"AB-nin münaqişənin nizamlanmasında iştirakı prosesə təkan verə bilər"

"Adətən ilin sonunda keçirilən görüşlər daha çox ilin yekunları ilə bağlı ola bilir və bu görüşdən irəliləyiş gözləmək inandırıcı olmazdı. Üstəlik, bu görüşün Ermənistanda seçkilər ərəfəsinə təsadüf etməsi də, onun hər hansı bir irəliləyişə nail olunacağına olan ümidlərin olmasına imkan vermir". Bu fikirləri  politoloq Nəzakət Məmmədova Azərbaycan və Ermənistan XİN başçıları arasında dekabrın 5-də keçiriləcək görüşə münasibət bildirərkən deyib.

Hazırda münaqişə tərəflərindən biri olan Ermənistanda daxili siyasi vəziyyətin çox qarışıq olduğunu deyən politoloq bildirib ki, bu ölkə indiyədək iqtisadi cəhətdən zəif durumda olsa da, Koçəryan və Sarkisyanın yaratdıqları sərt avtoritar rejimdə təzyiqlər sayəsində sabitlik, ətalət hökm sürürdü: "İndi isə iqtisadi zəifliyin üzərinə siyasi xaos da əlavə olunub və vəziyyət çox mürəkkəbləşib. Separatçı rejimin "rəhbəri" Bako Saakyanın baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyana itaətsizlik göstərməsi aşkar görünür və belə davam edəcəyi təqdirdə Paşinyan Ermənistanda baş nazir seçilsə belə, ki, bu ehtimal çox böyükdür, o, ermənilər üzərində nəzarəti tam ələ keçirə bilməyəcək. Çünki, Rusiyanın nəzarəti altında Qarabağ separatçıları siyasi baxımdan anklav şəklində qalmağa və Paşinyana qarşı çıxmağa davam edəcəklər. Dağlıq Qarabağ artıq Ermənistanın hərbi-siyasi nəzarətindən çıxacaq və daha da idarəolunmaz, nəzarətsiz bir bölgə halına gələcək. Ermənistanda vurulmuş siyasətçilər burada toplaşa, Paşinyana qarşı təşkilatlana bilərlər".

N.Məmmədova deyib ki, Dağlıq Qarabağ doğrudan da Ermənistanın dərdinə çevriləcək: "Bu hadisələr hələ 1885-ci ildə Berlin konqresindən bu yana mütəşəkkil hala gələn ümumerməni işində, cəfəng "Miatsum" ideyasında bir parçalanma yaradıb. Artıq fərqli güc mərkəzlərinin nəzarəti altına keçən Ermənistan və Qarabağ erməniləri, eləcə də diaspor erməniləri arasında üçtirəlik yaranıb və bu çat getdikcə dərinləşəcək. Proseslər üzərində ABŞ, Fransa, Rusiya kimi həmsədr ölkələrin təşəbbüsü tamamilə ələ almaq istəmələri aşkar görünür. Bu günlərdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer həmsədrliyə Avropa Birliyinin gətirilməsi təşəbbüsünü irəli sürüb. Fəxri konsulunun fikirləri maraqlı, təklifi konstruktivdir. Həqiqətən də, Avropa Birliyinin münaqişənin nizamlanmasında iştirakı ola bilsin ki, danışıqlar prosesinə daha çox təkan verə bilərdi. Fəxri konsulun bu təklifi niyə məhz indi etməsini təsadüfi hesab etmək olmaz".

Bunun bir neçə səbəbinin olduğunu deyən politoloq söyləyib ki, Azərbaycan Otto Hauzerin də qeyd etdiyi kimi Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa qaz bazarına çıxır: "Üstəlik, Azərbaycan Türkmənistanla danışıqlar apararaq Xəzərin dibi ilə gələcəkdə Transxəzər qaz kəmərinin çəkilməsi və bu ölkə qazının da TANAP vasitəsilə Avropaya nəqli üçün danışıqlar aparır. Azərbaycan habelə İranla həmsərhəddir və ABŞ-ın bu ölkəni sanksiyalarla sıxışdırdığı bir dövrdə Azərbaycanla münasibəti yaxşılaşdırmaq, ölkəmizin əsas problemi Qarabağ məsələsinin həllində iştirak Avropaya Azərbaycanın İrana münasibətini loyallaşdırmaq imkanı verərdi. Avropa Birliyi ABŞ-ın və İsrailin Azərbaycan vasitəsilə İrana təsirini istəmir və buna görə də Qarabağ məsələsində fəallıq nümayiş etdirməklə İranın şimaldan təhlükəsizliyini təmin etmək istəyir. O, habelə, işğal olunmuş Qarabağ ərazilərindən ABŞ-ın İrana qarşı fəaliyyətinin qarşısını almaq üçün de-yurye münaqişənin həllinə qoşulub proseslərə nəzarət etmək istəyir".

N.Məmmədova qeyd edib ki, Cənubi Qafqazda iki ölkə - Ermənistan və Gürcüstan artıq böyük güclərin geosiyasi savaş poliqonuna çevrilib: "Tək müdaxilə oluna bilməyən dövlət Azərbaycandır. Azərbaycanla isə yalnız ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllinə kömək etməklə yaxınlaşmaq olar. Regiounumuzda Avropa Birliyi-Rusiya ittifaqının ABŞ-a qarşı dayandığını görürük və bu proses uzun zaman davam edə bilər. Fəxri konsulun münaqişənin həllində Avropa Birliyinin iştirakı təklifi avropalıların Qafqaz məsələlərində rolunu təbii ki, birə beş artıra bilər. Odur ki, AB-nin regionumuzda fəallaşması fonunda bu təklifin gündəmə gəlməsi gözlənilən idi".

Azərbaycanın bir neçə dəfə Almaniyanın ATƏT Minsk qrupunun həmsədri olması arzusunu ifadə etdiyini dilə gətirən politoloq vurğulayıb ki, erməni diasporunun təsiri altında olan Fransadansa Almaniyanın danışıqlarda həmsədr postu tutması daha yaxşı olardı: "Üstəlik ya Almaniyanın həmsədrliyə gətirilməsi, ya da Fransanın AB ilə əvəz olunması ermənipərəst Fransanın proseslərdə təsirini azaldardı. Avropa Birliyinin həmsədr olması təklifi ABŞ-ın dəstəyilə də səsləndirilmiş ola bilər. Belə olarsa, bu, son zamanlar Çin və Rusiya ilə yaxınlaşıb ABŞ-a qarşı yeni qütb yaratmaq istəyən, vahid Avropa ordusu yaratmaq istəyən, Ermənistanda Frankofoniya tədbirinə qatılıb Vaşinqtondakı bəzi dairələrin köməyi ilə hakimiyyətə gələn Paşinyanı öz nəzarətinə almaq istəyən, Gürcüstanda ABŞ-ın dəstəklədiyi Vaşadzeyə qarşı Rusiyanın adamı İvanaşvili ilə birləşib Fransa diplomatı və vətəndaşı olmuş Salome Zurabişvilini hakimiyyətə gətirən Fransaya ABŞ-ın tutarlı cavabı olar. Fransanı Minsk qrupundan uzaqlaşdırıb Avropa Birliyi ilə əvəz etmək Vaşinqtonun Makrona güclü zərbəsi olardı. Fransada son zamanlar davam edən igtişaşlar onsuz da Makrona okeanın o tayından edilən xəbərdarlıqdır".

Avropa Birliyinin həmsədr olmasına gəlincə N.Məmmədova əlavə edib ki, AB bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən, münaqişələrin sülh yolu ilə və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin vacibliyini vurğulayan bəyanatlar qəbul edib: "Ona görə də, onun bu prosesə artıq bəyanat verən tərəf kimi yox, həm də fəal tərəf kimi qoşulmaq təşəbbüsü gözlənilən və anlaşılan idi".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31