“Qara qitə”ni işğal planı reallaşır - REGİON

Region ölkələri dünya güclərinin hərbi nəzarətinə keçir

Qloballaşan dünyada Qərbin və Avropanın bir sıra regionlara olan maraqlarının artması tendensiyası Afrika qitəsində də özünü çılpaqlığı ilə göstərir. Afrika ölkələrini tamamilə ələ keçirmək niyyətində olan Avropa və Qərb artıq mərhələ-mərhələ bu prosesi reallaşdırmağa başlayıb. Son illərdə bu ölkələrdə daxili silahlı qarşıdurmaların çoxalması isə Afrikanı ələ keçirmək niyyətində olan Qərb dövlətlərinin demək olar ki,  işinə yarayıb. Mövcud hakimiyyətlərə dəstək adı altında Afrika ölkələrinə silahlı qüvvələr göndərən Qərb dövlətləri tədricən bu regionda oturuşmuş hala gəlir və burada öz hərbi bazalarını yaradırlar. Artıq əksəriyyət Afrika ölkəsində Qərb dövlətlərinin hərbi baza və əsgərlərinin olduğu danılmazdır. Bəzi ölkələr isə Afrikanın təbii sərvətlərini ələ keçirmək uğrunda mübarizəyə qoşularaq region ölkələrinə sərmayələr yatırmaqla burada öz mövcudluğunu qoruyub saxlayır. Qitəyə ticari aspektdən yanaşan Çin Afrika ölkələrinə son illər qoyulan sərmayənin miqdarını daha da artıraraq burada iqtisadi liderliyini təmin edir. Təkcə son 10 ildə Çin Afrika ölkələri ilə ticarət dövriyyəsini 30 fazi artıraraq bu rəqəmi 200 milyard dollara çatdırıb. Çinin qarşıdakı 3 ildə qitə ölkələrinə daha 20 milyard dollarlıq sərmayə yatırması nəzərdə tutulur. Çindən fərqli olaraq isə Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya Afrika qitəsində hərbi və siyasi gücünü artırmağa üstünlük verir.

Amerika yenə də "liderliyi" əlində saxlayır

Hazırda Birləşmiş Ştatlarin Afrika ölkələrindən Keniya, Cibuti, Efiopiya, Uqanda, Mərkəzi Afrika Respublikası  və Cənubi Sudanda hərbi bazası, Əlcəzair, Nigeriya, Mavritaniya, Çad, Mali, Burkina Faso, Fildişi Sahilləri və Seneqalda isə əsgəri birlikləri mövcuddur. Ümumiyyətlə, Birləşmiş Ştatların Almaniyada yerləşən Afrika Komandanlığına bağlı olan 5 min hərbiçinin qitə ölkələrində yerləşdirildiyi bildirilir. Son aylar Malidə meydana gələn silahlı qarşıdurmalardan sonra isə Birləşmiş Ştatlsrın bu ölkədə  Qərbi və Şimali Afrika ölkələrinin hava sərhədlərini nəzarət altında saxlaya biləcək pilotsuz təyyarə bazası yaradacağı planı meydana gəlib. Yaxın vaxtlarda Pentaqonun bu istiqamətdə çalışmalara başlayacağı xəbər verilir. Mali Respublikasının Burkina Faso və ya Nigeriya ilə sərhəddində qurulacaq bazanın əsas hədəfi bölgədəki təhdidləri aradan qaldırmaq və regionu nəzarətdə saxlamaq olacaq.

     Fransanın müstəmləkəçilik siyasəti yeni müstəvidə

Tarixən Afrikada müstəmləkəçilik siyasəti həyata keçirən Fransa da "Qara qitə"də ən çox hərbiçisi olan ölkələrdən hesab edilir. Malidəki olayların başlaması ilə bu qitədəki hərbi varlığını artırmağa çalışan Fransanın ən böyük hərbi bazası isə Cibutidə yerləşir. Bu ölkədə Fransanın təxminən 2 minə yaxın hərbiçisi qulluq edir. Bundan başqa Fransanın Qabonda 900, Çadda 1000, Seneqalda 350, Fildişi Sahillərində 500, Mərkəzi Afrika Respublikasında  600-ə yaxın hərbiçisi mövcuddur. Somali, Efiopiya və Eritreya ilə həmsərhəd olan Şərqi Afrika ölkəsi Cibuti beynəlxalq birliyin xüsusi diqqət yetirdiyi ölkəılər sırasındadır. Qırmızı dənizin sahillərində, Yəmənlə qonşu ölkə, 600 min əhalisi olan Cibuti də tarixən Qərbin və Avropanın müstəmləkəsi altında olub. Müxtəlif illərdə həm Birləşmiş Ştatlar, həm Fransa, həm də Yaponiya Cibutini öz əsarəti altında saxlayıb. Hazırda da Cibutidə Birləşmiş Ştatlar, Fransa və Yaponiyanın hərbi bazaları mövcuddur. Sözügedən üç ölkədən ən çox amerikan hərbiçiləri hazırda Cibutidə qulluq edir. Birləşmiş Ştatların Cibutidəki 3200 hərbiçisinin 2002-ci ildə bu ölkədə qurulmuş hərbi bazada xidmət gördüyü bildirilir. Buradakı hərbi baza vasitəsilə Birləşmiş Ştatların  Somali, Yəmən və Efiopiyadakı "Əl-Qaidə" terror təşkilatı və ona bağlı qruplaşmalara qarşı mübarizə apardığı qeyd olunur. Terror təşkilatına qarşı aparılan hərbi əməliyyatlar zamanı Cibutidəki amerikan hərbi bazasından qalxan pilotsuz təyyarələr də xüsusi rol oynayır. Birləşmiş Ştatlardan sonra  Cibutidə ən çox hərbiçisi olan ikinci ölkə Fransadır. Hazırda Cibutidə 2 minə yaxın  fransız hərbiçisi qulluq edir. Son illər Yaponiya da Afrikadakı hərbi birliklərinin sayını artırmağa başlayıb. Belə ki, Qırmızı dənizdə Somali dəniz quldurlarına qarşı mübarizənin əhatə dairəsini artırmaq məqsədilə Tokio 2 il əvvəl bölgədə 200 hərbiçisindən ibarət dəniz donanması yaradıb.

İsrailin Afrika marağı

Afrikada hərbi baza yaradan ölkələrdən biri də Böyük Britaniyadır. Hazırda Cənubi Afrika Respublikası, eləcə də Sierra Leone və Keniyada ingilis əsgərləri mövcuddur. Keniyanın paytaxtı Nayrobinin 200 kilometr şimalında yerləşən İngiltərə hərbi bazasında 166 ingilis əsgəri qullq edir. Keniya höküməti ilə əldə edilən anlaşma əsasında bu ölkədə fəaliyyyət göstərən ingilis hərbiçiləri hər il burada hərbi təlimlər və əməliyyatlar həyata keçirir. Sierra Leonenınin paytaxtı Fretounun cənubunda 2002-ci ildən Beynəlxalq Hərbi Təlim Bazası quran Böyük Britaniya bu ölkənin ordu birləşmələrinə də hərbi təlimlər keçir. İsrailin də  qomşu dövlətlər başda olmaqla bir çox ölkəyi izləmək məqsədilə Qırmızı dənizdə və Sudan sərhədlərinə yaxın bir ərazidə gizli bir hərbi baza yaratdığı xəbərləri yayılıb. Efiopiya başda  olmaqla Keniya, Anqola, Mozambik, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Qana, Zair, Çad, Uqanda və Konqoda hərbi qüvvələri olan İsrailin Cənubi Sudanda iki ayrı nöqtədə hərbi hava bazası  yaratmaq istiqamətində ciddi fəaliyyətə keçdiyi də bildirilir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00