Xocalı soyqırımı: Ümumbəşəri faciə
"Neftqazelmitədqiqatlayihə" İnstitutunda faciənin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
25 Fevral 2013 12:03 SiyasətXX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 21 il ötür. Bununla əlaqədar olaraq bütün idarə və müəssisələrdə anım tədbirləri keçirilir, erməni vəhşiliyinin ən bariz nümunəsi olan bu faciənin soyqırım kimi tanıdılması istiqamətində səylərin artırılmasının vacibliyi diqqətə çatdırılır. Dünən "Neftqazelmitədqiqatlayihə" İnstitutunda keçirilən tədbir də bu mərasimlər silsiləsindəndir. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və faicəni əks etdirən filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov bildirdi ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırım siyasəti həyata keçirmişdir. Xocalı soyqırımı bunun bariz nümunəsidir. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırmasının nəticəsi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yarandı. Hazırda 20 faiz torpaqlarımız işğal altında, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Ermənilərin "dənizdən-dənizə Böyük Ermənistan" yaratmaq ideyalarını gerçəkləşdirmək istəkləri yüzlərlə kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Tarix faktlara əsaslanır. Ermənilər özlərinə saxta tarix yazıb, dünyanı yalanlarına inandırmaq üçün nə qədər səylər göstərsələr də, hər zaman fakt qarşısında aciz qalıblar.
"İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirdi ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. Bu gün qarşımızda duran əsas məqsəd faciənin soyqırımı olduğunu dünyaya tanıtmaqdır. Dövlətimiz bu istiqamətdə uğurlu addımlar atır.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini önə çəkən V.Rəhimzadə bildirdi ki, Fond tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, video disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. Xocalı soyqırımı qurbanlarının xatirəsi 30-dan çox ölkədə anılacaq. Dövlətin uğurlu siyasəti nəticəsində bu əminlik ifadə olunur ki, gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.
V.Rəhimzadə Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yolda uğurlu addım kimi dəyərləndirdi. Dövlət başçısı İlham Əliyevin bu fikri xüsusi olaraq önə çəkildi ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur.