələ səhiyyə naziri olarkən özünü göstərirdi. Məhz nazir kimi bu sahəyə ayrılan vəsaiti öz şəxsi maraqları naminə sərf edən sabiq nazir sözün həqiqi mənasında Azərbaycan səhiyyəsini kəfənə bürümüşdü. Ölkədə səhiyyə sisteminin bərbad olması nəticəsində ölüm halları da məhz həmin illərdə daha çox diqqətə çarpırdı. Ona görə də İnsanovun kəfən sevgisi başa düşüləndir. Ancaq boynunda kəfən sona qədər bu yolu davam etdirəcəyi bəyanatına gəlincə, adam bu fikirlərində səmimi və qətiyyətli deyil. Çünki sabiq nazirin bundan sonra atacağı bütün addımlar həbsxanadan çıxarkən təşəkkür etdiyi dairələrdən asılı olduğu üçün o, müstəqil heç bir addım ata bilməyəcək. Bu gün Əli İnsanovdan sadəcə yeni qüvvə kimi Azərbaycana təsir etmək üçün istifadə edilir. Onun bir siyasi fiqur kimi hazırlanması, siyasi mübarizə meydanına buraxılması hətta antiAzərbaycan dairənin belə planında yoxdur ki, bunun da bir neçə səbəbi var. Birincisi, Əli İnsanov xəyanətkar birisidir, vaxtı ilə öz komandasına, Heydər Əliyev siyasətinə xəyanət edən birinin sabah Qərbə, Birləşmiş Ştatlara qarşı da eyni mövqe nümayiş etdirəcəyi xarici dairələrə gün kimi aydındır. İkincisi, Əli İnsanov kifayət qədər yaşlı biridiri və Qərb, Birləşmiş Ştatlar da bir qayda olaraq yaşlı kadrlara deyil, gənclərə üstünlük verir. O ki qaldı, Əli İnsanov kimi korrupsioner birinə. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Qərbin, Birləşmiş Ştatların əsas prioriteti hesab edildiyindən, heç bir halda həmin güclər keçmişi korrupsiya ilə bağlı olan birisinə dəstək verməz. Sadəcə olaraq qeyd etdiyimiz kimi, sabiq nazirdən yalnız təzyiq vasitəsi kimi istifadə edirlər ki, bu da kökündən yalnış bir addımdır. Çünki yaxın tarix və təcrübə onu deməyə əsas verir ki, Azərbaycan heç bir halda bu kimi təzyiqlərə boyun əymir. Ümumiyyətlə, Azərbaycanla zor, təzyiq dili ilə danışmaq yersiz, mənasızdır.
Kəfən məsələsinə bir daha qayıdaraq Əli İnsanova xatırlatmaq istərdik ki, sabiq nazir bu gün boynuna salmaq istədiyi kəfənə 2005-ci ildə, dövlətə, xalqa qarşı xəyanət edəndə bürünməli idi. Nə üçün ki, dövləti cinayət törətmişdi. Nə üçün ki, yediyi qaba tüpürmüşdü. Nə üçün ki, mənsub olduğu komandaya, Heydər Əliyev ideyalarına xilaf çıxmışdı. O zaman sabiq nazir tutduğu əməldən, yol verdiyi cinayətdən peşmançılıq keçirib, nəticə çıxarıb boynuna kəfən salmalıydı. Bəlkə, o zaman İnsanovun səmimiliyinə inanmaq olardı. Ancaq bu gün yox. Digər tərəfdən, deyəsən Əli İnsanov sözün həqiqi mənasında kəfənə bürünmək ərəfəsində olduğunu unudur. Adam bu yaşında boynuna kəfən sarıldığını zənn edərək nəvələri ilə gün keçirmək, onlarla ünsiyyətdə olmaq, 14 ilin həsrətini aradan qaldırmaq əvəzinə, kəfənlə siyasi mübarəz aparmaq barədə düşünür. Amma, burada qəribəlik də axtarmağa dəyməz. Çünki, sabiq nazir özü etiraf edib ki, həbsxanada olduğu 14 il ərzində bir dəfə olsun belə nəvələrinin onun yanına gətirilməsinin istəməyib, onları yalnız şəkillərdən görüb. İlk növbədə heç kimin yolunun həbsxanadan keçməsini arzulamazdıq. Ancaq, insan nə dərəcədə daş ürəkli, hissiyatsız olar ki, 14 il qohum-əqrəba, nəvə-nəticədən bir kimsəni görməyi arzulamaya.
Əli İnsanov, zatəm sən boynunda kəfənləsən. Çünki yaşın, fiziki durumun belə deməyə əsas verir. Ancaq çalışmaq lazımdır ki, bundan sonrakı həyatı belə səmərəli keçirib ətrafdakılarına, yaxınlarına mənfəətin toxuna. Daha dəqiq desək kəfəndən belə səmərəli istifadə etmək vacibdir.
Nəhayət, diqqəti yetirək vacib bir məqama, sabiq nazirin müsahibə verdiyi günlərə. Hansı ki, bu ərəfədə Azərbaycana qarşı yenə təxribatlar törədilir, onun daxilində qarşıdurma yaratmağa çalışılır. Eyni zamanda qonşuları ilə problemlərə yol açmağa cəhdlər göstərilir. Elə son günlər Gürcüstanla sərhəd məsələsində yaranan xırda problem, bu ölkənin sabiq müdafiə naziri İrakli Okuraşvili və Liberal Partiyasının sədri Şalva Natelaşvilinin Azərbaycanla bağlı səsləndiriyi əsassız fikirlər, ölkəmizə qarşı ərazi iddiasının ortaya qoyulması fonunda Əli İnsanov amilinin qabardılması təsadüfi sayıla bilməz. Əslində hər iki proses, eləcə də radikal siyasi düşərgənin yenidən mitinq keçirmək istəyininortalığa atılması bütün bunların eyni mərkəzdən, antiAzərbaycan qüvvələr tərəfindən idarə olunduğundan xəbər verir. Elə sabiq nazirin regionçuluq amilini də qabartması bu məqsədə xidmət edir. AntiAzərbaycan şəbəkənin hər zaman əsas niyyəti, məqsədi ondan ibarət olub ki, Azərbaycanda etnik separatizmi, regionçuluq amilini qabardaraq daxildə qarşıdurmalara yol açsın. Necə ki, ölkəmizdə etnik separatizmi alovlandırmaq istəyənlərin səsi sonradan Ermənistandan gəldi, onların erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərdiyi üzə çıxdı, eləcə də Azərbaycanda regionçuluq amilini qabartmaq, bu zəmində vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyən sabiq səhiyyə naziri Əli İnsanovun da erməni maraqlarına xidmət etdiyi şübhə doğurmur.
Ancaq qətiyyətlə deyə bilərik ki, Azərbaycan bu məkirli planın da öhdəsindən gələcək və bulanıq suda balıq tutmaq istəyənlərin özləri elə həmin suda dərinliklərə qərq olacaqlar. Çünki Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti ağı-qaradan, pisi-yaxşıdan seçməyi bacarır və heç bir halda ölkəni xaosa, anarxiyaya sürükləmək istəyənlərə dəstək vermir. Əksinə mövcud siyasi sabitliyi, davamlı inkişafı dəstəkləyir. Nədən ki, bu siyasət yalnız və yalnız ölkəmizin inkişafına, xalqın rifah halının daha da gücləndirilməsinə xidmət edir.
S.İsmayılbəyli