Bir yazarın qərəzi
Çobanoğlunun növbəti hədəfi Əli Kərimli ola bilər
19 Fevral 2013 15:38 SiyasətAzərbaycan mətbuatının iki tanınmış imzası arasında söz savaşı gedir. Hər şey "Azadlıq" qəzetinin köşə yazarı, mətbuatda hamının sabiq nazir Əli İnsanovun adamı, "ağrıdağ"çı kimi tanıdığı Şahvələd Çobanoğlunun "Yeni Müsavat" qəzetini daxili işlər nazirindən pul almaqda suçlandıran "Böyük nazir sevgisi" adlı yazısından başlandı. Prezident İlham Əliyevin yanında Nazirlər Kabinetinin yığıncağında daxili işlər nazirinin fəalliyyəti təqdir olunmuş, "Yeni Müsavat"da isə bununla bağlı, təxminən "bu hakimiyyətin əsas dayağı Daxili İşlər Nazilriyidir" məzmunda yazı getmişdi. Çobanoğlu bundan qəzəblənmiş və qəzeti həmin nazirliyə "işləməkdə" suçlandırmışdı. İndiyə qədər "Yeni Müsavat"ı bu cür ittihamlara çoxları qonaq edib. Amma Çobanoğlunun ittihamları qəribə görsənir. "Yeni Müsavat"ı dəstəkləmək fikrindən uzağıq, çünki bu qəzet də bir zamanalr Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə qarşı qərəzli mövqedən çıxış edib, milli barışa zidd mövqedə dayanıb. Təkcə 2002-2003-cü illərdə "Yeni Müsavat"ın tutduğu mövqeyi xatırlatmaq kifayətdir. Redaksiya əməkdaşlarının əksəriyyəti Müsavat Partiyasının Məclis üzvü idi, baş redaktor isə partiya sədrinin müavini vəzifəsini daşıyırdı. Buna görə də qəzet daha çox radikal müxalifət partiyasının tribunası kimi çıxır, media prinsiplərindən uzaqlaşırdı. KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası qəbul ediləndən sonra başqa müxalifət qəzetləri kimi "Yeni Müsavat"ın da kursunda sabitləşmə, dövlət və xalq mənafeyi üstün mövqeyə gəldi, firqə maraqları müəyyən mənada arxa plana keçdi. Təcrübəli qəzetçi olan Rauf Arifoğlu KİV-lə işləyən dövlət qurumu ilə müxalifət arasında balans yarada, qəzeti yaşada bildi. Hazırda "Yeni Müsavat" KİV DF-dən hər il iki dəfə yardım alan qəzetlər siyahısındadır. Axırıncı dəfə qəzet fonddan 95 min manata yardım alıb. Bu yardım şəffaf şəkildə, KİV DF-nin şərti ilə verilir, mətbuatda dərc olunur. Son bir neçə ildə bu yardımlar hesabına qəzetlərin maddi-texniki bazası güclənib, əməkdaşların sosial şəraiti yaxşılaşıb. Bir zamanlar ən populyar olmuş qəzetlərin rəhbərləri bu uğuru Arifoğlu qardaşlarına bağışlaya bilmirlər. Onlardan biri də bir zamanlar ən satılan qəzetləri ("Günaydın", "Hürriyyət", "Gündəlik Azərbaycan") çıxarmış Şahvələd Çobanoğludur. "Gündəlik Azərbaycan" bağlanandan sonra gah "Yeni Müsavat", gah da "Azadlıq"da yazmış Çobanoğlunun Arifoğluna qarşı qərəzinin kökü 90-cı illərə gedib çıxır. Mahiyyət etibarilə regionçu, ağrıdağçı olan bu adam işlədiyi qəzetləri sabiq səhiyyə nazirinin maliyysi ilə çıxarır, AXCP sədrinin nüfuzu arxasında gizlənərək Müsavat başqanını vururdu. Bunu "Azadlıq"da dərc olunmuş "Böyük erməni sevgisi" adlı məqaləsində Azər Ayxan da qeyd edir. Yeri gəlmişkən, Şahvələd Çobanoğlunu Arifoğlu qardaşlarına qarşı qaldıran həm də Əkrəm Əylisli məsələsində tutduğu yanlış mövqenin yaratdığı psixoloji durumudur. Çobanoğlu Əylisli məsələsində ermənipərəst mövqe tutmuş, "Daş yuxular"da həmyerlilərini (Çobanoğlu da əslən Ermənistanlıdır) "sukin sın", "qaçqın kopoyoğlanları" deyə təhqir etmiş Əkrəm Əylislini dəstəkləmişdi. Çobanoğlu yaxşı bilir ki, Əylisli düz yazmayıb, ermənilərə yarınıb. Bununla belə o, yanlış yaparaq yazıçının erməni dəyirmanına su tökən əsərini müdafiə elədi. Xaraktercə dağıdıcı bir adam olan Çobanoğlunun hazırki psixoloji durumu ürəkağrıdıcıdır. Adam siyasi rəqiblərinə qəzəbi üzündən yurdunu, ev-eşiyini, doğmalarının məzarlarını viran qoymuş ermənilərə haqq verir, ən yaxşı halda ermənilərə haqq verən adamı dəstəkləyir. İki yazarın savaşında tam haqlı yoxdur.
Arifoğlu qardaşları da hiss olunur ki, keçmişə, əsas tribuna olduqları dövrə özənirlər. Bəzən qəzetin radikal yazarları inqilaba çağırışlar da edirlər. Bununla belə qəzetin ümumi kursu dövlətçilik və milli istiqlal xəttinə uyğundur. Şahvələd Çobanoğlu isə öz sürüşkən, qeyri-sabit mövqeyi ilə zərərli mövqedə dayanır. Bu gün o AXCP sədrini dəstəkləyir, amma 2005-2006-cı illərdə parlamentə getmiş Müsavatı dəstəkləyir, Müsavatı tənqid edən AXCP-ni "vururdu". Deməli, o, hər zaman dəyişə bilər. Çobanoğlunun Arifoğlulara qarşı hücumu nə Müsavata, nə də "Yeni Müsavat"a qarşı sistemli mübarizə deyil. İki il öncə Çobanoğlu Azərbaycan mətbuatında hamının abırlı adamlar kimi tanıdığı Azər Qaraçənli, Hikmət Sabiroğlunun çalışdığı "Mediaforum" saytını hədəfə alır, onları "danışaraq susmaqda", "şərə xidmətdə" suçlandırır, ictimai nüfuzdan salmağa çalışırdı. Bu baxımdan həmkarları arasında etibarını itirmiş Çobanoğlunun sabah Əli Kərimlini, Qənimət Zahidoğlunu hədəfə almayacağına heç kim zəmanət verə bilməz.
Ərhun Abbas