Söyün Sadıqov soydaşlarını separatçılığa çağırır

Rusiya Azərbaycanlıları İttifaqının sabiq rəhbəri Söyün Sadıqovun göstərişinə əsasən, "Müstəqil Borçalı"nın xəritəsi, himni və gerbi hazırlanıb. Milli.Az-ın məlumatına görə, Day.Az "İnterfax Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayev bildirib.
"Son zamanlar bəzi qüvvələr Gürcüstan azərbaycanlıları arasında separatçı əhval-ruhiyyənin olması barədə rəy formalaşdırmağa çalışırlar. Gürcüstan azərbaycanlıları həmişə bundan uzaq olublar, lakin bu gün azərbaycanlıları bu cür oyunlara cəlb etmək cəhdləri var", - Ə.Babayev Gürcüstanın "Obyektiv" telekanalına bildirib. O, həmçinin qeyd edib ki, bunun baş verməsinə heç vaxt imkan verməyəcək. Bununla belə, Ə.Babayev qeyd edib ki, bunun arxasında Rusiyada yaşayan Gürcüstandan olan qüvvələr dayanır. "Onlardan biri də Söyün Sadıqovdur. O, Gürcüstanda Kvemo-Kartli bölgəsində doğulub. S.Sadıqov Qardabandandır və Rusiyada böyük biznesə və böyük maliyyə imkanlarına malikdir", - o əlavə edib.
Ə.Babayev onu da qeyd edib ki, özlərinə himn, bayraq və digər atributlar yaradan Cavaxetiya ermənilərindən fərqli olaraq Borçalı əhalisində heç vaxt Gürcüstanın ərazi bütövlüyünə qarşı yönələn separatçı əhval-ruhiyyə olmayıb.
"Biz bunu qəti şəkildə qınayırıq. Mən artıq Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, onlar separatizmin arxasında duran insanları aşkarlasın. Çünki Gürcüstan azərbaycanlıları bu ölkənin ərazi bütövlüyünü dəstəkləyirlər və Söyün Sadıqov kimi adamlar Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vura bilməz", - o vurğulayıb.
Söyün Sadıqovun fəaliyyəti Gürcüstanda diqqətdən qaçmayıb. Gürcüstanın bir sıra ictimai təşkilatları artıq bu ölkədə yaşayan azərbaycanlıların separatçılığa çağırılmasından narahatlıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00