İsa Qəmbər köhnə komanda ilə nəyə ümid edir? - SİYASİ ŞƏRH

İndi “hakimiyyətə hazırlaşın”, “bu il hakimiyyətə gəlirik” tipli şüarlarla heç kimi cəlb etmək olmaz

Müsavat başqanı İsa Qəmbər seçki hazırlıqlarını davam etdirir. Ötən həftənin sonu Müsavat qərargahında İsa Qəmbərin namizədliyini dəstəkləyən partiyaların iştirakı ilə toplantı olub. Toplantıda 2003-cü ildə Müsavat başqanının namizədliyini dəstəkləmiş "Bizim Azərbaycan" blokunda təmsil olunmuş partiyaların sədrləri iştirak edib. Xatırladaq ki, 10 il öncə, sözügedən blokda Müsavatla yanaşı KXCP sədri Mirmahmud Mirəlioğlu, Cumhuriyyət Xalq Partiyasinin sədri Bədrəddin Quliyev, Əhrar partiyasının sədri Vaqif Hacıbəyli, Demokratik Sağ partiyasının sədri Nizami Təhməzli, Azərbaycan Demokratik İstiqlal partiyasının sədri Şöhrət İsmayıl və Yeni Turan partiyasının sədri Rövşən Məmmədli, Xalq Partiyasının sədri Pənah Hüseyn və Əmək partiyasının sədri Arzuman Həsənlli təmsil olunurdu. Yada salaq ki, "Bizim Azərbaycan" bloku 2000-ci ildə parçalanmış Demokratik Konqresin bazasında yaradılmışdı. Qurum seçkidə yaxşı təşkil olundu, müəyyən qədər də uğur qazandı. Amma prezident seçkilərindən sonra Müsavat qurumdan imtina etdi. Blok iki yerə parçalandı. Son toplantıda KXCP və CXP iştirak etməyiblər. Toplantıya əsasən Müsavata yaxın, İsa Qəmbərlə şəxsi münasibətləri olan partiyaların sədrləri qatılıblar. Toplantının tərkibi İsa Qəmbərin seçki komandasının formatından xəbər verir. Belə görünür ki, Müsavat başqanı heç vəchlə müxalifətin vahid namizədlə seçkiyə getməsini istəmir, nəyin bahasına olur-olsun, üçüncü qüvvə adına iddialı olan güclərə-nə Ziyalılar Forumuna, nə də Real Hərəkatına meydan vermək niyyətində deyil. Müsavat başqanı vahid namizədin heç İctimai Palata daxilində qəbul olunmasına da imkan verməyəcək kimi görünür. Əkrəm Əylisli hadisəsindən sui-istifadə edən İctimai Palata rəhbərlərinin (özəlliklə Müsavat camesi) Ziyalılar Forumunu, Real Hərəkatını, yeni yaranan El Hərəkatını aşağılama cəhdləri, İsa Qəmbərin "istiqlala qarşı çıxanlara imkan verməyəcəyik" fikrini bəyan etməklə əslində RATİ-yə, Ziyalılar Forumunu hədəf göstərməsi düşünməyə əsas verir. Belə görünür ki, rəhbəri lap Rüstəm İbrahimbəyov olsa belə ənənəvi müxalifət yeni güc mərkəzinin yaranmasını istəmir. Və meydanı əldən vermək niyyətində deyil. Əkrəm hadisəsi Pənah Hüseyn kimi ənənəvi müxalifət ideoloquna üçüncü qüvvəyə hücum etmək şansı verdi. Amma Müsavat və ətrafındakı qüvvələrin işi heç də asan deyil. Məsələ burasındadır ki, Ziyalılar Forumu qüvvə mərkəzi kimi Müsavatı deyil, AXCP-ni qəbul edir. AXCP də Ziyalılar Forumu və islamçılarla iş birliyinə meyllidir. Əli Kərimlinin partiyası sözügedən qüvvələrdən ciddi dəstək ala bilsə, Müsavat ehtiyac olmayacaq. Müsavat yenə də 10 il öncəki müttəfiqləri ilə seçkiyə qoşulacaq və müxalifətin aparıcı qüvvəsinə opponentlik etmək missiyası ilə barışacaq. Çünki müşahidələr göstərir ki, protest elektoratı Müsavata dəstək verməkdə maraqlı deyil. Nəinki narazı kütləni, hətta İsa Qəmbərin seçki blokuna yığışmış adamları belə "hakimiyyətə hazırlaşın", "bu il hakimiyyətə gəlirik", "projelərinizi hazırlayın" tipli vaxtı keçmiş və bir dəfə işlədilmiş sloqanlarla cəlb etmək olmayacaq. "Demkonqres ya hakimiyyətə gəlməlidir, ya da hakimiyyətə gəlməlidir" tipli şüarlar hətta dostlar arasında belə ironik yanaşmaya, gülüşə səbəb olur.
 

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00