Qərbin məkrli planı yenidən gündəmdə - REGİON
Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaratmaq cəhdinin yeni mərhələsi
18 Fevral 2013 13:43 SiyasətTürkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında 90-cı illərdən bağlanan sərhədlərin açılması məsələsinin yenidən gündəmə gəlməsi istiqamətində fəaliyyətlərə start verilib. Həm Qərbdəki maraqlı dairələr, həm də erməni meyilli dövlətlərin Ankara-İrəvan münasibətlərinin normallaşması üçün yeni mexanizmlər üzərində çalışdığı bildirilir. Xüsusilə ermənipərəst mövqeyi ilə tanınan Birləşmiş Ştatların yeni dövlət katibi Con Kerrinin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə ciddi diqqət ayırdığı və tərəflər arasında bir anlaşmanın əldə edilməsinə maraq göstərdiyi söylənilir.
Sərhədlərin açılması yenidən gündəmdə
Elə son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi dairələri, erməni analitiklərin bu mövzu ətrafında verdikləri bəyanatlar Ankara-İrəvan münasibətlərinin normallaşması istiqamətində ciddi işlərin getdiyindən xəbər verir. Belə ki, bu günlərdə Avropanın kütləvi informasiya vasitələrindən birinə müsahibə verən Ermənistan prezidenti Serj Sərkisyan Ankaranın Ermənistanla münasibətləri normallaşdırmağa məcbur qalacağını və tezliklə ölkəsilə sərhədləri açacağını vurğulayıb. Ermənistan prezidenti iddia edib ki, Türkiyə buna məcbur qalacaq. Azərbaycan və Türkiyənin Ermənistana qarşı birgə mübarizəsinin səmərə verməyəciyi deyən Sərkisyan hətta onu da əminliklə deyib ki, Türkiyə 1915-ci ildə baş verənləri soyqırım kimi qəbul edəcək. Serj Sərkisyanın Türkiyə-Ermənistan sərhədlərinin açılacağı barədə açıqlamalarından sonra erməni analitik Riçard Qiraqosyanın da bu mövzuya toxunması və bəzi iddialarda bulunması sərhədlərin açılması məsələsinin yenidən gündəmə gətirildiyini təsdiqləmiş olur. Riçard Qiraqosyanın Birləşmiş Ştatlar prezidenti Bill Klintonun dönəmində Ağ Evdə analitik kimi fəaliyyət göstərdiyini, hazırda da Amerika Dövlət Departamenti ilə sıx əlaqələrə sahib biri olduğunu nəzərə alsaq məsələnin kifayət qədər ciddi xarakter daşıdığını görə bilərik. Məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, Riçard Qiraqosyan Türkiyə və Ermənistan höküməti daxilində ayrı-ayrı hökumət rəsmiləri ilə də sıx əlaqələrə malikdir və iki ölkə arasında cərəyan edən proseslər barədə yetərincə məlumatlıdır.
Diplomatik əlaqələr pərdə arxasında qurulacaq
Erməni analitik Riçard Qiraqosyanın idddiasına görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sərhədlərin açılması yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələ nəzərdə tutulduğu kimi 3 mərhələdə həyata keçiriləcək. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər isə Qiraqosyanın iddia etdiyinə görə, pərdə arxasında həyata keçiriləcək. Onun sözlərinə görə, məlum Cenevrə protokolları hüquqi qüvvədən düşdüyü üçün ikitərəfli münasibətlərin pərdə arxasında həyata keçirilməsi zərurəti meydana gəlib. Burada başqa bir amil isə Azərbaycanla əlaqədardır. Ankaranın İrəvanla diplomatik münasibətləri pərdə arxasında həyata keçirməsinin başlıca səbəbi də Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına qarşı çıxmasıdır. Bu səbəbdən ikitərəfli münasibətlər bir qədər gizli şəkildə qurulacaq.
Üç mərhələli normallaşma
Cenevreə protokollarının felən həyata keçməsi istiqamətində həm Türkiyə, həm də Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və iş adamlarının ciddi hərəkətə keçdiyi bildirilir. Bu prosesdə qeyri-hökumət təşkilatları xüsusi fəallıq nümayiş etdirirlər ki, həmin QHT-lərin də Qərbin bir sıra ermənipərəst dairələri tərəfindən istiqamətləndiyi şübhə edilmir. Erməni analitik İrəvan və Ankara arasında münasibətlərin normallaşmasına NATO, ATƏT və Avropa Şurasının da maraqlı olduğunu deyir və bildirir ki, həmin təşkilatlar daxilində Türkiyə ilə Ermənistan arasında qeyri-rəsmi əlaqələr mövcuddur. Adıçəkilən Avropa qurumları bu əlaqələrin rəsmi xarakter almasını istəyirlər. Qarşıdakı zaman müddətində həm NATO, həm ATƏT, həm də Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində keçiriləcək zirvə görüşlərində isə Türkiyə və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Avropanın məlum planının sonrakı mərhələlərində isə Türkiyənin Gürcüstandakı səfirliyinin əhatə dairəsinə Ermənistanın da daxil edilməsi nəzərdə tutulur. Eyni zamanda İrəvanda Türkiyə konsulluğunun fəaliyyətə başlaması sözügedən planda yer alır. Nəhayət, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə gəlincə, ilk mərhələdə iki ölkə arasında sərhədlərin tam açılması planlaşdırılmır. Əvvəlcə iki ölkə arasındakı sərhəd keçid məntəqəsində yalnız iki nöqtədə gediş-gəlişə şərait yaradılacaq. Bununla da Qərbin çoxdan arzuladığı Ermənistanın Türkiyə ilə ticarət əlaqələrinin bərpası və bu ölkənin iqtisadi blokadadan çıxarılması reallaşacaq. Bütün bunlarda Qərbin yeganə məqsədinin yalnız Ermənistanı iqtisadi blokadadan çıxarmaq deyil, Ankara ilə Bakı arasında münasibətlərdə yenidən gərginlik yaradılmağa cəhd olduğu da danılmazdır. Çünki son vaxtlar iki ölkə arasında hərbi sahədə də əlaqələrin inkişaf etməsi Qərbdə Türkiyə-Azərbaycan birliyi qorxusu yaradıb. Ona görə də Ankara-Bakı münasibətlərini sarsıltmaq üçün sərhədlərin açılması məsələsi yenidən gündəmə gətirilib.
Süleyman İsmayılbəyli