Ziyalılar Forumunda parçalanma - AKTUAL
Rafiq ƏIiyev Eldar Namazovun “El” hərəkatı layihəsinə qarşı çıxdı
18 Fevral 2013 14:00 SiyasətZiyalılar Forumunda Eldar Namazov qanadı ilə Rafiq Əliyev arasında ziddiyyət yeni mərhələyə keçib. Bir müddət öncə bu iki şəxs arasında fikir ayrılığının olmasına dair söhbətlər, bu ziddiyyətləri kənardan körükləyənlər də vardı. Rafiq Əliyevə Müsavat və "Qarabağ" blokundan, Eldar Namazova isə İctimai Palatanın "ağrıdağçı" üzvlərindən və qismən də AXCP-dən dəstək vardı. ADP və Ümid açıq-aşkar Rafiq Əliyevi prezidentliyə namizəd kimi irəli sürmək istəyirdi. Siyasi müşahidəçilərin fikrincə, ADP bununla müxalifət düşərgəsində parçalanma yaratmaq, İctimai Palatanın namizədinə alternativ çıxarmaq istəyirdi. AMİP və Eldar Namazovun arxasında dayanan "ağrıdağçılar" isə bütün güclərini qoyub politoloqun daha geniş koalisiya tərəfindən dəstəklənməsini təmin etmək niyyətindəydilər. Eldar Namazov həm Rüstəm İbrahimbəyovun, həm Milyarderlər İttifaqının dəstəyini almaq istəyirdi. Lakin Əkrəm Əylislinin məlum romanının üzə çıxması və əsər ətrafında yaranmış aiotaj Ziyalılar Forumunda namazovçuların mövqeyini xeyli zəiflətdi. Artıq onlar ciddi qüvvə kimi qəbul olunmurlar. Bu arada namazovçulardan narazı qüvvələr fəallaşıb. Hətta onların İbrahimbəyova qəbul etdirdikləri "El" hərəkatı layihəsi də artıq baş tutmamış sayıla bilər. Qeyd edək ki, İbrahimbəyov qayıdan kimi "El" hərəkatı élan olunmalı idi. Bu layihə Namazovun idi və o hərəkatın lideri olmaq istəyirdi. Amma Rafiq müəllimin açıqlamaları göstərir ki, "El" hərəkatı Ziyalılar Forumunda hamının dəstəklədiyi layihə deyilmiş. Mətbuata açıqlamasında Rafiq Əliyev deyib ki, Ziyalılar Forumunun "El" hərəkatı ilə əlaqəsi yoxdur. "Şəxsən mən Rafiq Əliyevlə "El" hərəkatının heç bir əlaqəsi yoxdur. Bir qrup insanlar ki, hərəkat yaratmaq istəyirlər, bu insanların kimlikləri də mətbuatda açıqlanıb. Mənim bu insanlara bu mənada heç bir aidiyyətim yoxdur, bu hərəkatda da iştirak etmirəm. Ancaq Ziyalılar Forumu təqdir edib ki, belə bir hərəkat yaranarsa, yaxşı olar. Onu biz qurmuruq. Mən əvvəllər də demişəm, bu, Ziyalılar Forumunun layihəsi deyil və şəxsən mən Rafiq Əliyev də bu layihədə təmsil olunmuram. Biz ilk gündən demişik ki, Ziyalılar Forumu siyasi təşkilat deyil. Ümumiyyətlə təşkilat da deyil, klub kimi bir şeydir. Yığışırlar sənət adamları, ziyalılar, ədiblər sözlərini deyirlər. Birinci gündən də, indi də deyirik ki, siyasətlə məşğul olmuruq və heç bir siyasi iddiamız da yoxdur. Amma hərəkat və ya partiya yaranarkən onların siyasi iddiası olur. Bu baxımdan mən və mənim dostlarım bu hərəkatda yoxuq".
Aydınca görünür ki, Rafiq Əliyev Eldar Namazovun digər "ağrıdağçı" fəalların layihəsinə qarşıdır və hesab edir ki, "El" hərəkatının yaranması ziyalıların missiyasını gözdən salacaq. Əslində, Rafiq Əliyevin açıqlaması Ziyalılar Forumunun simasını qorumaq, bu qurumu yaşatmaq üçün vacibdir. Amma ziyalılardan öz maraqları üçün istifadə etməyə çalışan namazovçular məsələni belə qoymayacaqlar. Yəqin ki, yaxın günlərdə namazovçu və "ağrıdağçı" yazarlar Rafiq Əliyevə qarşı piar kampaniyasına başlayacaqlar. Onların əsas tezisi Rafiq Əliyevin yorularaq mübarizədən çəkildiyi olacaq. Amma Namazov tərəfdarlarının bütün cəhdləri hədər gedəcək. Əylisli hadisəsi Namazovun və bütövlükdə "ağrıdağ"çıların mövqeyini həm cəmiyyətdə, həm də müxalifətdə xeyli zəiflətdi. Böyük ehtimalla, Rüstəm İbrahimbəyov qayıdandan sonra "El" hərəkatının yox, Milli Şuranın yaranmasına çalışacaq.
Ərhun Abbas