Gənclər e-mail aksiya həyata keçirir

Məqsəd Xocalı soyqırımı barədə beynəlxalq təşkilatları məlumatlandırmaqdır

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail aksiyaya start verib. Bu məqsədlə keçirilən tədbirdə aksiya barədə məlumat verən Yeni Azərbaycan Partiyası Gənclər Birlyinin sədri Seymur Orucov faciə ilə bağlı rəhbərlik etdiyi qurumun hər il müxtəlif tədbirlər, layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, hakim partiyanın Gənclər Birliyinin bu dəfəki aksiyası isə bir qədər fərqlidir. Seymur Orucov məlumat verib ki, aksiyada Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rəhbərliyi, partiyanın bütün rayon və şəhər təşkilatlarının gənclər birliklərinin üzvləri fəal iştirak edəcək. Çıxışında faciənin dünyaya tanıdılması istiqamətində Azərbaycan dövləti səviyyəsində görülən işlərə də toxunan Seymur Orucov bu istiqamətdə xüsusilə Heydər Əliyev Fondunun fəaliyətini mühüm qeyd edib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri vurğulayıb ki, Heydər Əliyev Fondu Xocalı soyqıtrımının dünyada tanıdılması ilə bağlı aparılan bütün tədbirlərə dəstək verir və bu prosesdə çox aktiv iştirak edir: "Bizim Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri də Azərbaycanın aparıcı qüvvəsi hesab olunur. Belə olan təqdirdə, biz gənclər qərara gəldik ki, müxtəlif yollarla Xocalı faciəsi ilə bağlı aparılan işlərə dəstək verək. Biz hal-hazırda Amerika (ABŞ) Dövlət Departamentinin bu məsələlərə baxan müvafiq strukturlarına lazımi müraciətlərimizi etmişik. Bir çox Avropa ölkələrinin qəbul etdiyi sənədlər hətta indi erməniləri də şoka salıb. Amerika ölkələrinin bir çoxunda bu sənədlər artıq qəbul edilməkdədir. Eləcə də müsəlman dünyası bu işə öz reaksiyasını verib".Seymur Orucovun sözlərinə görə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində əldə edilən nəticələr Azərbaycanın uğurlu xarici siyasət kursu həyata keçirdiyindən xəbər verir. Hakim partiyanın Gənclər Birliyinin sədri qeyd edib ki, Azərbaycan gəncləri də bu işdə həmişə aktiv olmalı və Xocalı soyqırımının dünya ölkələrində tanıdılması istiqamətində fəaliyətini davam etdirməlidir.  Seymur Orucov çıxışında Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən, hətta düşmənlərlə bir sırada dayanan bəzi daxili qüvvələrə də səslənib: "Azərbaycanın çörəyini yeyib, onun suyunu içən bəzi qeyri hökumət təşkilatlarının rəhbərləri ölkəmizə düşmən mövqeyində dayanan qüvvələrlə əlbir olaraq hər vəchlə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Heç şübhəsiz ki, Azərbaycan gəncləri həmin qüvvələri dəstəkləmir. Mən o təşkilatlar və onların rəhbərlərinə də müraciət edərdim ki, Azərbaycana zərbə vurmaq, onun imicinə xələl gətirmək əvəzinə haqq səsimizin dünyaya çatdırılması, Xocalı soyqırımının ayrı-ayrı dövlətlərdə tanıdılması işində yaxından iştirak etsin, bu prosesə dəstək versinlər". Seymur Orucov e-mail aksiyanın fevral ayının sonlarına qədər davam edəcəyini diqqətə çatdırıb. Hakim partiyanın Gənclər Birliyinin Mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov gənclərə "Xocalıya ədalət" kampaniyası çərçivəsində İngilis dilində hazırlanmış müraciətin göndərilmə şərtlərini izah edib. Sonra isə adı çəkilən müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndərilib. Müraciətdə Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar, həmin hadisələr zamanı qətlə yetirilən insanların sayı, bu faciəni soyqırımı kimi tanıyan dövlətlər, beynəlxalq təşkilatlar, ABŞ-ın ştatları göstərilib. Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün kömək göstərmələri xahiş olunub: "Sizdən xahiş edirik, Xocalı qətliamı ilə bağlı əsl həqiqəti əks etdirən bu məlumatların təmsil etdiyiniz dövlətin qanunverici orqanına çatdırılmasında bizə yardımçı olasınız. İnsanlığa qarşı yönəlmiş bu cinayətin sizin ölkənizdə öz həqiqi qiymətini almasına və bununla da soyqırıma məruz qalmış insanların haqq səsinin dünyaya çatdırlmasına kömək edəsiniz". Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirdiyi e-mail aksiya ümumilikdə 14 ünvana göndərilib.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00