Molla rejiminin Suriya sevgisi nədən qaynaqlanır?

Ekspert: “İran Əsəd rejiminə 10 milyard ABŞ dollarından çox yardım edib. Bu pulla İrandakı yoxsulluğu aradan qaldırmaq olardı”

Suriyada baş verən hadisələr və Bəşər Əsəd rejiminin sona yaxınlaşması İran hakimiyyətində qorxu yaradıb. Bunu rejim mənsublarının açıqlamalarından da sezmək mümkündür. İran İslam Respublikasının dini lideri əyətullah Əli Xamneyiyə yaxın ruhanilərdən olan "Əmmar" qərargahının rəisi Mehdi Taib fevralın 14-də "Bəsic" təşkilatına üzv tələbələr qarşısında çıxış edərək Suriya hökumətinin İran üçün əhəmiyyətindən danışıb. Suriyanı İranın bir ayaləti, özü də strateji əhəmiyyəti olan əyaləti adlandıran Mehdi Taib deyib ki, bu "əyaləti" qorumaq İranın Xuzistan əyalətini qorumaqdan da vacibdir: Mehdi Taib deyib ki, əgər düşmən hücum çəkib Suriyanı və Xuzistanı bizdən almaq istəsə, biz əvvəl Suriyanı qorumalıyıq. Suriya bizim üçün prioritet olmalıdır. Biz əvvəl onu qoruyub saxlamağa çalışmalıyıq. Çünki Suriyanı qoruya bilsək, sonra Xuzistanı da düşməndən geri ala bilərik. Yox, əgər Suriyanı itirsək, Tehranı da əlimizdə saxlaya bilməyəcəyik. Onun sözlərinə görə, Suriya hakimiyyətinin ixtiyarında ordu olsa da, həmin ordu şəhərlərin içində müharibə aparmaq üçün kifayət qədər gücə malik deyil. Xatırladaq ki, İran dövləti Bəşər Əsəd rejiminə canlı qüvvə və texnika sarıdan dəstək verir. 60 min "Hizbullah"çının iştirakı ilə Suriyanın "Bəsic" təşkilatı yaranıb və bu gün həmin qüvvələr Suriya şəhərlərinin küçə və meydanlarında müxaliflərə qarşı aparılan müharibədə iştirak edir. İran hakimiyyəti bu yolla Bəşər Əsədi qoruyub saxlaya bilərmi? İranın hərbi yardımlarına Qərbin təpkisi necə olacaq? Güneyli ekspert Elçin Hatəmi hesab edir ki, molla rejiminin təlaşı anlaşılandır. Çünki bilirlər ki, Əsəddən sonra növbə onlarındr: "Suriya İran İslam dövləti yarandığı gündən onun ideoloji baxımdan strateji bir müttəfiqidir. İran dövlət rəsmiləri Suriya dövlətinin yıxılmasını İran dövlətinin Yaxın Şərqdə nüfuzunun və qüdrətinin azalması və İrailə qarşı terror qruplarının məhv edilməsi ilə nəticələnməsindən narahatdır. İran, İraq, Suriya və Livana bir şiə hilalı geosiyasi baxımdan bir şiə hilalı kimi tanınır. İran bu coğrafiya vasitəsi ilə İsrailə qarşı Livan və Fələstində terror qruplarına hərbi yardım göstərir və bu qrupları İsrail dövlətinə qarşı terror aktı törətmək üçün təhrik edir". Güneyli politoloq deyir ki, İran hakimiyyəti fələstinli və Livanlı radikal islamçı qruplara da maddi yardım göstərir və onlara Livan və Suriyada təlim verir: "Suriya hökuməti İranın İsrailə qarşı bir dayağı olaraq əhəmiyyətə malikdi. Bir də Suriya nəqliyyat baxımından bir qapı kimi İran dövləti tərəfindən İsrailə qarşı istifadə olunur. İran təyyarələrlə silahları və hərbi təchizatları Suriyaya göndərir və ordan quru yolu ilə livanlı və fələstinli qruplar arasında paylanır. Sepah və ETTELAAT şiə hilalı vasitəsilə əldə edilən sənədlərə istinadən narkotik ticarətinə baxır və bu yolla narkotika qaçaqmalçılıq yolları ilə Avropada satışa çıxarılır və külli miqdarda gəlir əldə edilir".
Elçin Hatəmi hesab edir ki, molla rejimini Əsəd ailəsinin taleyi düşündürmür. Onları düşündürən yalnız İranın maraqlarıdır: "İranın Suriyanı, "Hizbullah", "Həmas" və s. terror təşkilatlarını himayə etməsi İran dövlətinin qüdrətinin və ərazi bütövlüyünün qorunub saxlanılması üçündü. Suriya dövləti və terror təşkilatları İran hakimiyyətinin əlində İsrailə və Qərb dövlətlərinə qarşı bir vasitə kimi istifadə olunur və İran hakimiyyəti bu yolla Qərbdən və İsraildən gələn təhdidləri öz topraqlarından uzaqlaşdırmağa çalışır və bunun üçün Yaxın Şərqdə barış və sülhə qarşı özəlliklə İsrail və qonşuları arasında sülhün bərpa edilməsinə əngəl törədir. İran indiyə kimi Bəşər Əsəd rejiminə 10 milyard ABŞ dollarından çox yardım edib. Hansı ki bu pulla İranda bir çox yerlərdə yoxsulluq aradan qaldırıla bilərdi". Ekspertin fikrincə, İran dünya birlyinin qarşısında dayana bilməyəcək və rejimin Suriya siyasəti iflasa uğrayacaq.
 

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00