ABŞ Çini 2020-ci ilədək parçalaya bilər - REGİON

Vaşinqtonun Asiya-Sakit Okean regionunda möhkəmlənməsi Pekinlə münasibətləri sərtləşdirir

Çinin yeni lideri Si Tsinpin məxfi keçirtdiyi toplantıda ölkəsinin SSRİ-nin aqibətini yaşaması narahatçılığını dilə gətirdi. Si Tsinpinin sözlərinə görə, hakimiyyətinin sonluğu Mixail Qorbaçov kimi ola bilər. "SSRİ niyə dağılıb?" mövzusu ətrafında keçirilən konfransı mətbuatda işıqlandırılmadı. Lakin, bəzi məlumatlar naməlum şəxslər tərəfindən "Corriere della Sera" jurnalına sızdırıldı. Kommunist liderin çıxışı Sosializmin böyük dövləti SSRİ-nin parçalanmasını yenidən günümzə daşıdı. Si Tsinpinin qorxusu və ABŞ-ın Çin daxilində yaratdığı gərginləşməyə doğru inkişaf edən vəziyyət bir sıra məqamları müzakirə masasına yatırdı. SSRİ-nin parçalanmasının son dönəmindəki ssenarinin bir az fərqli forması bu gün Çində güzgü effektilə əks olunur.  

SSRİ ideoloji əsaslarla yox, ABŞ-ın xüsusi devirmə planı əsasında parçalanıb

SSRİ-nin axırıncı prezidenti Mixail Qorbaçov "Yenidənqurma" ("Перестройка") siyasətilə həm iqtisadiyyat, həm də siyasi quruluşa yeni nizam gətirməyə səy göstərib. Qorbaçov Lenindən başlamış "millətlə problemi"ni "Yenidənqurma" üsulu ilə həll etməyə çalışırdı.
Prezident bununla SSRİ-nin iqtisadi birliyini möhkəmləndirmək imicini formalaşdırmağa cəhd edirdi. Lakin, Qorbaçovun "Yenidənqurma" planı ayrı-ayrı yerlərdə etirazlarla qarşılandı. İlk olaraq etiraz dalğalarının səsi əsarət altında olan respublikalarda eşidildi. Qorbaçov reaksiyaların qarşısını almaq üçün Konqresdən geniş səlahiyyətlər aldı. Bir sıra resbublikalar "Federasiya" layihəsinə imza atmağa məcbur oldu. Hər şeyin qaydasında olmasına sevinən Qorbaçov avqust ayında ailəsilə birlikdə Krımdakı şəxsi malikanəsinə istirahətə yollandı. Layihə avqustun 20-də təsdiqlənməli idi. Lakin, avqustun 18-də DTK sədri Vladimir Kryuçkovun dəstəsi Qorbaçovu ailəsilə birlikdə ev həbsinə aldı. Moskva tamamilə silahlı nəzarətə götürüldü. DTK Qorbaçovun hakimiyyəti haqqında bəyannamə yaydı. Bəyannamədə göstərilirdi ki, Mixail Qorbaçovun səyləri nəticəsində SSRİ artıq idarəolunmaz vəziyyətə gəlib, İttifaqın bütün istqamətlərində anarxiya hökm sürür. 19 avqustda isə Boris Yeltsin İttifaqı etiraz olaraq tətil etməyə səslədi. Başda ABŞ olmaqla Qərb Yeltsini dəstəklədilər. 24 avqusta Qorbaçov Kommunist Partiyasının liderliyindən istefa verdi. Həmin gün Yeltsin partiyanın fəaliyyətinin sona çatdığını elan etdi. 91-ci ilin dekabrında isə SSRİ tamamilə parçalandı. Sovet imperiyasının çökməsi çox vaxt SSRİ-nin bazar iqtisadiyyatına sahib olmaması ilə izah edirlər. Lakin, Sovetlər Birliyinin parçalanmasına səbəb millətlərin müstəqillik ideologiyası olub. Çünki, SSRİ ABŞ-dan sonra ikinci ən böyük iqtisadiyyata sahib idi. Belə bir faktın ortada olması onu sübut edir ki, SSRİ-ni kökündən laxladan millətlərin istiqlaliyyət sevdası olub. Məhz Qorbaçovun "Yenidənqurma" siyasətinə ilk etirazların respublikalardan gəlməsi iddiaya əsas verir.  Qorbaçov məhdud sayda işçi sinfilə irimiqyaslı sənaye qurmaq cəhdlərinə girişmişdi və bu istiqamətdə sovet kəndlərindən işçi zümrəsi yaratmaq zərurətilə qarşı-qarşıya dayandı. Nəticə etibarilə eyni işdə çalışan fəhlələrin məvacibləri arasında kəskin fərqlər ortaya çıxdı. Qorbaçovun nəzəriyyəsinə görə, fəhlə dövləti üçün məvacibsiz çalışan insandır. Həmçinin axırıncı prezident "Yenidənqurma"sında nizamı elə qurmuşdu ki, işçinin istirahət üçün çox az vaxtı vardı. Məhz bu ideya respublikaların Moskvadan ayrılaraq müstəqil olması üçün şans oldu. Əslində bu Qorbaçovun istədiyi vəziyyət idi. Çünki, buna qədər Mixail SSRİ-ni parçalamaq üçün ABŞ-la gizli şəkildə razılığa gəlmişdi. Qorbaçovun devrilməsindən sonra ABŞ-ın Yeltsini dəstəkləməsi də plana daxil olan amildir. SSRİ-ni getdikcə artan iqtisadi və hərbi gücü ABŞ olduqca narahat edirdi. ABŞ isə iqtisadi göstəricilərdə SSRİ-dən geri qalmamaq üçün Moskvanın hegemonluğunu Qorbaçovla sonlandırdı. Məsələdə ortaya çıxan nəticə ondan ibarətdir ki, SSRİ nə iqtisadi, nə də ki, ideoloji əsaslarla yox, ABŞ-ın xüsusi devirmə planı əsasında parçalanıb. Konqresdən geniş səlahiyyətlər alan Qorbaçov ABŞ-ın təkidilə respublikalarda qətliamlar törətdi. Bu amil millətlərin azadlıq ehtirasını daha da alovlandırdı. ABŞ məsələni milli müstəviyə keçirərək minlərlə qurban sayəsində sosializmin böyük qanadını sındırdı.

ABŞ, Asiyada möhkəmləndikcə Pekinin ağırlıq çəkisi yüngülləşir

Çin iqtisadiyyatının inkişafı müsbət mənada etnik azlıqların yaşadığı bölgələrə də öz təsirini göstərir. Statistikaya görə Çində etnik azlıqların yaşadıqları bölgələrdə 1 milyon müxtəlif iri sənaye müəssisələri fəaliyyət göstərir. Daxili Monqolustan Muxtar Bölgəsi və Xinjianq Uyğur Muxtar Vilayəti, Qinqai və Ninqxia əyalətləri Çinin orta inkişaf etmiş bölgələri sayılır. Etnik bölgələrin xarici dövlətlərlə də əlaqələri yüksək şəkildə təşkil edilib. Bundan başqa Çin hökuməti etnik azlıqların milli mənsubiyyətinə, dini etiqadına, mədəni həyatına hörmət göstərir. Çünki, etnik muxtariyyət Pekinin əhəmiyyətli siyasi sistemi sayılır. Çin ərazisinin çox böyük hissəsi muxtar vilayətlər təşkil edir. Məhz etniklərin müstəqillik arzusu Çinin əldə etdiyi bütün nailiyyətləri məhv edə bilər. İqtisadi göstəricilər Çinin parçalanması üçün səbəb ola bilməz. Çin ABŞ-dan sonra dünyanın ən güclü ikinci iqtisadiyyatına malikdir. İqtisadçılar 2020-ci ilədək Çinin iqtisadi inkişafda liderliyi öz əlinə alacağını bildirirlər. 1978-ci ildən bu yana Çin iqtisadiyyatı hər il 10 faiz inkişafla fantastik səviyyəyə çatıb. Son 9 il ərzində Çində ümumdaxili məhsuldan əldə olunan gəlirlər 2 trilyon ABŞ dolları civarındadır. Hal-hazırda Çində adam başına düşən gəlir 2000 ABŞ dollarına yaxındır. Çində özəl sektora 7 trilyon, istehlak mallarına isə 7 milyard yuan qoyulur. Çinin ixracatı 1 trilyon, idxalatı isə 800 milyard ABŞ dollarıdır. ABŞ-ın Çinə gömrük kvotası qoyması, milli valyutası yuanı qeyri-kafi qiymətləndirməsi, Tayvana qeyri-leqal yollarla silah satmasını iddia etməsinin insanlara heç bir təsiri olmadı. Son anda ABŞ Çini iqtisadi yollarla yıxmaq istəyindən əl çəkdi. ABŞ Çini parçalamaq planını sosialist dövləti mühasirəyə almaq yolları ilə cəhd edir. Amerikanın Suriya və İranda möhkəmlənmək istəyi məhz bu amildən irəli gəlir. Çinin ABŞ-ın Suriya və İranda möhkəmlənmək istəyinə təkidlə etiraz etməsinin əsl səbəbi öz ərazisinin parçalanmasını istəməməsindən doğur. Amerika Cənubi Çin dənizi amilindən də məharətlə istifadə edir. Çünki, həmin dənizdə bölgə dövlətlərinin də payları var. Çin isə dənizə bütünlükdə sahib olmağa çalışır. ABŞ-ın Çini vurmaq oxunun bir ucu isə Filippində tamamlanır. Hind okeanındakı adaların böyük əksəriyyəti Filippinə məxsus olduğu halda Çin həmin əraziləri öz tərkibi kimi tanıyır. ABŞ məsələni iki dövlət arasında münaqişə səviyyəsinə çatdırıb. Mühasirə almaq planını əhatəli həyata keçirən Vaşinqton Avstraliya və Yeni Zellandiyada böyük miqyasda hərbi bazalarını yerləşdirib. Digər tərəfdən daxildə də Çin adına Amerikanın kəşfiyyat orqanları yerləşdirilir. Barak Obama bu amildən çox Çini vurmaq üçün Asiya-Sakit Okean bölgəsində möhkəmlənməyə üstünlük verir. Obamanın planlarına əsasən 2020-ci ilə kimi ABŞ Hərbi Donanmasının 60%-ni Asiya-Sakit Okean bölgəsində yerləşdirəcək. Plan baş tutsa Pekinin bölgədəki ağırlıq çəkisi yüngülləşəcək. Digər tərəfdən ABŞ-ın regionda Cənubi Koreya, Yaponiya və Filippin kimi müttəfiqləri var. Amerikanın Asiya-Sakit Okean regionunda möhkəmlənməsi ikitərəfli əlaqələri kölgə altına alır. Çin-Amerika münasibətlərinin soyuması iqtisadi amillərdə də özünü göstərir. İki tərəfli ticarət həcmi 2011-ci ildə 446 milyard dollar olduğu halda, 2012-ci ilin yanvar-sentyabr dövrü ərzində rəqəm 355 milyard dollar olub. Bütün bu amillərdən ABŞ-ı maraqlandıran ən radikal siyasət etnikləri Çin hökumətinə qarşı qaldırmaqdır. Amerikanın gizli kəşfiyyat orqanlarının mişen lövhəsinin mərkəzində xüsusilə uyğurları Pekinə qarşı qızışdırmaq dayanır. ABŞ beyin mərkəzlərinə görə uyğurlar Çin hakimiyyətinə qarşı ilk addımı atacağı təqdirdə böyük türk toplumu onlara kömək olacaq. Amerika məhz türklərin Turan ideyasını dəstəkləmək imicini formalaşdıraraq regiondakı türk toplumundan istifadə edə bilər. ABŞ-ın SSRİ və Çini yıxmaq planının ortaq cəhəti parçalamaq ssenarisini milli müstəviyə keçirməkdir. Digər tərəfdən ABŞ-ın İranda möhkəmlənmək cəhdləri Çin üçün əsl təhlükə mənbəyi olacaq. Suriya məsələsi tam mənada ABŞ-ın lehinə həll olunub. Rusiya isə Çinlə müttəfiq olmasına baxmayaraq 2020-ci ilədək Amerikanın rəsmi Pekini vurmaq planının qarşısına keçə bilməyəcək. Çünki, ABŞ planlarını həyata keçirmək üçün Çini hər tərəfli mühasirəyə alıb. Plan ilk öncə Çin daxilindən etnikləri qızışdırmaqla başlayacaq. Daha sonra Çinə ərazi iddiası olan dövlətlər Pekinə qarşı yönəldiləcək. Bu amil bütün Asiyanın Çinə qarşı dayanması demədir. Ağ Ev bölgə dövlətləri daxil olmaqla etniklərin də iddialarını SSRİ nümunəsində olduğu kimi ideoloji əsaslara çevirərək Pekinlə qarşı-qarşıya qoyacaq. Müəyyən vaxtdan sonra zəif düşən Çini parçalamaq o qədər də çətin olmayacaq. Lakin, bu proses Amerikanın xeyli vaxtını alacaq. ABŞ-ın İrana müharibəsi isə Çin-ABŞ əlaqələrinin nöqtəsi olacaq. Plan baş tutsa, Çin 2020-ci ilədək parçalanmaqdan yan keçə bilməyəcək. Si Tsipinin ölkədə islahat keçirmək cəhdlərinin əsasında məhz ABŞ-ın Çin ətrafında yaratdığı siyasi hərəkətlilik dayanır! 

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00