Gürcüstan azərbaycanlılarını təhlükə altında qoya bilmərik - AÇIQLAMA

Elşən Mustafayev: “Borçalı Partiyasının yaradılması istəyinin Azərbaycanın şimal sərhədlərindən gəlməsi təhlükəli məqamlardan xəbər verir”

"Gürcüstanda Borçalı Partiyasının yaradılması istəyinin Azərbaycanın şimal sərhədlərindən gəlməsi təhlükəli məqamlardan xəbər verir". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev Hüseyn Sadıqovun Borçalı Partiyasının yaradılacağı barədə açıqlamasına münasibət bildirərkən səsləndirib.  .Bildirib ki, daxili problemlər yaşayan Gürcüstanda məqsədli şəkildə partiya yaradıb azərbaycanlıların muxtariyyatı məsələsini ortaya atmaq Gürcüstan-Azərbaycan münasibətlərini gərginləşdirməyə yönələn bir addımdır: "Hesab edirəm ki, Azərbaycan hakimiyyəti, siyasi dairələr, eləcə də bu ölkədə yaşayan soydaşlarımız daha diqqətli olacaq və belə təxribatın reallaşmasına yol verməyəcəklər". Elşən Mustafayev deyir ki, Gürcüstanla Azərbaycan arasında problemlərin yaradılması yolverilməzdir: "İndiki halda biz Gürcüstan azərbaycanlılarını təhlükə altında qoya bilmərik. "Təbii ki, Gürcüstan azərbaycanlıları bu ölkənin siyasi proseslərində fəal iştirak etməlidirlər. Hətta onlar partiya yaradaraq siyasi fəaliyyətlərini daha da artırmalıdırlar. Ancaq ki, bunu Gürcüstan azərbaycanlıları etməlidir. Kənardan isə belə istəyi səsləndirilməsi onu deməyə əsas verir ki, bu tamam başqa məqsədlərə xidmət edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00