Demokrat kimi qələmə verilən Paşinyanın “demokratikliyi”
Ermənistanda ötən həftə sonu keçirilən növbədənkənar parlament seçkiləri istər erməni cəmiyyəti, istərsə də xaricdə müzakirə predmetinə çevrilib. Ona görə yox ki, bu ölkədə seçki demokratik və ədalətli baş tutub. Əsla. Ümumiyyətlə, Ermənistanın seçki təcrübəsində azad və ədalətli, demokratik seçki keçirmək kimi anlayış yoxdur.
11 Dekabr 2018 13:50 SiyasətErmənistanda ötən həftə sonu keçirilən növbədənkənar parlament seçkiləri istər erməni cəmiyyəti, istərsə də xaricdə müzakirə predmetinə çevrilib. Ona görə yox ki, bu ölkədə seçki demokratik və ədalətli baş tutub. Əsla. Ümumiyyətlə, Ermənistanın seçki təcrübəsində azad və ədalətli, demokratik seçki keçirmək kimi anlayış yoxdur. Hələ Robert Köçəryan, eləcə də Serj Sərkisyan zamanında işğalçı ölkədə keçirilən bu və ya digər seçkilər kobud şəkildə saxtalaşdırılmış, buna etiraz edən xalq kütlələrinə isə hökumət tərəfindən divan tutulmuşdu. Məşhur mart qırğını və seçki nəticələrinə etiraz edən sadə ermənilərin gülləbaran edilməsi yaxın keçmişimizdə baş verən hadisələrdir və Ermənistanın "demokratik prinsiplərə" necə bağlı olduğunu göstərir. Bir sözlə demokrat kimi qələmə verilən Paşinyanın "demokratikliyi" elə bu seçkilərlə bəlli oldu.
Sələflərinə ənənəsinə sadiq qalan aprel inqilabının qəhrəmanı Nikol Paşinyan da həftə sonu ölkədə keçirilən növbədənkənar parlament seçkilərini saxtalaşdırmağa üstünlük verdi və istəyinə demək olar ki, nail oldu. Hər halda Nikol Paşinyanın qardaşı oğlu , qaynı , dostu, həkimi, hətta bərbərinin parlamentə düşməsi heç də seçkilərin demokratikliyinə dəlalət deyil.
Ermənistanda keçirilən seçkilərin antidemokratikliyi və kobud şəkildə saxtalaşdırılmasına dair bir neçə fakt mövcuddur. Birincisi, adları seçici siyahısında olanların 50 faizdən azı səsvermədə iştirak etdiyi halda, nəticələrdə seçicilərin 50 faizdən çoxunun iştirak etdiyi iddia olunur. Digər tərəfdən Ermənistanın əhəlisi 2018-ci ilin iyul ayının 1-nə (yəni, yeni hökumətin hesablamalarına görə) 2 mln. 969 min 800 nəfərdir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə isə ölkədə, güya 2 mln. 592 min 481 nəfər seçici var. Deməli , Paşinyan seçkilərə Sarkisyan dövrünün saxta siyahıları ilə gedib və nəticədə 100 minlərlə "seçici" şişirtməsi olub.
Ermənistandakı seçkiləri şərh edən müstəqil ekspert Kənan Paşayev deyib ki, Ermənistanda parlament seçkiləri gözlənilən nəticəni verdi və Nikol Paşinyanın bloku qalib gəldi: "Ancaq Paşinyanın bloku ilə birlikdə daha iki partiya parlamentdə təmsil olunmaq hüququ qazandı. Bu da gələcəkdə Paşinyan və komandasının bir sıra çətinliklərlə üzləşəcəyi mənasına gəlir. Bundan sonra deyərdim ki, Ermənistanı çox qarışıq günlər gözləyir. Artıq Paşinyan çox güclü bir müxalifətlə mübarizə aparmağa məcburdur. Daha bir problem isə Paşinyanın öz tərəfini seçə bilməməsidir. Amma deyərdim ki, bu da müvəqqəti haldır. Ən yaxın zamanda Paşinyan öz tərəfinin Rusiya olduğunu anlayacaq. İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz. Bunu hazırki baş nazir də yaxşı bilir. Ancaq Paşinyan Qərbə meyilli şəxsdir. Onlarla da münasibətini yaxşı saxlamağa çalışacaq. Düşəcəyi bu girdabdan isə necə çıxacağı qeyri-müəyyəndir".
Ekspert deyib ki, Paşinyan artıq hakimiyyətə gəlməklə əhaliyə söz verdiyi kimi sosial-iqtisadi məsələləri də həll etməlidir: "Ancaq Ermənistanın hazırki, dövlət büdcəsini nəzərə alsaq bu mümkün deyil. Bundan əlavə həmin vədlərə əməl etmək üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr isə göstərir ki, hazırki hakimiyyət bu mövqedən çox uzaqdır. Əksinə meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyəcək. Daha bir məsələ isə Paşinyanın əsirlərin dəyişdirilməsinə və Qarabağ probleminə yanaşmasıdır. Bu günə qədər Paşinyan əsirləri dəyişməyə ehtiyat edirdi. Düşünürdü ki, əhali arasında Ramil Səfərov effekti yaranar. Və nəticədə reytinqi aşağı düşə bilərdi. İndi isə vəziyyət fərqlidir. Artıq əsirləri qaytara bilər. Çünki Azərbaycandakı erməni əsirlərin ailələri İrəvanda bir neçə küçəni bağlayıb, övladlarının qaytarılması, əsirlərin dəyişdirilməsi üçün etiraz aksiyası keçiriblər. Qarabağ probleminə gəldikdə isə Paşinyanın müsbət yanaşması ütopik bir xəyal kimi görünür. Ermənilərin Qarabağı qaytarmamaq üçün bir neçə əsaslı səbəbləri var. Birincisi, Rusiya faktıdır. Rəsmi Moskva İrəvana Qarabağın qaytarılması üçün icazə verməlidir. İkincisi, Qarabağ erməniləri. Onsuz da ölkədə parçalanma var. Paşinyan sülh danışıqları başladığı halda Qarabağ erməniləri ilə vəziyyətin daha da gərginləşəcəyini, hətta silahlı üsyanların baş verə biləcəyini nəzərə alaraq danışıqlardan yayınacaq. Üçüncüsü isə, Qarabağın təbii sərvətləri. Paşinyana bundan sonra daha çox pul lazım olacaq. Təkcə Kəlbəcərdəki qızıl yataqları Ermənistanın dövlət büdcəsinə milyonlarla dollar pul qazandırır. Paşinyan bu puldan imtina edə bilməz. Qarabağ probleminin həlli üçün isə Azərbaycana güc yolundan başqa yol qalmır. Cəbhədə yaxın günlərdə gərginlik dəfələrlə artacaq. Və müharibə ehtimalı çox yüksəkdir".
S.İsmayılbəyli