ŞKTC Məclis sədri Həsən Bozer: “Azərbaycanlı millət vəkili Kipr parlamentindən qovulmayıb”

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyətinin təşkilatçılığı və dəvəti ilə keçən ilin dekabr ayının sonlarında Şimali Kiprə səfər edən millət vəkili Aydın Mirzəzadə ilə bağlı son günlər Azərbaycan KİV-də "Aydın Mirzəzadə Şimali Kipr Milli Məclisindən qovulub" başlığı altında müxtəlif səpkili xəbərlər yer alıb. Ən maraqlısı isə odur ki, görüşün üzərindən bir neçə ay keçdikdən sonra mövzuyla bağlı məlumatlar Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Həsən Bozerin dilindən yazılması və açıqlamanın Kipr mediasına deyil, Azərbaycan mediasında dərc olunması olub.
 Bu xəbərin doğru olub-olmaması ilə bağlı "Azadinforum"un Şimali Kiprdəki müxbiri araşdırma aparıb. Araşdırma nəticəsində ŞKTC Məclisinin sədri Həsən Bozerin heç bir Azərbaycan qəzetinə müsahibə vermədiyi, amma buna baxmayaraq onun dilindən açıqlamanın yazılması məlum olub. Belə ki, Şimali Kiprdə olan müxbirimiz ŞKTC Milli Məclisi ilə əlaqə saxlayıb.
Məclis sədri Həsən Bozer Azərbaycanlı millət vəkili Aydın Mirzazadənin ŞKTC Məclisinin Şərəf salonunda Türk bayrağının altındakı qonaq qəbulu yerinə oturmağı rədd etdiyini, bu səbəblə də görüşün başlamadan bitdiyini bildirib. Məclis sədri Bozer, mövzuyla əlaqədar heç bir Azərbaycan qəzetinə müsahibə vermədiyini də ifadə edərkən, Aydın Mirzazadə ilə yaşanan hadisədən qısa bir müddət sonra özünü ziyarət edən dörd azərbaycanlı millət vəkili ilə mövzunu paylaşdığını, millət vəkillərinin də mövzunu öz məclislərində gündəmə gətirib Mirzazadəni qınadıqlarını ifadə ediblər.
Xatırladaq ki, yazılan xəbərlərdə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Parlamentinin sədri Hasan Bozerin dilindən onun açıqlaması dərc edilib. Açıqlamada deyilirdi ki: qardaş ölkənin təmsilçisi türk millətinin adına yaraşmayan hərəkətə yol verib: "Biz eyni millətin övladlarıyıq. Amma qüsurlarımızı da deməliyik. Mən acı hisslərlə bunu demək istəyirəm. Bizdə büdcə müzakirələri idi. Mənə bildirdilər ki, Azərbaycandan olan bir millət vəkili görüşmək istəyir. Mən Azərbaycan adını duyunca razılıq verdim. Bizdə ən hörmətli, ali qonaqları Şərəf salonunda qəbul edirlər. Mən də onun salona alınmasını tapşırdım. Salona girincə onun başqa bir yerdə əyləşdiyini gördüm. Dəvət etdim ki, yaxın əyləşsin. Ancaq o bildirdi ki, mənim yanımda əyləşmək istəmir. Səbəb kimi başının üzərində türk bayrağını göstərdi. Mən dərhal onunla görüşməyi rədd etdim və yoldaşlardan onu salondan çıxarmalarını rica etdim. Azərbaycandan olan birisinin türk bayrağı yanında durmadığını kimlərsə mənə söyləsəydi, buna inanmazdım. Baş verənlərdən çox üzüldüm. Mən dünyanın dörd bir yanından gələn bütün qonaqlarımızı burada qəbul edirəm. Baş verən bu olay bizi o qədər incitdi ki, Türkiyənin Xarici İşlər Nazirliyinə yazılı məlumat da verdik".
Göründüyü kimi mətbuatda gedən yazıların yanlış olduğu ortaya çıxıb. ŞKTC Məclisinin sədri Həsən Bozerin heç bir mətbuat orqanına müsahibə vermədiyini söyləməsi bunu sübut edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00