Elçibəyin zəhərlənməsində Əli Kərimli faktoru - ŞƏRH

Hürrü Əliyev iddialarında haqlı görünür

Əbülfəz Elçibəyin qardaşı oğlu, "Milli İdeya Naminə" Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev  mediaya və ictimaiyyətə müraciət ünvanlayıb. Demək olar ki, bütün media orqanlarında çap edilmiş müraciətdə əks olunan fikirlər cəmiyyətdə əsil polemikaya səbəb olub. Müraciət müəllifi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mərhum prezident  Əbülfəz Elçibəyin zəhərlənməsində iştirak etdiyini iddia edib. H. Əliyev bildirib ki, əmisinin zəhərlənməsi ilə bağlı ona hələ Ə. Elçibəyin ölümündən dərhal sonra bildiriblər: "Azəri-Türk" Qadınlar Cəmiyyətinin Türkiyə təmsilçisi, eyni zamanda  Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci il avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edirdik. O, Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin  zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını dedi. Hətta Qabil hoca adlı  hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hər hansı əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki,  Sevgi Erenerolla  söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu "ajan" adlandırmış, hətta əmimin sağlığında  özünü Əli Kərimlidən qoruması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi". Xatırladaq ki, Ə.Elçibəyin zəhərlənərək oldürülməsi  zaman-zaman ictimaiyyətin müzakirə predmeti olub və onun AXCP sədri Əli Kərimli tərəfindən təşkil olunduğu barədə fikirlər səslənib. Bir müddət öncə  Müasir Musavat Pariyasının sədri Hafiz Hacıyev də eyni xarakterli ittihamla çıxış etmiş və məhz onun müraciəti əsasında Bakı Şəhər Prokurorluğunda çinayət işi açılmışdı. Sözügedən cinayət işi ilə əlaqədar xeyli şahid ifadələri alınsa da sonradan qeyri-müəyyən səbəblərdən istintaq işi yarımçıq saxlandı. İndi məlum olur ki, AXCP sədri həmin istintaq işinin dayandırılmasında maraqlı olub. "Milli İdeya Naminə" Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev  iddia edir ki, Ə.Elçibəyin  zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərində Əli Kərimli atasının yaşadığı evə gələrək, böyük narahatçılıqla ondan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş edib. Qeyd edək ki, Əli Kərimlinin Elçibəyin sağlığında onu gözdən salmaq məqsədilə daim qara piar təşkil etməsi, mətbuatda müxtəlif səpgili  uydurma xarakterli məlumatları dərc etdirməsi heç kimə sirr deyil. Əli Kərimlinin bu "layihəsində" iştirak edən yaxınları sonradan belə faktların həqiqətə uyğun olduğunu dəfələrlə etiraf ediblər. Təbii ki, belə iyrənc addımlar məqsədli şəkildə atılırdı ki, onun da arxasında birmənalı şəkildə AXC-ni ələ keçirmək istəyi dururdu. Məhz bu səbəbdən partiyaya ayrılan ianələr şəxsi maraqlar üçün istifadə edilirdi. H.Əliyevin iddiasına görə, Əli Kərimli Türkiyədən göndərilmiş 100 min ABŞ dollarını Elçibəyin etimadından sui- istifadə edərək partiya məqsədlərinə deyil, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarına ötürüb: " Əmim ona şəxsi ehtiyaclarını ödəmək üçün Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını bütövlükdə Əli Kərimliyə verdi və bunu partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırdı. Amma Əli Kərimli həmin pulu, yəni  100 000 ABŞ dollarını Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarına vermişdi". Ə. Kərimlinin məhz bu kimi xəyanətləri nəticəsində AXCP parçalandı və o, "liderlik" iddiasını təmin etmiş oldu. O da etiraf edilməlidir ki, Əli Kərimliyə xarici himayədarları boş-boşuna maddi dəstək verməyib və hazırda da bu ənənə davam etməkdədir. Necə ki, vaxtilə Ə.Elçibəyi partiyada və cəmiyyətdə gözdən salmaq üçün xarici dairələrin yardımından belə çəkinməmişdi. H.Əliyevin əldə etdiyi sənəd bir daha sübut edir ki, Əli Kərimli hər şeyə getməyə hazır idi ki, təkcə partiyanı ələ keçirə bilsin. Hakimiyyət hərisliyi, liderlik xəstəliyi onu xarici xüsusi xidmət orqanlarının girovuna çevirmişdi.  H. Əliyev qeyd edib ki, o, Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu illərdə İran xüsusi xidmət orqanlarının yazışmalarının əks oldunduğu arayış əldə edib. Həmin arayışlarda İranın Azərbaycanla bağlı planları əksini tapıb: "O zamankı səfir Nəhavəndiyan müşavirləri ilə keçirdiyi iclasda Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz çevirməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün Azərbaycana humanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək bu dövlətə vizasız gediş-gəlişin mümkünlüyünü deyib. Onların planlarına həmçinin Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa  Azərbaycan televiziya kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlər də olub. Həmin sənədlərdə göstərilir ki, onlar bu işləri görmək üçün Əli Kərimli və İsa Qəmbərlə işləmək tapşırığı alıblar. Bunu isə Azərbaycanın dövlət katibi Əli Kərimli və Milli Məclisin sədri İsa Qəmbər prezident Əbülfəz Elçibəydən daha nüfuzlu hesab etmələri ilə əsaslandırırlar. İranlılar bildirirlər ki, bütün siyasi məsələləri bu iki şəxs həll edir, bu baxımdan  həmin  iki şəxslə əlaqələrin möhkəmləndirilməsi vacibdir".  Sənədlə tanışlıq deməyə əsas verir ki, İranın Ə.Elçibəyə qarşı kampaniya aparması mümkün haldır. Çünki  Bütöv Azərbaycan ideyasına görə İranın Elçibəyə qarşı münasibəti birmənalı deyildi. Bunu gözəl başa düşən Əli Kərimli İran dövlətinin köməyindən istifadə imkanını qaçırmayıb. İranın isə bi məsələdə məhz Əli Kərimlini seçməsi onun hərəkətlərinin məntiqi nəticəsi idi. Onu da qeyd edək ki, Əli Kərimli indinin özündə də partiyaya ayrılan maddi dəstəkləri partiyanın inkişafına deyil, şəxsi məqsədləri üçün istifadə etməkdədir. Məsələn, partiyaya  kifayət qədər maddi  yardımlar ayrılmasına baxmayaraq onun rəsmi orqanı olan "Azadlıq" qəzeti dəfələrlə bağlanmaq təhlükəsi ilə üzləşib. Sadalanan faktlar deməyə əsas verir ki, H.Əliyev istər əmisinin zəhərlənməsi, istərsə də Əli Kərimlinin Əbülfəz Elçibəyə xəyanət edərək İrana casusluq etməsi ilə bağlı səsləndirdiyi bütün ittihamlarda haqlı görünür.

  Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00