Ərəstun Oruclu prezidentliyə namizəd olacaq

Bəzi İctimai Palata üzvlərinin və müxalifət partiyalarının onu dəstəkləyəcəyi gözlənilir

Ənənəvi müxalifət mətbuatının təlaşla yanaşdığı "radikal QHT sədri" layihəsi artıq başlanıb. Şərq-Qərb Araşdırma Mərkəzinin sədri, politoloq Ərəstun Oruclunun seçki fəaliyyəti artıq başlayıb. Güney Azərbaycan Televiziyasının "Həftə sonu" proqramında çıxış edən politoloq və gənc fəal Zaur Əkbər yeni təşkilatın anonsunu veriblər. Qısa adı "A-13" (Azərbaycan - 2013) adlanan qurumla bağlı 3 aydır intensiv müzakirələr apardıqlarını vurğulayan qonaqlar komandanı və məramlarını ictimaiyyətə təqdim etməyə hazır olduqlarını bildiriblər. Xəbər saytlarının məlumatına görə, "A-13" builki prezident seçkisinə öz namizədi ilə qatılmağı planlaşdırırmı" sualına cavab verən Ərəstun Oruclu bunu istisna etmədiklərini deyib. Göründüyü kimi, bir müddət öncə Müsavata yaxın mətbuatın, sosial şəbəkələrdə isə müsavatçı fəalların narahatçılığı boşuna deyilmiş. Politoloq seçkiyə qatılmaq və ənənəvi müxaliftəin namizədlərinə alternativ olmaq istəyir. Xatırladaq ki, Ərəstun Oruclu bu günə qədər siyasi şərhçi kimi tanınıb. Son illərdə İctimai Palatanın üzvü kimi fəalliyyət göstərib. İcazəsiz aksiyalarda fəallığı olmasa da, sosial şəbəkələrdə radikal çıxışları, statusları və rəyləri ilə seçilib. "Yeni Müsavat"ın bir müddət öncəki yazısına inansaq, politoloq bütün bu radikallığı bilərəkdən edirmiş ki, 2013-cü il prezident seçkisinə özünü maraqlı dairələrə təqdim edə bilsin. Artıq seçki ilidir və Ərəstun Oruclu fəalaliyyətə başlayıb. O, bir müddət öncə İctimai Palatanın "bəzi Koordinasiya Şurası üzvlərinin loyallığına etiraz olaraq" qurumu tərk edib. Baş verən son aksiyalarda ənənəvi müxalifətin kənada qalması, hadisələrər aylnız seyrçi qalması çoxları kimi Ərəstun Oruclunu da ümidləndirib. O, seçkidə uğur qazanacağına inanır. Amma necə və kiminlə? Politoloq hələki özünü ənənəvi müxalifətə rəqib kimi göstərmir. Amma müşahidələr göstərir ki, o hər an "ovunun" üstünə atıla bilər. Bu seçkidə onun əsas rəqibi iqtidar olmalıdır, amma o həm də ənənəvi müxalifətlə çarpışmaq zorunda qalacaq. Ənənəvi müxalifət meydana çıxan istənilən qüvvəyə, özünü üçüncü qüvvə adlandıran bütün güclərə qarşı amansızdır. İlqar Məmmədov, Rüstəm İbrahimbəyov, o cümlədən, Ərəstun Orucluya. Hər üçünə münasibət zaman-zaman müxtəlif çaplı funksionerlər tərəfindən bildirilib. Amma bu yarışdır. Üçüncü qüvvə də geri çəkilmir. Ənənəvi müxalifət mətbuatı Ərəstun Oruclunun sosial bazaya, təşkilati və informasiya resurslarına malik olmadığını qabardır. Bu, doğrudur. Onun gerçəkdən də sözügedən resursları yoxdur. Amma bir iş var ki, indi 90-cı illər deyil ki, "Yeni Müsavat" və ya "Azadlıq" qəzetlərinin varlığı uğur sayılsın. İndi informasiya axını dövrüdür. Sosial şəbəkələr var və onlar bəzi hallarda informasiyanın yayılmasına görə televiziyanı belə ötürlər. Təşkilati strukturlara, insan resurslarına gəlincə, Ərəstun Oruclu işini sağlam qursa, bunu da əldə edə bilər. Təşkilati strukturlara malik partiyalar təkcə Müsavat və AXCP deyil. Başqa partiyalar da var. Ərəstin Oruclu seçkilərdə iştiraka qərar verəcəksə, o zaman bu partiyaların dəstəyini almağa çalışmalıdır. Üstəlik, İctimai Palata üzvü kimi qurumun üzvü olan müstəqil siaysətçiləri, hüquqşünasları, jurnalistləri öz tərəfinə çəkə bilər. Gələn xəbərlərə görə, AXCP ilə Müsavat arasında liderlik savaşına etiraz edən İctimai Palata üzvü olan partiya və ayrı-ayrı şəxslər Ərəstun Oruclunu dəstəkləməyə hazırdır. İndi qalır politoloqun "Ərəstun Oruclu İP-i parçaladı" ittihamından qorxmayaraq siyasi fəallıq göstərməsi. Bu il siyasi aktivliyin artacağını nəzərə alsaq, politoloq təşəbbüsü ələ almaq üçün tələsməlidir. Ehtimal var ki, AXCP rəsmən prezident seçkilərinin boykot olunması ilə bağlı qərar çıxaracaq. Bu halda politoloqun güclənməsi və Müsavat başqanının elektoratını bölməyə çalışması AXCP sədrinin də marağında olacaq.
 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00