Qərb Rusiyanı geri oturdub, İranı təkləyib

Qabil Hüseynli: “Bir aydan bir az gec Suriyadakı proseslər İran, Rusiya və Bəşər Əsədin əleyhinə başa çatacaq”

Suriyada vətəndaş müharibəsi səngimək bilmir. Müxaliflər Hələbə nəzarəti ələ keçirdikdən sonra paytaxt Dəməşqi də mühasirəyə alıblar. Bəşər Əsəd rejimi isə müharibədən qalib ayrılmaq üçün müxaliflərə qarşı irimiqyaslı əməliyyatlara başlayıb. "Suriyadakı vətəndaş müharibəsi təkcə Bəşər Əsəd-müxalifət mübarizəsi deyil. Suriya poliqonunda Rusiya-İran xətti ilə Qərb xətti üz-üzə dayanıb" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Bəşər Əsəd bu müharibədən qalib ayrılsa, bu Qərbin İran-Rusiya bloku qarşısında məğlubiyyəti olacaq: "Qərb isə bunun baş verməsinə heç vaxt imkan verməyəcək. Rusiya Suriyada Bəşər Əsədin qələbəsini təmin etsə iştahası daha da artacaq. Ona görə də bu məsələdə Rusiyanı geri oturtmaq vacibdir ki, İranı təkləmək rahat olsun. Bu yaxında Bəşər Əsəd istefaya getmək niyyətinə nisbətən yaxın oldu. Lakin, onun irəli sürdüyü şərtləri Suriya Azadlıq Ordusu qəbul etmədi. Suriyada keçirilən hərbi əməliyyatlarda müxaliflərin xeyrinə kəskin dönüş yaranıb. SAO Suriyanın əhəmiyyətli strateji obyektlərini ələ keçirib və ölkənin su, elektrik təchizatına, hava yollarına tamamilə nəzarət edir. Bəşər Əsəd isə Rusiyanın hərbi bazasında olan gəmilərdən birində gizlənib. Müxaliflər isə hökumət kabineti quraraq müharibənin başa çatmasını gözləyir. Dünyanın bəzi dövlətlərində də öz nümayəndəliklərini açıb. Türkiyə və Qərb dövlətləri müxalifəti Suriyanın suriyalıların dünyada yeganə təmsilçiləri kimi qəbul ediblər. Proseslər o qədər uzağa gedib ki, onu geri qaytarmağa nə Rusiyanın, nə İranın, nə də ki, Bəşər Əsədin gücü çatmayacaq. Bir aydan bir az gec Suriyadakı proseslər İran, Rusiya və Bəşər Əsədin əleyhinə başa çatacaq" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00