Abdulla Gülün ermənipərəstliyi təəccübləndirir - ANALİZ

Abdulla Gülün erməni siyasəti Türkiyə və Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır

Ermənistanın "Aqos" qəzeti Tük Hava Yolları tərəfindən sərnişinlərə pulsuz paylanacaq. Bu barədə "Aqos" rəhbərliyi ilə THY arasında razılaşma əldə olunub. Qəzetin yayımının, reklamının xərclərini Türk Hava Yolları öz üzərinə götürüb. Qeyd edək ki, "Aqos" qəzeti anti-türk təbliğatı ilə tanınır. Türkiyə-Ermənistan münasibətlərinin digər qütbündə isə prezident Abdulla Gül dayanır. Abdulla Gül Serj Sərkisyanı prezident seçilməsi münasibətlilə təbrik edib. Türkiyə hakimiyyətinin atdığı bu addımlar Türkiyə və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qəbul edilmir. Siyasi analitiklər hesab edirlər ki, ikitərəfli əlaqələrin qurulmasl istiqamətində "futbol strategiyası" fiaskoya uğradıqdan sonra türk hakimiyyəti Ermənistanla olan əlaqələri qaydasına salmaq üçün müxtəlif manevrlərdən istifadə edir.

Qabil Hüseynli: "Abdulla Gülün Ermənistan siyasətinə şərh vermək çətinləşib"

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə Türkiyənin son vaxtlar Ermənistana qarşı atdığı addımlar təəccüb doğurur. Politoloq hesab edir ki, türk hakimiyyətinin erməni siyasətinə şərh vermək çətinləşib: "Yəni ki, "Aqos" Türkiyədə elə bir populyar qəzet deyil ki, THY onu geniş şəkildə nümayiş etdirməyi üz üzərinə götürsün. Əgər bu məlumat həqiqətən belədirsə görünür ki, erməni lobbisi Türkiyədə açıq fəaliyyətə başlayıb və Türkiyədə bəzi dairələri, xüsusən nəqliyyat sistemindəki bəzi çevrəni ələ keçirməyə səy göstərir. "Aqos" qəzeti Türkiyədə sayı 120 min olan kiçik erməni icmasının mətbuat orqanıdır, erməni dilində çıxır. Ola bilsin ki, qəzetin türk variantı hazırlanıb, belə olan təqdirdə onu oxumaq mümkün olacaq. Erməni dilində kimdir, onu oxuyan? "Aqos" qəzeti ola bilsin ki, Ankara-İrəvan reysinin açılmasına nail olmaq niyyətindədir. Digər məsələyə gəlincə isə Abdulla Gülün Serj Sərkisyanı təbrik etməsi formal xarakterə sahibdir. Türk hakimiyyəti bununla Ermənistan qarşısında xal qazanmağa çalışır. Yəni ki, Abdulla Gül göstəmək istəyir ki, o ikitərəfli əlaqələri sivil qaydada saxlamağa səy göstərir"

Əliməmməd Nuriyev: "Türkiyə Ermənistan qarşısında öz böyüklüyünü sübut edir"

"Türkiyə hakimiyyətinin ermənipərəst siyasət yürütdüyünü demək düzgün deyil. Çünki, Türkiyə Azərbaycanın yeganə əbədi müttəfiqidir" deyən politoloq Əliməmməd Nuriyevin sözlərinə görə Türkiyə Azərbaycanın maraqları mövqeyindən çıxış etməsinə görə birinci yerdədir: "Abdulla Gülün Serj Sərkisyanı təbrik etməsi protokol məsələsidir. Türk hakimiyyətin əslində ermənilərə müxtəlif güzəştlərin etməsinin də müəyyən məsələlərə söykənir. Bildiyiniz kimi ermənilər hər zaman Türkiyəyə qarşı cəfəng iddialar irəli sürürlər və Türkiyə bununla öz böyüklüyünü göstərir ki, vəziyyət heç də Ermənistanın düşündüyü kimi deyil. Bu Türkiyənin Ermənistan qarşısında böyüklüyünü sübut edir. Əslində böyük millətlər həmişə belə edir. Türkiyə Hava Yolları kommersiya təşkilatı olduğu üçün müştəri toplanmasında maraqlıdır. THY-nın belə bir addım atmasının əsası bu amillə bağldır. Çünki, ermənilər tez-tez şirkətin hava uçuşlarından istifadə edirlər. Məsələ ilə bağlı tezliklə qərar çıxarmamağa tələsməməliyik. Xüsusilə də Hava Yolları şirkətinin qərarını yalnış şərh verməməliyik, bayaq dediyim ki, Gülün Sərkisyanı təbrik etməsi protokol məsələsidir. Tarixdən də məlumdur ki, düşmən olan dövlətin başçıları zaman-zaman müəyyən məsələlərlə bağlı biri-birini təbrik ediblər. Düzdür, Ermənistanda seçkilər azad və demokratiya şəklində keçmədi".

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00