Azərbaycan XİN-in sözçüsü: “Azərbaycan beynəlxalq arenada Ermənistanı tam ifşa edir”
Elman Abdullayev: “Xocalı soyqırımı dünyada siyasi-hüquqi qiymət alana qədər dünya ictimaiyyətini məlumatlandırmağa davam edəcəyik”
15 Fevral 2013 17:19 Siyasət"Xocalı soyqırımı dünyada siyasi və hüquqi qiymət alana qədər Azərbaycan dünya ictimaiyyətini məlumatlandırmağa davam edəcək". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O, hazırda Xocalı soyqırımının dünyada tanınması üzrə prosesin genişləndiyini söyləyib: "Ermənistan rəhbərliyi insanlıq əleyhinə törətdiyi cinayətləri gizlətmək istəsə də, hazırda Xocalı soyqırımının tanınması üçün cəhdlər davam edir, bu hadisə barədə məlumatlı olanların coğrafiyası genişlənir. Bir sıra ölkələrin qanunvericiləri bu istiqamətdə cəsur və obyektiv addımlar atıblar". E. Abdullayev xatırladıb ki, Azərbaycanın xarici işlər naziri Nyu-Yorkdakı çıxışında bu cinayətləri törədənlərin tituluna və rəsmi mövqe tutmasına baxmayaraq, cəzasız qalmayacaqlarını bildirib: "Ermənistanın rəsmi şəxsləri anlayırlar ki, cəzasız qalmayacaqlar. Bu, soyqırım idi və azərbaycanlılara qarşı yönəlmişdi". XİN sözçüsü ABŞ-ın Nyu Meksiko və Arkanzas ştatları, eləcə də Rumıniyada Xocalı soyqırımın tanınması istiqamətində addımlar atıldığını qeyd edib: "Azərbaycanın bu cəhdləri dünya ictimaiyyətinin məlumatlandırılmasına yönəlib və biz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirmək niyyətindəyik. Bu məsələ öz siyasi-hüquqi qiymətini alana qədər öz cəhdlərimizi dayandırmayacağıq". E. Abdullayevin sözlərinə görə, Ermənistan bölgədə üçüncü ölkələrin marağına xidmət edən, həmin ölkələrin bir alət kimi istifadə etdiyi dövlətdir: "Ermənistanın Azərbaycanın inkişafının başlanğıc nöqtəsinə çatmasına çox var, mən hələ iki ölkə arasında müqayisə aparmıram. Azərbaycan beynəlxalq arenada Ermənistanı tam ifşa edir. Hazırda Ermənistanın siyasəti beynəlxalq təşkilatlar tərəfindən tənqid edilir və o, işğalçı kimi tanınıır".