Xocalı qurbanları yaşıl qitədə də anıldı
25 Fevral 2013 14:15 SiyasətXocalı soyqırımının 21-ci ildönümü Avstraliyanın Sidney şəhərində də anılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Türk Dayanışma Dərnəyində təşkil olunmuş tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanaraq yerli diasporaya göndərilən videomateriallar nümayiş olunub, kitablar və broşürlər paylanıb. Tədbir iştirakçıları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda müzakirə aparıblar. Bundan başqa, fevralın 22-də Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə ölkənin ən böyük məscidi olan Gelibolu Camisində 3000-dək insanın iştirak etdiyi cümə namazından öncə Xocalı soyqırımı barədə məlumat verilib, Xocalı qurbanlarının ruhuna "Yasin" oxunub və dualar edilib. Eyni zamanda, Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın Səsi" (Voice of Azerbaijan) radiosu soyqırımla əlaqədar xüsusi veriliş hazırlayıb.