Terrorçu rejimin həyəcansız qələbəsi - REGION
2008-ci ilin mart hadisələrini qaçılmaz edir
19 Fevral 2013 13:45 SiyasətErmənistanda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 100 faizində seçki bülletenlərinin sayıldığını bildirib. Nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 58,64 faiz səsini toppayaraq növbəti dörd il müddətinə Ermənistana rəhbərliyi əlində saxlayıb. İkinci yerdə 36,75 faiz səslə Raffi Ovanisyan. Üçüncü yerdə isə 2,15 faiz səslə Hrant Baqratyan qərarlaşıb. Ermənistanın hakim partiyası sayılan Respublika Partiyası son prezident seçkilərini ölkəsinin tarixində keçirilən ən yaxşı seçki kimi xarakterizə edib. Seçkinin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirən Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov seçkilərə müdaxilə edəcək hər hansı ciddi bir qanun pozuntusunun qeydə alınmadığını iddia edib. Hakim partiya rəsmisi deyib ki, Ermənistanda seçkilərin demokratik qaydada keçdiyini heç kəs inkar edə bilməz. Çünki beynəlxalq müşahidəçilər də eyni mövqedədirlər. Ermənistanda prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin ilkin rəyi isə ondan ibarətdir ki, ölkədə heç də seçki həyacanı müşahidə edilməyib. Hətta səsvermə prosesində iştirak edən prezident Serj Sərkisyan da qəribə də olsa seçki həyacanı hiss etmədiyini söyləyib. Bu isə bir daha onu deməyə əsas verir ki, əslində Ermənistanda prezident seçkiləri fevralın 18-də deyil, ondan bir neçə gün əvvəl baş tutub Sadəcə 18 fevral tarixi dünyaya seçki oyunu nümayiş etdirmək olub.
Sərkisyan xalqın səsini oğurladı
Lakin ölkə müxalifəti, seçkidə iştirak edən digər namizədlər, xüsusilə Raffi Ovanisyan tamam başqa cür düşünür. Seçkilərdə qələbə qazandığını iddia edən sabiq xarici işlər naziri Raffi İvanisyan tərəfdarlarını mübarizəyə səsləyib. Prezidentliyə namizədin xalqa ünvanlanmış çağırışından dərhal sonra minlərlə insan Ermənistan Mərkəzi Seçki Komissiyasının qarşısına toplanıb. Seçkilərin ciddi şəkildə saxtalaşdırıldığına etiraz edən aksiya iştirakçıları Sərkisyan və tərəfdarlarını xalqın səsini oğurlamaqda ittiham ediblər. Aksiyanın irəli sürülən tələblərin yerinə yetiriləcəyi müddətə qədər davam edəcəyini deyən etirazçılar digər namizədləri və ümumilikdə ölkə müxalifətini birgə mübarizəyə səsləyiblər. Bəs görəsən Raffi Ovanisyan ölkə ictimaiyyəti, ən əsası müxalifət və beynəlxalq birliyin dəstəyini qazana biləcəkmi? Belə olan halda Ermənistanda 2008-ci ilin mart hadisələrinin təkrarlanması nə dərəcədə mümkündür?
Total seçki saxtakarlığı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyir ki, Ermənistanda keçirilən seçkilərdə ciddi şəkildə saxtakarlığa yol verildiyi danılmazdır. Onun sözlərinə görə, səsvermə başlayandan dərhal sonra Ermənistanın Mərkəzi Seçki Komissiyasına seçki saxtakarlıqları barədə məlumatlar daxil olub: "Seçkilərin sonrakı gedişi bir daha göstərdi ki, yenə də 2008-ci ildə olduğu kimi Ermənistan prezidenti Serj Sərkisyan total seçki saxtakarlığı hesabına öz kürsüsünü qoruyub saxlamağa çalışıb". Ekspertin sözlərinə görə, Serj Sərkisyan seçki prosesinə start verilən andan, həmçinin təbliğat-təşviqat kampaniyası çərçivəsində ciddi qanun pozuntularına imza atıb, digər namizədlərə qarşı qeyri-sağlam mübarizəyə qoşulub: "Seçkilərdə Serj Sərkisyana ən ciddi rəqib ola biləcək şəxs, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan seçki marafonundan müəmmalı şəkildə uzaqlaşmış oldu. Düzdür, Petrosyan seçkilərə qatılmamasına 69 yaşı olduğunu bəhanə gətirdi. Ancaq Ermənistan cəmiyyətində hər kəsə bəllidir ki, Levon Ter-Petrosyan ciddi təhdidlər, hətta fiziki cəhətdən məhv edilmə təzyiqləri fonunda proseslərdən kənarlaşdı. Həmçinin Robert Köçəryan, erməni oliqarxı Qaqik Suakyan prezident seçkilərində namizəd kimi iştirak etmədi.
Serjin növbəti cinayəti
Bütün bunlar məhz Serj Sərkisyan və onun yaxın ətrafının təzyiqləri fonunda baş verdi. Eyni zamanda prezidentliyə namizəd Arikyana qarşı sui-qəsd həyata keçirildi. Bunlar hamısı onu deməyə əsas verir ki, əslində Ermənistanda terrorçu, terrorizmi dövlət səviyyəsinə qaldıran bir rejim hakimiyyətdədir. Bu rejim hakimiyyəti qoruyub saxlamaq üçün hər şeyə gedə bilər". Elman Nəsirov deyir ki, 2008-ci ildə də xalq tərəfindən seçilməyən, lakin saxtakarlıq yolu ilə özünü prezident elan edən Serj Sərkisyan o zaman öz xalqına qarşı zor tətbiq etdi, seçki nəticələrinə etiraz edən xalqı güllələdi. Nəticədə 10 nəfər həlak oldu, 200 nəfər müxtəlif dərəcəli xəsarət aldı: "Hazırda da anoloji bir hadisənin şahidiyik. 2008-ci il praktikasının təkrarlanması ehtimalı kifayət qədər böyükdür. Hər şey ondan asılı olacaq Ermənistan müxalifəti etiraz dalğasını hansı səviyyədə təşkil edəcək. Əgər etiraz dalğası genişlənərsə belə olan halda Ermənistan prezidenti Serj Sərkisyanın yenidən öz xalqına qarşı silah tətbiq edəcəyinə heç bir şübhə yoxdur". .Ekspertın sözlərinə görə, bu Serj Sərkisyanın işlədəcəyi ilk cinayət olmadığından o, xalqına qarşı silah işlətməkdə çətinlik çəkməyəcək: "Serj Sərkisyanın tərcümeyi halına baxdıqda onun dəhşətli cinayətlərə imza atdığının şahidi oluruq. Xocalı soyqırımı, 1999-cu il Ermənistan parlamentində həyata keçirilən qətliam, 2008-ci ilin mart hadisələri. Bu da onu göstərir ki, Sərkisyan vəziyyətin gedişatından asılı olaraq 2008-ci ilin mart hadisələrini təkrarlaya bilər".
Süleyman İsmayılbəyli