350 dollarlıq "Lardini" şərfindən 3 manatlıq kəfənə keçidin sirri- SİYASƏT
350 dollarlıq "Lardini" şərfindən 3 manatlıq kəfənə keçidin sirri
3 May 2019 15:47 SiyasətYaxud axirəti deyil, qisasçılıq haqda düşünən qoca "siyasətçi"
Adətən hər hansı bir cinayət törətmiş şəxs törətdiyi cinayət əməlinə görə, cəza alıb öz cəzasının çəkdikdən sonra islah olunur, yol verdiyi əməldən peşmançılıq çəkərək sonrakı həyatını daha sağlam mühitdə, atmosferdə davam etdirir. Ancaq bəzən istisna hallarla da rastlaşırıq. Bu və ya digər şəxs həbsxanada cəzasını çəkdiyi müddətdə nəinki islah olunur, əksinə həbsxanadan çıxar-çıxmaz öz qanunsuz, pozuculuq əməlləri davam etdirməyə başlayır. Necə ki, bu günlərdə eyni situasiyanı sabiq səhiyyə naziri Əli İnsanovun timsalında müşahidə edirik. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin cari ilin mart ayında imzalamış olduğu əfv sərəncamı ilə azadlığa çıxan Əli İnsanov bu günlərdə verdiyi açıqlama ilə təsdiq edir ki, o nəinki islah olunub, əksinə dövlətə, xalqa qarşı daha barışmaz, hətta düşmən mövqeyinə keçib. Hər halda sabiq səhiyyə nazirinin müsahibəsində qabartdığı regionçuluq amili belə deməyə əsas verir. Burada haşiyəyə çıxaraq bir məqama diqqət çəkmək lazımdır ki, Azərbaycanda bu kimi qarşıdurma yaratmaq, etnik zəmində problemlər yaratmaq istəyinin başında məhz Ermənistan dövləti, erməni lobbisi dayanır. Yaxın tariximizdə ölkədə etnik separatizmi yaymaq istəyənlərin səsinin bir müddət sonra Ermənistandan gəlməsi hər kəsə bəllidir. İndi də Əli İnsanov eyni missiyanı həyata keçirməyə başlayıb ki, bu vaxta qədər rastlaşdığımız oxşar proseslərdən çıxış edərək deyə bilərik ki, sabiq səhiyyə nazirinin qabartmağa çalışdığı regionçuluq problemi də elə eyni mərkəzdən gələn sifarişdir. Yəni, Əli İnsanov regionçuluq amilini qabartmaqla xaricdə formalaşmış antiAzərbaycan qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət etmiş olur, erməni dəyirmanına su tökür. Zatən, Azərbaycanı istəməyən qüvvələrin, Ermənistanın da başlıca istəyi Azərbaycanı daxildən parçalamaq, burada daxili qarşıdurma yaratmaqdır. Ancaq əminliklə deyə bilərik ki, antiAzərbaycan qüvvələr, erməni lobbisi və onların maşası rolunu oynayan Əli İnsanovun cəhdi də alınmayacaq. Çünki, birinci növbədə Əli İnsanovun bu gün ağız dolusu danışdığı Qərbi Azərbaycanlılar onun nə dərəcədə xəyanətkar biri olduğunun fərqindədirlər. Ona görə də sabiq səhiyyə nazirinin öz regionunda belə düşünüldüyü qədər də hörməti nüfuzu yoxdur.
Keçək ikinci məsələyə, Əli İnsanovun aktiv siyasi fəaliyyətə başlaması istəyinə. Adətən, bu yaşda olanlar yerdə qalan ömrünü övladları, nəvələri ilə keçirməyə üstünlük verir. Ancaq sabiq səhiyyə nazirinin gözünü qisasçılıq hissi o qədər örtüb ki, yaşının bu çağında belə siyasətlə məşğul olmağı düşünür. Çünki hazırda sabiq səhiyyə naziri kəfəni boynunda olan ahıl yaşdadır. Bundan sonra onun siyasi fəaliyyətlə məşğul olması ən azı fiziki baxımdan mümkünsüzdür. Yeganə nəticə ondan ibarətdir ki, sabiq səhiyyə naziri xaricdən aldığı siyasi sifarişi icra etməyə başlayıb. Onu da nəzərə alaq ki, Əli İnsanovun siyasi fəaliyyətlə məşğul olması dünənə qədər sabiq səhiyyə nazirinin azadlığını tələb edən radikal siyasi düşərgə tərəfindən heç də nornal qarşılanmayacaq. Çünki antiAzərbaycan qüvvələrin radikal siyasi düşərgəyə Azərbaycandakı sabitliyi pozmaq üçün ayırdıqları qrantın bir şəriki də olacaq.
Sabiq səhiyyə nazirinin son müsahibəsi və həmin müsahibədə söylədiyi fikirlər cəmiyyət tərəfindən heç də normal qarşılanmayıb. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Əli İnsanov axirəti haqda deyil, siyasi qisasçılıq haqda düşünür. Onun sözlərinə görə, keçmiş səhiyyə naziri Əli İnsanov Prezident əfvi ilə 14 illik həbsdən çıxan günü haylı-küylü açıqlamasından sonra sanki bir müddətliyinə taym-aut götürmüş kimi görünürdü: "Susurdu. Və bizə elə gəlirdi ki, adam tələm-tələsik açıqlamalar verməsinin səhv olduğunu, səsləndirdiyi fikirlərin isə sadəcə öfkədən irəli gəldiyini sonradan anlayıb və buna görə də səssizliyə çəkilib, siyasətdən kənarlaşıb, siyasi iddialarından əl çəkib. Lakin gözləntilərimiz özünü doğrultmadı. Adam bu günlərdə sükutu pozdu. Danışdı. Müsahibə verdi. Bəs müsahibəni kimə versə yaxşıdır? Həbsdən çıxdığı andan etibarən özünü "Amerika uşağı" kimi aparan bu qocaman tibb akademikimiz ilk böyük müsahibəsini də yerli KİV-lərə deyil, məhz kölgəsinə sığınmağa çalışdığı ABŞ-ın maliyyələşdirdiyi "Amerikanın səsi" radiostansiyasına verdi. Kaş ki, heç danışmayaydı. Mən onun müsahibəsini diqqətlə izlədim. Yazdığı (daha doğrusu, yazdırdığı) "şparqalka"nı üzündən belə oxumağa çətinlik çəkən bu eks-nazirimiz müsahibəsində iddiaları özündən böyük olan fikirlər səsləndirdi. Məsələn, dedi ki,"insan hüquqlarını bərpa edəcəm". Görün insan hüquqlarını kim bərpa edəcəkmiş - Əli İnsanov. Həmçinin, yeni siyasi partiya yaradacağını və müxalif mövqedə duracağını bəyan edən bu macəraçı persona müsahibə boyunca hazırki iqtidarın daxili və xarici siyasətini geninə-boluna tənqid etməyə çalışdı. Və bilə-bilə ki, özü də əvvəllər bu iqtidarın təmsilçilərindən, öncüllərindən biri olub, lakin elə görüntü yaratmağa çalışdı ki, sanki o heç vaxt bu iqtidarın sıralarında olmayıb və elə bineyi-qədimdən də müxalifətçi imiş. Bu qədər qırmızılığı əlbəttə ki, yalnız Əli İnsanov bacarardı. Uinston Çörçildən və Marqaret Tetçerdən xəbəri olmayan, amma onların adı keçən fikirləri kağızdan oxuyaraq İlham Əliyevi tənqid etməyə çalışan bu "yeni siyasətçi" hətta tənqid etdiyi dövlət başçımızın neçə ildir prezident olduğunu da dəqiq bilmir, rəqəm səhvinə yol verir. "Mən burdan bəyan edirəm: mən kəfən boynumda çıxmışam bu yola, məni qorxutmaq mümkün deyil" deyən və guya hazırda faktiki olaraq ev dustaqlığı şəraitində yaşadığını iddia edən Əli İnsanov 14 illik həbs müddətində əslində zərrə qədər də islah olunmadığını və müdriklik keyfiyyətlərini qazana bilmədiyini bir daha nümayiş etdirdi. Kəfənin missiyasını dərk etmədiyi də öz yerində. Odur ki, axirəti haqda deyil, siyasi qisasçılıq haqda düşünən Əli İnsanovu lap yaxın gələcəkdə "Milli Şura"nın mitinqlərində, AXCP-çi adaşı Əli bəyin sağ tərəfində, tribunada dayanmış görsəniz heç də təəccüblənməyin. Dünən iqtidarın sağında dayanan "ştreykbrexer"in bu gün müxalifətin sağında dayanması tamamilə anlaşılandır. Hərçənd ki, normal deyil".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də sabiq səhiyyə nazirinin müsahibəsindən və səsləndirdiyi fikirlərdən razı qalmayıb. O, qeyd edib ki, heç zaman Əli İnsanovun şovinistcəsinə regionçuluğuna hörməti olmayıb: "İnsanların 40-dan sonra dəyişdiyinə inanmıram. Amma düşünürdüm ki, hörmətli akademik bu ağır taledən, aldığı dərslərdən nəticə çıxarar. Təəssüf. Çünki millətin indi ziyalılara, alimlərə, siyasət adamlarına zəruri dərəcədə ehtiyacı var. Hesab edirdim ki, Əli müəllim nazir olarkən buraxdığı səhvlərdən və yeni baxışlarından danışacaq. Əfsuslar. "Amerikanın səsi" tv-nə verdiyi müsahibədə yaraşdırmadığım şəkildə yenidən milləti doğma və ögeyə böldü. Regionçuluqla bağlı əvvəldən hazırlanmış suala, çox biabırçı bir cavab verdi: "Adam əvvəl doğma anasını, sonra başqa anaları sevər". Hörmətli, Əli müəllim! Yetmədimi milləti daxildən ögey doğmalara böldünüz. Həbs həyatı da Sizə dərs olmadımı?".
VİP sədri Əli İnsanova yalnış yoldan qayıtmağı tövsiyə edib: "Qayıdın o yoldan, nə qədər gec deyil. Dilində gözəl danışdığınız hayların təhlükəsi qarşısında, millətin vəhdəti mühüm dərəcədə zəruridir. Daxili parçalanma gücümüzü azaldır".
P.S. Əli İnsanov bu yola boynunda kəfən çıxdığını bəyan edib. Ancaq maraqlıdır ki, bəhs etdiyi yolun başlanğıcı elə həbsxananı tərk etdiyi an idi. O zaman nə üçün Əli İnsanov həbsxanadan boynunda kəfən deyil, 360 dollarlıq "Lardini" şərfi ilə çıxırdı? Cavab sadədir. Bununla İnsanov guya hələ də sinmadığını, ayaqda olduğunu sübuta yetirmək istəyirdi. Ancaq unudurdu ki, o xalqın gözündə 1995-ci ildən sınmışdı, gözdən düşmüşdü. O ki qaldı 350 dollarlıq şərfin kəfənlə əvəzlənməsinə, çox güman ki, bu da İnsanovun xaricdəki sifarişçilərinin təlimatıdır ki, bahalı əlbisələri kəfənlə əvəz etsin. Ancaq bu kəfən sabiq nazirin qisməti olacaq, yoxsa yox, onu yaxın tarix göstərəcək.
Süleyman