ABŞ və Avropa arasında nə baş verir? - ŞƏRH

"Avropa iki çətin seçim qarşısındadır: ya zəifləməyə doğru getməli, ya da parçalanması labüddür". Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.

Avropa Birliyində islahat aparılması ideyası onun yaradılmasından bir müddət sonra gündəmə gəldiyini deyən politoloq bildirib ki, xüsusilə İngiltərə, Fransa və Almaniya orada islahatların aparılması tərəfdarı kimi çıxış edirdilər: "Brexitdən sonra bu yük Almaniya və Fransanın üzərinə düşür. Fransa prezidenti Makron da Avropa inteqrasiyasına tərəfdar olan siyasətçi kimi hələ namizədliyi dövründə islahatların vacibliyini önə çəkirdi. İslahatlar baş verməsə, o, Frexit, yəni Fransanın birlikdən çıxması məsələsinin qaçılmaz olduğunu deyirdi. Xüsusən Brexitdən sonra britaniyalıların Avropa təsisatlarına inamsızlığının üzə çıxması Avropa Birliyini islahatlara getməyəcəkləri təqdirdə birliyin zəifləyəcəyi, hətta parçalanacağı təhdidi ilə üzbəüz qoymuş oldu".

Fransa prezidenti Emmanuel Makronun prezidentlik kampaniyası zamanı Birlikdə islahatlar vəd etdiyini xatırladan N.Məmmədova söyləyib ki, "Sarı jiletlilər"in isə Brexitə rəvac verməsi, Fransanın AB-dən çıxma tələbi qoyması liberal, avrosentrist Makrona qarşı yönəlmiş tələbdir: "Bu, ilk növbədə Avropa Birliyində islahatlar yolu ilə Birliyi möhkəmlətməyə çalışan Fransa prezidentinin avrosentrist mövqeyinə vurulan zərbədir. Vahid Avropa tərəfdarı olan mərkəzçi Makron toxunulmaz mövzu olan NATO-ya alternativ vahid Avropa ordusu ideyasını ortaya atmasaydı, onun prezidentlik postunu itirməsi təhlükəsi həddinədək gələ bilməzdi".

Politoloq vurğulayıb ki, İrana qarşı sanksiyalar məsələsində Fransanın ABŞ-a müqaviməti, onun maraq zonası olan Orta Şərq, Şimali Afrika və Cənubi Qafqaza müdaxiləsi ABŞ-ın narazılığını son həddə çatdırdı: "Makron həm də qloballaşma prosesləri fonunda Fransanın Avropa Birliyində olmasının vacibliyini vurğulamışdı. Hər bir halda Fransa radikal Le Penə deyil, liberal Makrona səs verməklə, onun qloballaşma dövründə Fransanı irəliyə aparacağına ümid edirdi. Amma çox hallarda Avropanın axırıncı sosialist ölkəsi adlandırılan Fransada insanlar əsl sosialist kimi kiçik vergi verib, dövlətdən özlərinə yüksək qayğı, qiymətlərin artırılmamasını tələb edirlər. Halbuki, qloballaşmanın, fransızların mondializm adlandırdığı prosesin kökündə varlı ölkələrin əhalisinin yoxsullaşması, yoxsul ölkələrin əhalisinin varlanması dayanır. Bir çox müəssisələr əhalisi çox, işçi qüvvəsi ucuz olan Çin, Hindistan, Pakistana köçürülür. Üstəlik, avropalıların həssas yanaşdığı ekologiya məsələləri də sənaye cəhətdən inkişaf etmiş ölkələr arasında mübahisə mövzusu olur. Belə bir şəraitdə üstəlik Avropanın ABŞ-a meydan oxuması Atlantik okeanının şərq və qərbindəki qarşıdurmanı artırır".

N.Məmmədova əlavə edib ki, İrana qarşı sanksiyalara qoşulmamaq, Qüds məsələsində Fələstini dəstəkləmək, enerji layihələrinə münasibətdə fikir ayrılıqları, Yaxın Şərqin enerji resursları uğrunda mübarizə, vahid ordu və s. ABŞ və Avropanı qarşı-qarşıya gətirir: "Belə bir şəraitdə Makrona xəbərdarlıq bütün avrosentristlərə şamil oluna bilər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31