İbrahimbəyov, Sadıqov, Əylisli və Qəmbər- dördü birində - ŞƏRH
Sərdar Cəlaloğlu: “Cəmiyyət Rüstəm İbrahimbəyovun Rusiya ilə əlaqələrinə görə “EL” hərəkatının fəaliyyətindən şübhələnməlidir”
15 Fevral 2013 14:17 SiyasətADP sədri Sərdar Cəlaloğlu "EL" Hərəkatını və Ziyalılar Forumunu Rusiyameyyli qüvvələrə bağlı birliklər adlandırıb. S.Cəlaloğlunun sözlərinə görə adı çəkilən qüvvələrin arxasında Rusiya dayanır. Məsələyə aydınlıq gətirən ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə verdiyi müsahibədə jurnalist onun fikirlərini təhrif edib. S.Cəlaloğlu bildirdi ki, Rüstəm İbrahimbəyov həm RATİ üzvü olduğunu və təşkilatın fəaliyyətini dəstəklədiyini, Azərbaycan hakimiyyətini hədələdiyini, çevriliş edəcəyini deyib. ADP sədri qeyd etdi ki, Azərbaycan ictimaiyyəti "EL" təşkilatının fəaliyyətinə şübhə ilə yanaşmalıdır: "Azərbaycan məhz aysberqin suyun altında olan hissəsini axtarıb tapmalıdır. Mən bunları demişəm. Əkrəm Əylislini misal çəkmişəm ki, yazıçı Ziyalılar Forumunun üzvü kimi yazdığı bu əsər Azərbaycanda vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Çox maraqlıdır ki, nəyə görə Əkrəm Əylilsi məhz indiki, siyasi proseslərin gərginləşdiyi vaxtda "Daş yuxular"ı çap etdirib? Mən bunları demişəm, jurnalist də dediklərimi götürüb hökm kimi verib. Mən demişəm ki, Rüstəm İbrahimbəyov hər iki təşkilatda fəaliyyət göstərərək birliklər arasında körpü yaradır. RATİ üzvü Söyün Sadıqov bəyanat verir ki, "Biz Azərbaycanı Rusiyanın Gömrük İttifaqına qatacağıq, hakimiyyət dəyişikliyi edəcəyik!" Adama deyərlər ki, sən kimsən, sən Azərbaycan vətəndaşı deyilsən axı, bunları necə edəcəksən? 20 ildən çoxdur Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan müxalifət hakimiyyətə gələ bilmir. Söyün Sadıqov necə gələcək? Mən demişəm ki, bu müstəvidə Azərbaycanın dövlətçiliyi təhlükədədir". S.Cəlaloğlu bildirdi ki, Rusiya məqsədlərinə çatmaq üçün Azərbaycan ətrafında və daxilində siyasi fəaliyyətini gücləndirib, Rüstəm İbrahimbəyov da tez-tez Azərbaycan əleyhinə bəyanatlar verən RATİ-nin üzvüdür. ADP sədrinin sözlərinə görə İbrahimbəyov xüsusi ajiotajla həmin təşkilatın fikirlərini dəstəkləyir və cəmiyyət Rüstəm İbrahimbəyovun bu əlaqələrinə görə "EL" hərəkatının fəaliyyətlərindən şübhələnməlidir.
"Seçki Məcəlləsində aydın göstərilir ki, prezidentliyə namizəd nə vaxt irəli sürülə bilər, seçkilərlə bağlı kampaniya nə vaxt başlaya bilər. İsa Qəmbərin namizədliyini irəli sürməsi qanunaziddir. Seçkiyə 25 gün qalmış namizəd irəli sürülməlidir. Niyə İlham Əliyevin namizədliyi irəli sürülmür? Çünki onlar qanunu yaxşı bilirlər. Konstitusiyaya görə, Mərkəzi Seçki Komissiyası (MSK) indidən irəli sürülən partiya sədrlərinin namizədliyini ləğv edə bilər". Sərdar Cəlaloğlu mətbuata açıqlama verərkən səsləndirdiyi bu fikirlərə də aydınlıq gətirdi.
ADP sədrinin sözlərinə görə o, İsa Qəmbərlə yanaşı digər siyasətçilərin də namizədliyini irəli sürməsini və Həmkarlar İttifaqının açıqlamalarını da qeyri-qanuni adlandırıb. Seçkilərə müəyyən müddət qalmış heç kim öz namizədliyini irəli sürə bilməz" deyən S.Cəlaloğlunun sözlərinə görə bu cür qərarlar Azərbaycan qanunvericiliyinə ziddir: "Müsavat bəyanat verir ki: "İsa Qəmbər uğurlu seçki kompaniyasına başlayıb!" Bu bəyanat İsa Qəmbərin namizədliyinin ləğv edilməsi üçün əsas sayılır. Çünki, Konstitusiyaya görə sçekilərə uzun müddət qalmış heç kim namizədliyini irəli sürə bilməz. Ya da ki, müxalifət ümumiyyətlə qanunun nə olduğunu bilmir. Ona görə də Müsavat götürüb bu cür bəyanatlar səsləndirir. Müxalifətdə olan bəzi siyasi təşkilatlar indidən İsa Qəmbərin təbliğatı ilə məşğuldurlar. Qanunvericilikdə təbliğat-təşviqat işlərinin aparılması üçün konkret vaxt təyin edilib. Ortada nə fal var, nə yumurta, amma, Müsavat yanvar ayının 1-dən təbliğata start verib. Bəzi qüvvələr var ki, bu istiqamətdə İsa Qəmbərə pislik edirlər"
Mənsur