2018-ci il Qarabağ probleminin həlli istiqamətində nə ilə yadda qaldı?

Artıq ilin yekunlarına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz 2018-ci il Azərbaycan üçün bütün istiqamətlərdə uğurlu il olsa da, lakin Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu il də əvvəlki illərdə olduğu kimi ciddi nəticələrlə yadda qalmadı. İl ərzində problemin həlli istiqamətində olan diplomatik fəallıq, aparılan danışıqlar prosesini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinın bununla bağlı yaydığı hesabatda qeyd edilir ki, 2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Mərkəz hesab edir ki, ancaq bütün illərdə olduğu kimi 2018-ci ildə də Qarabağ ətrafında maraqlı hadisələr yaşandı.

Artıq ilin yekunlarına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz 2018-ci il Azərbaycan üçün bütün istiqamətlərdə uğurlu il olsa da, lakin Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu il də əvvəlki illərdə olduğu kimi ciddi nəticələrlə yadda qalmadı. İl ərzində problemin həlli istiqamətində olan diplomatik fəallıq, aparılan danışıqlar prosesini şərh edən "Atlas" Araşdırmalar Mərkəzinın bununla bağlı yaydığı hesabatda qeyd edilir ki, 2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Mərkəz hesab edir ki, ancaq bütün illərdə olduğu kimi 2018-ci ildə də Qarabağ ətrafında maraqlı hadisələr yaşandı.

Birincisi, Ermənistanda 20 ildən sonra "Qarabağ klanı" hakimiyyətdən uzaqlaşdırıldı. İkincisi, son bir neçə ayda atəşkəsin pozulması halları azaldı. 2018-ci ilin əvvəlində ATƏT-də sədrlik İtaliyaya keçdi. Təbii olaraq Azərbaycan siyasi elitasında və ictimaiyyətində bu cür suallar yarandı. Münaqişənin həllində İtaliyadan nəsə gözləmək olarmı? İtaliyanın sədrliyi müddətində nələr baş verə bilər? İtaliyanın mümkün təşəbbüslərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaqm?

Mərkəzin hesabatında qeyd edilir ki, İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli addımlar atacağı elə ilin əvəlindən sual altında idi. Bəli, İtaliya rəsmiləri və bu ölkənin Xarici İşlər Nazirliyi ATƏT sədri kimi Qarabağla məşğul olacaqlarını açıqladılar. Ancaq bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlər səsləndiriblər. Yaxın keçmişdə ATƏT-ə Qazaxıstan və Almaniya da sədrlik ediblər. Eyni ilə İtaliya kimi hər iki dövlətin rəsmiləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını bildirmişdilər. Özü də Qazaxıstanın müxtəlif formatlarda Azərbaycan və Ermənistanla daha sıx əlaqələri var. Ancaq Qazaxıstanın fəallığı və təşəbbüsləri də Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmədi. Almaniya ATƏT-ə sədrlik edəndə müxtəlif təşəbbüslərlə çıxış etdi, Azərbaycan və Ermənistan prezidentləri müxtəlif vaxtlarda Berlinə dəvət edildilər. Almaniyanın o zamankı xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı plan hazırladıqlarını dedi və Azərbaycana, Ermənistana səfər etdi. Ancaq Astana kimi Berlinin də ATƏT sədri kimi fəallığı və müxtəlif təşəbbüsləri işə yaramadı. 

Hesabatda o da qeyd edilir ki, Astana və Berlin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdilər. Ancaq təəssüf ki, bu onlardan asılı olan məsələ deyildi. ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, sədr nə qədər fəal olsa da o, başqa dövlətlərin passivliyi fonunda uğur qazana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi böyük dövlətlərdir. Bu dövlətlər isə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün ciddi addımlar atmırlar. Elə İtaliya da münaqişənin həlli istiqamətində heç bir addım atmadı, Berlin və Astana qədər fəal olmadı.

Hesabatda o da vurğulanır ki, 2016-cı ilin aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıdıb. Bunu Ermənistanda bu ilin yanvar ayında keçirilən son rəy sorğularından biri də sübut edirdi. Deməli, İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda İrəvan olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğu nəticələrinə görə, 34 faiz Rusiyanı əvvəlkitək strateji tərəfdaş sayarkən, 30 faiz əksini düşünür. "Rusiya Ermənistanın təhlükəsizliyini təmin edirmi" sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir. 25 faiz düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə təmin etmədiyini bildirib.

Ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı lap azalıb. Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə "qorumayacaq" deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların "bu biznes layihədir, imtina edə bilmərik" cavabı erməniləri daha çox məyus edir.

Mərkəz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı 4 bəndlik təklifinə də diqqət çəkib. Qeyd olunur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də Moskvada 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Lavrov həmin mətbuat konfransında müxtəlif beynəlxalq mövzulara toxundu. Sergey Lavrov həmin mətbuat konfransında Qarabağ münaqişəsinin həlli haqqında da bir neçə fikir söylədi.

Birincisi, Lavrov 2018-ci ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar gözlədiklərini dedi.

İkincisi, Lavrov təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılmasının vacibliyini bildirdi.

Üçüncüsü, Lavrov dedi ki, məsələyə mərhələli yanaşma lazımdır: "Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək".

Dördüncüsü, Lavrov Azərbaycanla Ermənistanın razılaşmasının vacibliyini vurğuladı.

Hesabatda başa çatmaqda olan il ərzində də Azərbaycanla Ermənistan arasında psixoloji savaşın getdiyi əksini tapır. Bildirilir ki,  ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kasprşik yanvarda Azərbaycanda və Ermənistanda oldular. Həmçinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə getdilər. Orada separatçıların lideri Bako Saakyanla görüşdülər. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlamada iki əsas tezis var idi. Birinci tezis: "Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq". İkinci tezis: "Tərəfləri gərginliyə yol açan açıqlamalara son verməyə çağırırıq".

Bu iki tezis ondan xəbər verirdi ki, həmsədrlər Azərbaycanla Ermənistan arasında gərginliyi ortadan qaldıra bilmirlər və atəşkəsin pozulmayacağına da zəmanətləri yoxdur.  

Hazırda İrəvanın iki narahatlığının olduğu da hesabatda əksini tapır. Bildirilir ki,  Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının fevral ayındakı qurultayında Dağlıq Qarabağ probleminin həlli haqqında da danışdı. Prezident həmin qurultayda belə bir fikir də işlətdi ki, azərbaycanlılar gələcəkdə İrəvana da qayıdacaqlar. Bu açıqlama Ermənistan rəsmilərinin qəzəbinə səbəb oldu. Ermənistan prezidenti və digər rəsmiləri İlham Əliyevin bu fikrini Azərbaycanın Ermənistan torpaqlarına iddia kimi qiymətləndirdilər. Yəni guya rəsmi Bakı gələcəkdə Ermənistanın torpaqlarını işğal etmək istəyir. İlham Əliyevin çıxışında "biz Ermənistandakı torpaqları geri alacağıq" sözləri yox idi. Sadəcə, İlham Əliyev ona işarə edirdi ki, əgər Ermənistan Azərbaycan torpaqlarını işğal edibsə, Azərbaycan da eyni hərəkəti edə bilər. Bu, Azərbaycanla Ermənistan arasındakı psixoloji savaşın tərkib hissəsidir.  Buna baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq aləmdə belə təbliğat aparmağa başladı ki, guya İlham Əliyev məhz Ermənistan torpaqlarının işğalını nəzərdə tutub. Ermənistan hakimiyyəti və erməni lobbisi dezinformasiyalarını gücləndirdilər və məsələyə ilk reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oldu. Erməni jurnalistlərdən biri ona bu haqda sual verdikdə Mariya Zaxarova İlham Əliyevin çıxışındakı həmin sözləri tənqid etdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq Mariya Zaxarovaya cavab verdi.  Bu arada, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Zakir Həsənov həmin görüşdə qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında müharibə hər an başlana bilər. Ermənistan hakimiyyəti və erməni lobbisi bu açıqlamadan da öz məqsədiləri üçün istifadə etməyə çalışdı və məsələni belə qoydu ki, guya Azərbaycan müharibəyə başlamağı planlaşdırır.

Azərbaycanın Müdafiə Nazirliyi genişmiqyaslı təlimlər keçirdi. Bu təlimlərə on minlərlə hərbçi və minlərlə hərbi texnika cəlb edildi. Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməli idi. Ancaq separatçıların lideri Bako Saakyan həmin anda ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirirdi. Bunun özü də ciddi sual yaradır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə imkan yaradıb?

Hesabatda Ermənistanda baş verən inqilab da şərh edilib. Bildirilib ki,  Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə razılaşmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etmək idi. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısı idi, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazım idi. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyirdi. Hakim partiyanın koalisiyası dağıldı.  ABŞ Dövlət Departamentindən aprelin 24-də Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınladı. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırdı. Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edirdi: "Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq". Bu cümlənin qayəsi sonuncu hissədədir. Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəklədi. Vaşinqton bu bəyanatıyla Paşinyana ilk dəstəyini vermiş oldu.

Moskva Serj Sərkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi, Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama verilmədi. Ancaq Moskva daha sonra düyməyə basdı. Görünür, Kremldə anladılar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu, uzun müddət davam edə bilər. Ona görə də Rusiya prezidenti Vladimir Putin aprelin 25-də erməni həmkarı Armen Sərkisyana zəng etdi, həmin gün xarici işlər naziri Edvard Nalbandyan isə təcili Moskvaya çağırıldı. Kremlin bu addımının iki məqsədi var idi. Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirdilər, ikincisi də İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayırdılar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın.

Serj Sərkisyan üzərində qələbə çalan Nikol Paşinyanın aprelin 24-də keçirdiyi mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələr bunlar idi:

Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq.

İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən Avrasiya İqtisadi İttifaqından çıxmayacaq.

Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır.

Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkdi və bu dövlətin ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğuladı. Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilmədi, ya da o bu haqda hələ danışmağa tələsmirdi.

Rəsmi Bakı soyuqqanlı davranıb Ermənistandakı xaosdan yararlanaraq orduya hücum əmri vermədi. Halbuki, Ermənistan 1990-cı illərdə Azərbaycandakı xaosdan istifadə edərək hücuma keçib Dağlıq Qarabağa bitişik əraziləri də işğal etmişdi.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31