Saakaşvili həbs oluna bilər - AÇIQLAMA
Zəlimxan Məmmədli: “İvanişvilinin Saakaşviliyə qarşı apardığı siyasi mübarizə şəxsi qisas ambisiyası ilə əvəzlənib”
21 Fevral 2013 16:32 SiyasətGürcüstan mətbuatının məlumatına görə prezident Mixail Saakaşvili həbs oluna bilər. Prokurorluq nümayəndələri xarici diplomatlarla görüşüb və onlara Saakaşvili komandasına daxil olan şəxslərlə bağlı istintaq materiallarını təqdim edib. Bundan sonra diplomatlar Tiflis meri Giqi Uqulava və prezident Mixail Saakaşvilinin həbsinə razılıq veriblər. Saakaşvili qərara cavab verərək bildirib ki, o, İvanişvili hökumətindən qorxmur və Gürcüstanın inkişafı naminə etdiklərinə görə cavab verməyə hazırdır. Saakaşvili qeyd edib ki, o, Rusiya prezidenti Vladimir Putinin 2008-ci ildə ona ölüm hökmü çıxarmasından qorxmayıb. Məsələyə münasibət bildirən politoloq Zəlimxan Məmmədlinin sözlərinə görə Saakaşvilinin həbs olunması mümkün deyil: "Çünki, istənilən şəxsin bu qərarı Gürcüstan Konstitusiyasına ziddir. Parlamentin Saakaşvilinin səlahiyyətlərini əlindən alıb onu həbs etmək hüququ yoxdur. Digər tərəfdən Saakaşvilinin həbs olunması üçün bu gün Gürcüstanda nə mənəvi, nə də ki, psixoloji baza yoxdur. Saakaşvili ona qarşı atılan bütün addımlara hazır vəziyyətdədir. Prezidentin həbs olunması barədə yayılan məlumatlar İvanişvilinin təbliğatı üçün nəzərdə tutulub. İvanişvili hakimiyyətə gələndən Saakaşviliyə qarşı təqib kompaniyası ilə məşğuldur. Artıq, İvanişvilinin apardığı siyasi mübarizə şəxsi qisas ambisiyası ilə əvəzlənib. Bu cür mübarizələr Gürcüstan üçün ciddi təhlükə mənbəyi ola bilər. Faktor üçüncü qüvvənin regiona girməsinə şərait yaradacaq" ("OLAYLAR" İA)