Millət vəkilləri Abdulla Gülü qınadılar
Mübariz Qurbanlı: “Uman yerdən küsələr”
22 Fevral 2013 16:44 SiyasətMilli Məclisin fevralın 22-də keçirilən iclasında Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Mübariz Qurbanlı Ermənistanda keçirilən saxta seçkilərlə bağlı Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı təbrik etməsinin qəbuledilməz olduğunu söyləyib: "Saxta yolla seçilmiş prezidenti təbrik edənlər sırasında Türkiyə prezidenti Abdulla Gül də var. Uman yerdən küsərlər. Rusiyanın forpostu olan ölkənin prezidentini təbrik etmək təəssüf doğurur. Buna görə də Abdulla Gülün təbrikinə münasibətimizin səbəbi məlumdur". Millət vəkili Fazil Mustafa isə bildirib ki, Türkiyə prezidentinin tələsik təbriki narazılıq doğursa da, bunu kampaniyaya çevirmək düzgün deyil: "Biz indi Ermənistanda baş verən seçki saxtakarlığı üzərində iş aparmalıyıq. Düzdür, Abdulla Gül belə tez təbrik etməməli idi. Ancaq nəzərə almaq lazımdır ki, hər dövlətin öz siyasəti var".
Millət vəkili Qüdrət Həsənquliyev isə Ermənistanın ayaq üstə qalmasında Türkiyənin də rolu olduğunu bildirib: "Türkiyədən Ermənistana təyyarələr uçur, Ermənistanla ticarət əlaqələri var. Mənim üçün Xamneyi də türkdür. Ancaq Xamneyi Ərdoğandan fərqli olaraq, saqqalı türkdür. Biz İslam Əməkdaşlıq Təşkilatında da Türkiyə və İranla bağlı məsələni qaldırmalıyıq. Serj Sərkisyan Xocalı soyqırımının törədilməsində səhra komandiri kimi iştirak etdiyini, Şuşanın işğalında iştirak etdiyini söyləyir. Axı niyə Rusiya kimi Türkiyə prezidenti də Serj Sərkisyanı təbrik etməlidir". Millət vəkili həmçinin Türkiyə ilə bağlı çıxış edən millət vəkili İqbal Ağazadənin çıxışına toxunub: "Ayaz Mütəllibovun bir zaman Rusiyaya göndərdiyi bir şəxsin belə çıxış etməsi təəccüblüdür, indi Türkiyənin müdafiəçisi kimi çıxış edir. Mən Türkiyə-Azərbaycan münasibətlərinin həmişə inkişafına tərəfdar olmuşam". Oqtay Əsədov isə Qüdrət Həsənquliyevin çıxışı ilə razılaşmadığını vurğulayıb: "Türkiyə Azərbaycanın əsas tərəfdaşı, müttəfiqidir. Heysiyyata qapanıb belə sözlər işlətmək yolverilməzdir. Türkiyə bunu nəzakət xatirinə etdiyini bəyan edir. Ancaq Ermənistana nə qədər nəzakət göstərsən də ondan istifadə etməyə çalışır. Ermənilər bu məsələdə az qalırlar desinlər ki, Türkiyə bizə yalvarır. Ona görə, bunun üzərinə getməyə dəyməz". Millət vəkili İqbal Ağazadə bildirib ki, bu məsələlərə emosiya ilə deyil, siyasi proseslər və regionda baş verən hadisələr kontekstindən yanaşmaq lazımdır. Bu halda hadisələrə düzgün yanaşmaq olur: "Biz istəyirik ki, regionda yalnız Rusiya qalsın?! Cənubi Qafqazda qapalı bir region yaradaq və burada bütün dövlətlərin geri çəkilməsini istəyək ki, yalnız Rusiya qalsın? Rusiya və burada hegemon qüvvə kimi münaqişələri idarə etsin, istədiyi vaxtda Cənubi Qafqazda yeni münaqişələr yaratsın? Türkiyənin bütün gücü ilə Cənubi Qafqaz regionuna daxil olmasına dəstək vermək lazımdır. Türkiyə Cənubi Qafqaza daxil olmaq istəyən zaman Azərbaycanda bir qrup vətənşivən düşür ortalığa, sanki Rusiyanın sifarişini yerinə yetirirlər. Ay qoymayın, Türkiyə regiona girir, Türkiyə regiona niyə girməsin?"
Millət vəkili, YAP icraçı katibinin müavini Siyavuş Novruzov bildirib ki, Türkiyə Qarabağ münaqişəsi başlanandan sərhədlərini qapayıb və problem həllini tapmayana qədər Ermənistanla sərhədləri açmayacağını bəyan edib: "Ermənistanda keçirilən seçkilərə gəlincə, ATƏT seçkidən əvvəl, seçkidən sonra və başqa vaxtlar mövqeyini bildirir. Bu ölkədə dünyada ən sönük seçki keçirildi. ABŞ Dövlət Departamenti seçkilərin mürəkkəbi qurumamış bəyanat verdi ki, Ermənistanda seçkilər demokratik keçdi. Rusiyanı başa düşmək olar. Özlərini demokratik adlandıranlar niyə Ermənistandakı seçkiləri demokratik adlandırır? Biz gələcəkdə Azərbaycanda seçkilər keçiriləndə bunu nəzərə almalıyıq. Bizdə seçki keçiriləndə ATƏT-in pusquda duran müşahidəçiləri 8 ay burada monitorinq aparırlar. Gah seçkiyə iki ay qalmış bəyanat verirlər, gah seçki öncəsi vəziyyətin monitorinqini açıqlayır, gah seçki günü bəyanat verirlər, gah da seçkidən iki ay sonra bəyanat verilib. Amma bunların Ermənistanda seçki prosesində bir bəyanatı da yoxdur. Namizədlərin mediada çıxış etməsinin monitorinqini aparmadılar, bir namizədə sui-qəsd oldu. Bəs niyə bu halları görmürlər". Spiker Oqtay Əsədov bildirib ki, həmin ölkələrin davranışı məlumdur: "Ermənistanda heç bir iqtisadi maraqları yoxdur. Sadəcə, baxırlar ki, Ermənistan kim tərəfə əyiləcək. Azərbaycanla bağlı məsələ isə fərqlidir. Azərbaycan nə sağa, nə sola, ancaq öz yolu ilə gedir. Ona görə, seçkilər məsələsində Azərbaycana qarşı ikili standart var". Millət vəkili Elman Məmmədov isə Türkiyə xalqı ilə Abdulla Gülün eyniləşdirilməsini düzgün saymayıb: "Türkiyə xalqı Abdulla Gül demək deyil. Türkiyəni İranla da eyniləşdirmək düzgün deyil". O, Xocalı soyqırımının dünyada tanınmaqda olduğunu qeyd edib: "ABŞ-ın 6 ştatında Xocalı soyqırımı qəbul edilib. Azərbaycana xaricdən çoxlu nümayəndə heyəti gəlir. Təklif edərdim ki, Xocalı soyqırımı abidəsinin ziyarəti də protokollara salınsın. Bu abidə artıq ziyarətgaha çevrilməlidir". Spiker Oqtay Əsədov isə dünya ölkələrində Xocalı soyqırımının tanınması prosesinin davam etdiyini söyləyb: "Bu proseslər başa çatandan sonra Xocalı abidəsinin protokollara salınmasına da baxılacaq".
Alim