Kriminal diktatura rejimi Ermənistanı məhvə aparır
Ölkə dağılmaq təhlükəsi ilə üz-üzə qalıb
13 Dekabr 2018 16:14 SiyasətÖlkə dağılmaq təhlükəsi ilə üz-üzə qalıb
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmır. Buna səbəb kimi seçkilərdə müşahidə olunan kütləvi qanun pozuntuları göstərilir. Bunun üzərinə Paşinyanın yürütdüyü qeyri-konstruktiv xarici siyasəti də əlavə etsək, işğalçı dövlətin hansı acınacaqlı vəziyyətə düşdüyü aydın olar. Belə ki, Paşinyanın yürütdüyü xarici siyasət hətta himayədarı olan Rusiyanın da bu ölkədən uncik düşməsilə nəticələnib. Artıq Rusiya da Cənubi Qafqazda vassalı olan Ermənistanı açıq şəkildə dəstəkləməkdən vaz keçib. Məhz Paşinyanın yürütdüyü sürüşkən xarici siyasət nəticəsində Rusiya prezidenti Vladimir Putin onu baş nazir seçilməsi münasibətilə təbrik etmək fikrindən daşınıb. Vaşinqton, Brüssel, London, İran və Almaniyadan təbriklər daxil olmasına baxmayaraq rəsmi Moskva hələ ki, gözləmək mövqeyi sərgiləyir. Məlum məsələdir ki, belə vəziyyət Ermənistanı razı sala bilməz. "Lragir" saytı yazır ki, Putin ümumiyyətlə görüşlərə gecikmək vərdişinə malikdir: "Danışırlar ki, bu, onun qarşısındakını gözləməyə məcbur etməyə hesablanmış addımıdır. Görünür, indi Putin Ermənistanda parlament seçkilərindən sonra təbrik göndərməyi gecikdirməyə qərar verib. Artıq Vaşinqton, London, Brüssel, Tehran, Tbilisi, hətta Kişinyovdan təbriklər gəldi, lakin Moskva susur". Sayt qeyd edir ki, bu günlərdə Gümrüdə rus hərbiçisi erməni qadını öldürüb: "Lakin Rusiya hərbi bazasının rəhbərliyi həmin hərbiçini Ermənistana təhvil verməyib. Güman ki, İrəvan hərbiçinin təhvil verilməsini tələb edir, Rusiya qarşı çıxır. Ola bilsin ki, bu hadisə Putinin təbrikini gecikdirir. Ümumilikdə isə Rusiyadan təbrikin gəlməməsi də o qədər təəccüblü olmazdı, Moskva bunu bacarır".
Ölkədə hökm sürən anarxiya kriminal aləmin fəallaşmasına səbəb olub. Erməni mənbələrinin məumatına görə, ölkədə kriminal vəziyyət pik həddə çatıb."Jamanak" qəzetinin məlumatına görə, Ermənistanda həbsxanalarda spirtli içki və narkotiklərin satışından böyük pullar qazanan yeni qruplar yaranıb: "Bu qrupların arxasında hüquq-mühafizə orqanları dayanır. Həbsxanalarda məhbuslar kameraların qapısının açıq saxlanılması üçün həbsxana rəhbərliyinə pul ödəyirlər. Proses belə davam edəcəksə, Ermənistan regionda, hətta dünyada da ən liberal həbsxanaya malik olan ölkə olacaq".
Eyni vəziyyət Ermənistan ordusunda da baş verməkdədir. Artıq sakinlər orduda baş verənləri həzm edə bilmir, ən müxtəlif yollarla övladlarını hərbi xidmətdən yayındırmağa çalışırlar. Orduda baş verən intihar halları, əsgərlərin zabitlər tərəfindən zorlanması, orduda ərzaq çatışmazlığı, hərbçilər üçün nəzərdə tutulan ərzağın yüksək rütbəli zabitlərin evlərinə və bazarlara daşınması faktları ordunun nüfuzdan düşməsinə səbəb olub. Təsadüfü deyil ki, əsgər anaları dəfələrlə etiraz aksiyası keçirərək övladlarını orduya verməkdən imtina ediblər. Əsgər anaları rəhbərlikdən onların qarşısına çıxıb övladlarının niyə həlak olmasına aydınlıq gətirməsini tələb edirlər. Onlar iddia edirlər ki, oğlanları hərbi xidmət zamanı hansısa bədbəxt hadisələrdən həlak olmurlar, sadəcə olaraq, onları qətlə yetirirlər. Aksiya iştirakçıları, həmçinin, həlak olmuş əsgərlərin cəsədlərində müxtəlif yaralar, zorakılıq izləri olan şəkillərini də qaldırıblar. Ordudakı dözülməz vəziyyətdən təngə gələn əsgərlərin intihar halları bu gün də davam etməkdədir. Bu günlərdə Ermənistan ordusunda daha bir intihara cəhd hadisəsi qeydə alınıb. "shamshyan.com" xəbər verir ki, Ermənistan hərbi birləşmələrinin hərbiçisi 26 yaşlı Vardan Şaxnazaryan evində tüfəngdən özünə atəş açıb. Qasıq nahiyəsindən güllə yarası alan hərbçi xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etməyə çalışır. Sadalanan faktlar deməyə əsas verir ki, Ermənistan ordusunda intiharlar adi hal alıb. Erməni hərbiçilərini özlərindən yüksək zabitlərin təzyiqləri, yoxsulluq və digər bu kimi hallar intihara sürükləyir. Bir çox hallarda əsgərlər digər əsgərin, yaxud zabitlərin cinsi istismarı ilə üzləşirlər. Yerli hüquq-müdafiə fəallarının məlumatına görə, 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından bəri Ermənistan ordusu 1500 hərbi qulluqçusunu itirib. Onlar əlavə edirlər ki, bütün Qarabağ müharibəsi dövründə isə ermənilər 6 min əsgər itiriblər. Bu isə o anlama gəlir ki, Yerevanda qeyri-döyüş itkilərinə görə ictimai etirazlar hələ uzun müddət davam edəcək. Nəzərə alsaq ki, orduda təmsil olunan yüksək rütbəli zabitlət keçmiş prezidentlərin təfdarıdır, onda vəziyyətin tezliklə düzələcəyinə ümid etmək sadəlövlük olardı.
Heç şübhəsiz ki, yaranmış vəziyyət işğalçı dövləti xaosa sürükləyir. Ermənistanda anarxiyanın, siyasi rəqiblərin təqib edildiyini müşahidə edən kəsimlər təbii ki, başlarına çarə qılmağa çalışırlar. Çıxış yolunu isə ölkəni tərk etməkdə görmələri heç də təəccüblü görünmür. Məlumata görə, Ermənistanda 14 milyon dollar rüşvət almaqda ittiham edilən eks-nazir Aram Artünyan ölkədən qaçıb. Bu barədə "Qraparak" qəzeti şəxsi mənbələrinə istinadən məlumat yayıb.Qəzet təbiətin qorunmasınaziri işləmiş Aram Artünyanla əlaqə saxlamağa çalışsa da, onun telefonu bağlı olub: "Parlamentin sonuncu iclasında Artünyanın deputat toxunulmazlığı ləğv olunacaqdı, lakin bu, baş vermədi. Bu halda qəzet xatırladır ki, Artünyan son parlament iclasının gedişatında deputat toxunulmazlığını məhrum etməli idilər, hansı ki, olmadı. Baş prokurorluq Artünyan haqqında cinayət işinin açılması ilə bağlı parlamentə müraciət etmişdi, gözlənilirdi ki, parlament qərar verən kimi keçmiş nazirə ittiham irəli sürüləcəkdi. Bunu anlayan Artünyan ölkədən qaçıb".
Sadalanan faktlar deməyə əsas verir ki, hazırda işğalçı dövlət olan Ermənistan dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içərisinddir. Ölkənin müstəqi dövlət kimi yaşaması üçün heç bir siyasi, iqtisadi baza yoxdur. Ermənistan iqtisadiyyatı çökdüyü üçün insanlar ölkəni tərk etmək zorunda qalıblar. Buna səbəb isə birmənalı olaraq bugünkü kriminal diktatura rejimidir. O rejim ki, vətəndaşlarının sosial rifah halının yüksəldilməsi barədə yox, yalnız halimiyyətini möhkəmlətmək və şəxsi ambisiyalarının reallaşdırmaq barədə düşünür.
Zəka