Deputat: "Əkrəm Naibovu müdafiə edənlər onlar qədər antimilli və Azərbaycan xalqına xəyanət edən insanlardır"

"Yazıçı Əkrəm Naibovu müdafiə edənlər elə Əkrəm qədər antimilli və Azərbaycan xalqına xəyanət edən insanlardır". Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Eldar Namazovun, Rüstəm İbrahimbəyovun yazıçını dəstəkləməsinə münasibət bildirərkən deyib.
"Kim bu kitaba yox deyirsə, deməli, milli qüvvələrin, Azərbaycan xalqının yanındadır, yox, əgər kimsə Əkrəm Naibovun Azərbaycan xalqını təhqir edən bu yazılarına haqq qazandırırsa, deməli, o da Əkrəm kimi xəyanətkardır, Azərbaycan xalqının yanında ona da yer yoxdur", - Ağamalı bildirib.
Millət vəkili vurğulayıb ki, harada ki, xalqın mənafeyi var, harada ki, xalqın heysiyyatına toxunurlarsa, ziyalı da, adi vətəndaş da, məmur da, millət vəkili də, fərqi yoxdur, hər şeydən əvvəl onlar vətəndaşdırlar və vətəndaş mövqelərini ortaya qoymalıdırlar.
"Kim bu vətəndaş mövqeyini ortaya qoymursa, deməli, o, ermənilərin yanındadır. Eldar Namazov da təzəlikcə qoşulub Əkrəmi müdafiə edənlərə, yəni Eldar Namazovda da artıq bu hisslər baş qaldırırsa, artıq o da istər-istəməz ermənilərin yanında olduğunu ortalığa qoyur. Ancaq Rüstəm İbrahimbəyovun hər zaman ermənilərlə dostluğundan bəhs edən yazıları, münasibətləri var idi, yəni bu, Rüstəm İbrahimbəyov üçün yeni bir hadisə deyil, o da Əkrəmin tayıdır", - Ağamalı deyib.
O, Əkrəm Əylislinin kitabı ilə bağlı qeyri-müəyyən mövqe tutanlara da öz münasibətini bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00