Çıxılmaz vəziyyətə düşən Əkrəm Əylisli Qərbdən dəstək umur

Cəmiyyətdə mənfur "Daş yuxular” romanına və onun müəllifi Əkrəm Əylisliyə qarşı etirazlar səngimək bilmir.

Prezidentin sərəncamları ilə "Xalq yazıçısı" və Prezident təqaüdündən məhrum olunan yazıçının məhkəməyə verilməsi, "İstiqlal" və "Şöhrət" ordenlərindən də məhrum olunması, həmçinin ölkədən çıxarılması, vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı çoxsaylı çağırışlar edilir. "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev isə Ə.Əylislinin qulağını kəsənə pul mükafatı təyin etsə də, sonradan Daxili İşlər Nazirliyinə çağırıldı, ona xəbərdarlıq olundu və partiya sədri təklifini geri götürmək məcburiyyətində qaldı.
Həmişə cəmiyyətdə axına qarşı gedən bəzi müxalifət partiyalarının, İctimai Palatanın, "postmodernist" yazarların dəstəyi, o cümlədən Ziyalılar Forumunun açıq tərəfkeşliyi də Ə.Əylislinin imdadına çatmır. Bu da təbiidir. Çünki, bütün xalqı aşağılamaq və ermənilərin törətdikləri qanlı cinayətləri azərbaycanlıların adına çıxmaqla düşməni yüksəltmək cəhdi cəmiyyətin ciddi etirazına səbəb olmalı idi və oldu da. Belə demək mümkündürsə, Ə.Əylisli törətdiyi əməlin qarşılığını alır.
Təəssüf ki, o, hələ də özünü haqlı sayır və bir addım belə olsun geri durmaq istəmir. Üstəlik, Rusiya, Gürcüstan və digər ölkələrin yazıçılarına müraciət edərək onlardan dəstək istəyir. Artıq belə dəstək də var. Ermənistanda Ə.Əylisli az qala "milli qəhrəman" elan edilib. Bu ölkədə onun romanı əsasında kino çəkmək üçün pul yığılır. Rusiya yazıçısı Boris Akunin, Gürcüstanın  yazıçısı və hüquq müdafiəçisi İrakli Kakabadze Əylislini müdafiə edən bəyanatlar yayıblar. Lakin bu müdafiə xarakterli bəyanatlar kütləvi xarakter daşımır və çətin ki, yazıçının karına gələ bilər.
Redaksiyamıza daxil olan məlumata görə, fevralın 13-də Bakı otellərinin birində Ə.Əylislinin Polşa, Avstriya, Niderlandın Azərbaycandakı səfirləri, Almaniyanın səfirinin müavini, Avropa İttifaqının Azərbaycandakı ofisinin nümayəndəsi və bəzi digər Qərb ölkələrinin diplomatları ilə görüşü baş tutub. Görüş Polşanın Azərbaycandakı səfiri Mixal Labenda tərəfindən təşkil olunub (Onu da qeyd edək ki, Lex Kaçinskinin faciəli vəfatından sonra Polşanın Azərbaycana münasibətində ciddi dəyişiklik müşahidə olunur, bu ölkə Ermənistanla sıx əlaqələr qurmağa başlayıb).
Görüşdə iştirak edən mənbəmizin sözlərinə görə, Ə.Əylisli Qərb diplomatlarına vəziyyətinin dözülməz olduğunu, ona qarşı basqıların günü-gündən şiddətləndiyini bildirib. O, deyib ki, öz gücü ilə Rusiya, Gürcüstan və bəzi digər ölkələrdə dəstək aksiyaları təşkil etmək cəhdləri heç bir nəticə verməyib. Əylisli diplomatlara Qərb ölkələrinin və institutlarının dəstəyinə böyük ehtiyacının olduğunu deyib.
Mənbəmiz bildirib ki, görüşdə Ə.Əylisli Azərbaycan və Azərbaycan xalqı haqqında romanında işlətdiyi ifadələrdən daha ağır sözlər deyib. O, iddia edib ki, baş verən hadisə azərbaycanlıların "vəhşiliyini" bir daha sübut edir. Guya bununla ermənilərin azərbaycanlılarla bir yerdə yaşamağın mümkün olmadığı haqqında fikirləri öz təsdiqini tapır. Yazıçı guya Naxçıvanda 8 erməni qəbirstanlığının dağıdıldığı, bütün Azərbaycanda erməni izlərinin silindiyi, ölkədə anti-erməni isteriyasının hökm sürdüyü və s. haqqında özünün yalan baqajından bolluca informasiya axıdıb. Əylisli düşdüyü vəziyyətin əsas baiskarı kimi Azərbaycan hakimiyyətini göstərməklə yanaşı, İctimai Palata, bəzi müxalifət partiyalarının sədrləri və funksionerləri, həmçinin Ziyalılar Forumuna minnətdarlığını ifadə edib, lakin onların dəstəyinin qənaətbəxş olmadığını deyib.
Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün müxbirimizin Ə.Əylisli ilə əlaqə saxlamaq cəhdləri heç bir nəticə vermədi. Həmçinin, bizim Polşa, Niderland və Almaniya səfirlikləri ilə təmas qurmaq istəyimiz də heç bir nəticə vermədi.bakuinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00