Beynəlxalq təşkilatlar seçki saxtakarlığına göz yumur

Paşinyan Ermənistanı düşdüyü iqtisadi böhrandan xilas edə biləcəkmi?

Ermənistanda keçirilən erkən parlament seçkisi ciddi qanun pozuntuları və saxtakarlıqla tarixə düşdü. Bununla da "meydan siyasətçisi" kimi tanınan Nikol Paşinyan rəsmi hakimiyyətini seçkini saxtalaşdırmaqla reallaşdırdı. Ermənistanda misli görünməmiş saxtakarlıla keçirilən seçkilər göstərdi ki, erməni xalqı idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmir. Odur ki, seçici fəallığı həmişə olduğundan xeyli aşağı oldu. Ciddi saxtalaşdırmalardan, eləcə də inzibati resurslardan sui-isitfadədən sonra da açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70%-i, yəni erməni seçilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb. Erməni rəsmilərinin yaydıqları təkcə o faktı qeyd etmək kifayətdir ki, 2,9 milyon əhalisi olan Ermənistanda keçirilən seçkidə 2,6 milyon seçici iştitirak edib. Belə məlum olur ki, bu ölkədə cəmi 300 min ətrafında seçki hüququ olmayan vətəndaş var. Bu faktlar deməyə əsas verir ki, Paşinyanın seçkidə "qələbə" qazanması, demokratik dəyərlərə, hər zaman bəyan etdiyi insan haqları qorunması məsələsinə böyük zərbə endirmiş oldu. Artıq qətiyyətlə demək olar ki, Ermənistanda qeyri-legitim hakimiyyət formalaşır. Bununla da Qarabağ klanının hakimiyyətinə, həmçinin Sarkisyan və Köçəryanın Rusiya meylli rejiminə son qoyulur. İndi yaranan əsas suallar ondan ibartətdir ki, Paşinyan Ermənistanı düşdüyü iqtisadi böhrandan xilas edə biləcəkmi? Dağlıq Qarabağ məsələsinin ədalətli həlli istiqamətində hər hansı real addımın atılacağı gözləniləndirmi?

Xatırladaq ki, bu vaxta qədər Paşinyanın rəsmi hakimiyyəti təsdiq olunmadığı üçün üzərində heç bir məsuliyyəti yox idi. Hakimiyyəti qəsb etdikdən sonra bütün gücünü onu rəsmiləşdirməyə səfərbər etmişdi. Elə bu səbədən də Qarabağ məsləsi ilə bağlı ağzına gələni danışır, kütləyə hesablanmış bəyənatlar verirdi. Başa düşürdü ki, verdiyi açıqlamalara görə, heç bir beynəlxalq təşkilatlar tərəfindən qınanlmayacaq, əksinə supergüclər seçkilərin baş tutması üçün hardasa ona dəstək verəcəklər. İndi isə tamamilə başqa bir statusla, özü də atacağı hər bir addıma görə cavab vermək zorunda qalmaqla baş nazir kürsüsündə əyləşib. Lakin, Paşinyanın indiyə qədər nümayiş etdirdiyi davranış tərzi deməyə əsas verir ki, hələ bundan sonra da hakimiyyətini qorumaq məqsədilə "Qarabağ kartı"ndan istifadə edəcək. Nəzərə almaq laımdır ki, Paşinyanın elə bir ciddi  iqtisadi proqramı yoxdur ki, ölkəni düşdüyü vəziyyətdən xilas edərək xalqın və diasporanın "sevimlisinə" çevrilsin. Aydındır ki,  Ermənistanın yeganə xilas yolu Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaqdan ibarətdir ki, refional iqtisadi layihələrə qoşula bilsin. Bu addımın isə Rusiya və erməni diasporasının razılığı olmadan atılacağı inandırıcı görünmür. Deməli, Paşinyanın də öz sələfləri kimi "gah nala, gah mıxa" siyasətini davam etdirəcəyi şübhəsizdir. Millət vəkili Elman Nəsirov da hesab edir ki, Ermənistanın düşdüyü çətin iqtisadi durumdan çıxarmağın yalnız bir yolu var: "Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni yanaşma tətbiq etməlidir. Yeni mövqe konstruktiv xarakter daşımalıdır. Əks halda onun axırı Sarkisyanın aqibətindən fərqli olmayacaq".  

Hələik isə müxalif düşərgə seçki saxtakarlığının təsdiq edilməsinə nail olmağa çalışır. Maraqlıdır, seçkini müşahidə edən, seçki saxtakarlıqlarının biləvasitə şahidi olan beynəlxalq təşkilatların bunu etiraf etməyə cəsarətləri çatacaqmı?  Politoloq Fikrət Sadıqov deyib ki, həm xarici, həm də erməni ekspertlərinin rəyinə görə, dekabrın 9-da baş tutan seçkilər çox biyabırçı şəkildə həyata keçirildi. Əhalinin yarısından çoxu heç seçki məntəqəsinə gəlməyərək Paşinyana olan münasibətini göstərmiş oldu. Politoloq qeyd edib ki, ümumilikdə seçki prosesini götürdükdə Paşinyanın saxtakarlıqla hakimiyyətə gəldiyini söyləmək mümkündür: "Bu ritorik ifadə deyil, faktlara əsaslanan bir mövqedir. Çünki, hər kəsə məlumdur ki, seçkidə çoxları səs verməyib, səs verənlərin əksəriyyəti isə təzyiq altında bu prosesdə iştirak ediblər. Belə hallar regionlarda, vilayətlərdə daha çox qeydə alınıb. Mən düşünürəm ki, belə bir şəraitdə demokratiyadan, seçki şəffaflığından danışmaq, bəyanatlar vermək reallıqdan uzaq məsələdir". Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, Ermənistanda baş verən saxta seçki prosesi ilə bağlı beynəlxalq təşkilatlar da öz mövqelərini bildirməlidirlər: " Onların hesabatları ilə "Ermənistanda demokratik seçkilər keçirildi" fikri dağıdılmalıdır. Seçki günüdə yayılan informasiyalar, neqativ hallarla bağlı faktlar göstərir ki, bu seçki Ermənistan tarixində ən biyabırçı seçki oldu və bu rəylər beynəlxalq təşkilatların yekun rəylərində öz əksini tapmalıdır". Ermənistanın prezident üsul idarəsindən, parlament üsul idarəsinə keçdiyini xatırladan İ. Quliyev vurğulayıb ki, Paşinyan inqilab yolu ilə dövlət çevrilişi edib, hakimiyyətə gəldikdən sonra mütləq hakimiyyəti ələ almaq üçün növbədənkənar seçki keçirmək qərarına gəldi: "Müxalifət bu seçkinin keçirilməsinə razı olmasa da, Paşinyan ən müxtəlif təzyiq vasitələrini işə salmaqla, məqsədinə nail oldu". Baş redaktor qeyd edib ki, Azərbaycan üçün burada əsas məqam işğal olunmuş torpaqlarımızın azad olunması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv mövqenin nümayiş etdirilməsidir: " Paşinyan inqilabdan sonra Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv, xaotik, bir-birini tamamlamayan, reallığa uyğun olmayan açıqlamaları ilə yadda qaldı. Bunu bəzən seçki prosesi, insanlardan səs çoxluğu qazanmaq üçün atılan addım kimi dəyərləndirənlər də var idi. Ümid edək ki, Paşinyan bu seçki prosesini başa vurduqdan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları dərk edəcək, əlindəki imkanlardan istifadə edərək erməni xalqını sülhə hazırlayacaq və münaqişə ilə bağlı konstruktivlik nümayiş etdirəcək. İndiki halda, bizim seçkilərdən gözlədiyimiz əsas məqam bundan ibarətdir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31